Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:24

Mərkəzi Bank rəhbərinin gizlətmədiyi incə məqam...


Manat
Manat

-

Yanvarın 19-da Milli Məclis «Əmanətlərin tam sığortalanması haqqında» qanuna da dəyişiklik edib. Yeni dəyişikliyə görə, hansı məbləğdə olur-olsun, bütün qorunan əmanətlər 3 il müddətinə tam sığortalanacaq. Fevralın 1-dən dəyişiklik qüvvəyə minəcək.

«ÖZ PULUNUZU BİZƏ VERİN...»

Qərarı AzadlıqRadiosuna şərh edən bank məsələləri eksperti Əkrəm Həsənov sözünə sualla başlayır: «Tam sığortalanma yaxşı şeydirsə, niyə bunu indiyədək etməyiblər?». O, daha sonra sualını belə əsaslandırır: «Axı onda pulumuz çox olduğundan, deməli, sığorta da daha əminli idi. Yəni o zaman iqtisadiyyatımızın əhalinin puluna ehtiyacı yox idi? Niyə pis gündə buna ehtiyac yarandı? Özü də Elman Rüstəmov bunu heç gizlətmir də. Deyir ki, tam sığorta üçillik olacaq. Yəni pis gün üçün nəzərdə tutulur. Bir sözlə, bank sahibləri sanki deyirlər: pulumuz tükənir, gəlin, öz pulunuzu bizə verin».

«BANKLARI DOLLARLA TƏMİN EDƏ BİLMİR, AMMA…»

Ekspertin sözlərinə görə, dünyanın heç bir yerində xarici valyutada olan əmanətə tam təminat verilmir: «Necə verilsin, axı? ABŞ Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini artıran kimi, dolların məzənnəsi hər yerdə artır. Belə şəraitdə kim əhalisinin dollar əmanətinə 100% təminat verər? Amma bizim Mərkəzi Bank deyir ki, veririk! Heç indinin özündə bankları dollarla təmin edə bilmir, amma 3 il müddətinə guya təminat verir. Niyə guya? Ona görə ki, dəfələrlə dediyim kimi, bizdə əmanətləri dövlət sığortalamır. Sığortalayan - hüquqi statusu və pulları necə idarə etməsi bəlli olmayan Əmanətlərin Sığortalanması Fondudur. Dövlətin əmanətlər üzrə heç bir məsuliyyəti yoxdur».

«ÖZÜ DƏ MÜFLİS OLACAQ»

Xatırladaq ki, «Əmanətlərin sığortalanması haqqında» qanunun 3-cü maddəsinin 4-cü bəndində deyilir: «Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır». Ekspert bu maddəni belə açıqlayır: «Yəni bir neçə bank müflisləşsə və sözügedən Fond onların əmanətçirlərinə əmanətləri qaytarsa, pulu qurtaracaq və özü də müflis olacaq. Bəs qalan bankların əmanətçilərinin taleyi necə olacaq? Onların əmanəti batacaq!».

«BANKLAR ƏHALİNİ ŞİRNİKLƏNDİRMƏK ÜÇÜN...»

Əkrəm Həsənov əmanətlərin qaytarılmamasına da toxunur: «Xeyli müddətdir ki, bəzi banklar əmanətləri qaytarmır. Mərkəzi Bank buna göz yumur, onları ləğv etmirdi. Nəticədə, əhalinin banklara etimadı tam sarsılıb. Nisbətən sağlam banklar da Mərkəzi Bankın yarıtmaz və zərərli fəaliyyətinin qurbanı oldular. Məhz buna görə, 2-ci devalvasiyadan sonra əmanətlərin bütün banklardan ellikcə çıxarılması başlayınca, aparıcı banklar əhalini şirnikləndirmək üçün mexanizmlər təklif etməyə başladılar».

«TAM SIĞORTA MEXANİZMİ NECƏ İŞLƏYƏCƏK»

Ekspertin fikrincə, əhalini sığorta mexanizminin səmərəliyinə inandırmaq çətin olacaq: «Qismi sığorta mexanizmi işləmirsə, tam sığorta mexanizmi necə işləyəcək? Buna görə də tez-tələsik «Bank of Azerbaijan»ı ləğv etdilər ki, baxın, sistemə etibar etmək olar, həmin bankın əmanətçiləri buyurub gəlsinlər Əmanətlərin Sığortalanması Fonduna, əmanətləri qaytarılacaq. Təbii, deyən də yoxdur ki, 2 ildə həmin bankdakı manat əmanətlərinin dəyəri devalvasiya nəticəsində azı iki dəfə aşağı düşüb. Deyən də yoxdur ki, 2 il ərzində, böyük ehtimalla, həmin bank mümkün kreditlərini geri alıb və sahiblərinə ötürüb, bu üzdən oradakı sığortalanmayan əmanətlər, faktik olaraq, batıb».

XS
SM
MD
LG