Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Azərbaycanda çay plantasiyaları niyə məhv edildi?


Hüseynqulu Məmmədov
Hüseynqulu Məmmədov

-

Azərbaycanda pambıqçılıq kimi çayçılıq da qara günlərini yaşayır. Baxmayaraq ki, son dövrlər bu sahəyə böyük pulların qoyulduğu deyilir. Hər il istehsal olunan çayın çəkisi azalır. Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkədə 474.2 ton çay yarpağı istehsal olunub. Bu rəqəm 2013-cü ilin göstəricisi ilə müqayisədə təqribən 20 faiz azdır. Həmin il 567.5 ton çay yarpağı istehsal olunmuşdu. Bəs böyük pulların xərclənməsinə baxmayaraq, hər il Azərbaycanda çayçılıq niyə geri gedir?

Azadlıq Radiosunun suallarına çayçılıq mütəxəssisi, kənd təsərrüfatı elmləri namizədi Hüseynqulu Məmmədov cavab verir:

- Siz son illərin göstəricilərini müqayisə edirsiniz. Əgər müqayisəni sovetlər dönəmi ilə aparsanız, geriləmənin daha böyük olduğunu görəcəksiniz. Məsələn, təkcə Lənkəran rayonunda 1986-cı ildə 16 min ton çay istehsal olunmuşdu. İndi bu rəqəmlərin müqayisəsi ilə geriləmənin səviyyəsini özünüz müəyyən edin.

- Yaxşı, Hüseynqulu bəy, Azərbaycanda çayçılıq niyə belə məhv oldu?

- 1992-ci ildə Lənkəranda 7 min hektar sahədə çay plantasiyası var idi. Biz 1 il ərzində bunu 7 min 200 hektara çatdırdıq. Ancaq o vaxt istehsal olunan məhsulun keyfiyyəti çox aşağı idi. Lənkərandakı müəssisələr müasir tələblərə cavab vermirdi. O vaxt Lənkəranda 5 çay müəssisəsi var idi. Onlar Gürcüstanda 1950-ci illərin texnologiyası əsasında quraşdırılmışdı. Yəni, bizim məhsul dünya bazarında rəqabətə girə bilməzdi. Mən o vaxt Azərbaycan parlamentinə təklif vermişdim ki, çayın əkildiyi sahələr özəlləşdirmədən kənarda qalsın. Çünki çayçılıq strateji sahədir. Üstəlik mən bilirdim ki, bu sahə özəlləşdirilsə, hərəyə 1-2 hektar çay sahəsi düşəcək. O adamlardan, bu 1-2 hektardan yığdıqları çayı müəssislərə satacaqlar. Bu müəssisələr də əhalinin pulunu verə bilməyəcək. Çünki dediyim kimi, rəqabətə davamlı müəssisələr deyildilər. Mən istəyirdim ki, həmin sahələr özəlləşməsin, dövlət həmin sahəyə pul qoysun, rəqabətədavamlı müəssisələr yaradılsın. Ancaq bunlar çay plantasiyalarını da özəlləşdirdilər və mən dediklərim eynən baş verdi. Əhali müəssisələrə satdığı çayın pulunu almayanda, çay kollarını kəsib orada pomidor, xiyar əkməyə başladılar. Beləcə çay plantasiyalarının kökü kəsildi.

- Bəs 90-cı illərin özəlləşdirməsindən sonra bu sahəyə bir sıra xarici şirkətlər cəlb olundu. Bunun xeyri olmadı?

- Onlar yerli istehsaldan çox idxala üstünlük verdilər. Lənkərandakı çay fabriklərindən birini dəyişdirib otel elədilər. O birilərinin də daşını-dəmirini satdılar. İndi guya Azərbaycana Hindistandan, Seylondan çay idxal edirlər. Hamısı yalandır. Həmin məhsullar Türkiyənin Rizə bölgəsində yetişdirilən çaydır. Azərbaycan hökuməti də çayçılığın inkişafında maraqlı olmadı.

- Sizcə, niyə?

- Çünki orada təmsil olunan məmurlar idxalla daha çox qazanırlar. Çay xeyirli və gəlirli sahə olsa da, gec gəlir gətirir. Pambığı əkirsən, 3-4 aya məhsul verir. Üzümü əkirsən, 2-3 ilə məhsul verir. Çayı isə əkəndən 7 il sonra məhsul verir. Bunlar 7 ili gözləməyib idxaldan qazandılar da. Halbuki çayçılıq ən xeyirli sahədir. Çay plantasiyalarına nə dərman verirsən, nə də gübrə. Orada işləyənlər tütün, pambıq plantasiyalarında çalışanlar kimi ekoloji problemlərlə də üzləşmirlər.

- Hüseynqulu bəy, Azərbaycanda çayçılığı gerçəkdə necə inkişaf etdirmək olar?

-İlk növbədə o sahədə monopoliya götürülməlidir. Dövlət bu sahəyə ciddi investisiya qoymalıdır. Həm yeni çay sahələri əkilməlidir, həm də müasir tələblərə cavab verən müəssisələr yaradılmalıdır. Lənkəran çayı, əslində, öz keyfiyyətinə görə Hindistan çayından belə geri qalmır. Yetər ki, düzgün emal edilsin. İndi satdıqları çaya isə boya qatıb rəngini dəyişirlər. Mənim atam da çayçı olub. Mən əsl çayın nə olduğunu yaxşı bilirəm.

Siz təsəvvür edin, sovet dövründə Lənkəranda çayçılıq sahəsində 30 min adam çalışırdı. Bu həm də yeni iş yerlərinin açılması olar. Son illər Lənkəranın dağlıq ərazisində guya 200 hektara yaxın çay plantasiyası salınıb. Əslində orada «pripiska» baş verib. Bu kimə lazımdır, mən bilmirəm?

XS
SM
MD
LG