Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:11

“Törətmədiyim cinayəti boynuma qoymaq istəyirlər”


İllüstrasiya
İllüstrasiya

►“Əllərindən gələni edirlər ki, hadisəni törədəni kənarda saxlayıb məni həbsə atsınlar”

Bakı şəhəri, Yasamal rayon sakini Əzizbala Məmmədov “Qaynar xətt”ə danışır ki, bu ilin yayında baş vermiş bir avtomobil qəzasına görə onu həbs etmək istəyirlər.

Deyir, iyulun 9-da Masazırdakı duz gölü yaxınlığından Novxanı istiqamətində şəxsi maşınıyla hərəkət edərkən başına yol qəzası gəlib.

Ə.Məmmədovun sözlərinə görə, arxadan yüksək sürətlə şütüyüb onun maşınını keçən “Nissan Qashqai” markalı avtomobil əvvəl onun maşınını cızıb. Həmin maşın yolda tez-tez istiqaməti dəyişdiyi üçün digər iki avtomobilə çırpılıb:

“FHN İŞÇİLƏRİ GƏLİNCƏ SÜRÜCÜ KEÇİNDİ”

“Mən, yanımda olan xalam oğlu və yoldan ötən başqa maşınların sürücüləri yaralılara kömək etdik. Əzilmiş “Mercedes”in sürücüsünü avtomobildən çıxarda bilmədik. FHN əməkdaşları hadisə yerinə təqribən 35 dəqiqəyə gəlib çıxdılar. Onlar gələnə qədər hadisə yerində olan həkimlər bildirdilər ki, sürücü keçinib. Bir qədər hadisə yerində qaldım. Sonra mən də hər kəs kimi maşınıma minib yoluma davam etdim”.

Əzizbala Məmmədovun sözlərinə görə, axşam evinə gələndə qapıda Post Patrul Xidmətinin maşınını görüb və polislər maşından düşərək ona hücum ediblər. Onlarla gəlmiş Abşeron rayon polis idarəsinin müstəntiqi Ayaz Kazımov sərxoş olub-olmamasını yoxlamaq üçün onu özü ilə məntəqəyə aparıb. Sərxoş olmaması barədə rəy aldıqdan sonra Abşeron Rayon Polis İdarəsinə gediblər. 3 saata yaxın izahatı alınıb. Maşını idarənin həyətində saxlanılmaq şərti ilə özü sərbəst buraxılıb.

Buna da bax: İcra nümayəndəsi niyə özünü öldürmək istəyib?

POLİS İDARƏSİNDƏ “SÜRPRİZ”

“Müstəntiq dedi, “maşına ekspert tərəfindən baxış keçirildikdən sonra xəbər edəcəm, gəlib apararsan”. Bir neçə gün sonra özü zəng vurdu, gedib maşını götürdüm. Elə bildim ki, məsələ bitdi. Sən demə, müstəntiqin əsas məqsədi sonra bilinəcəkmiş”.

Bu ilin noyabrında müstəntiq sürücüyə təkrar zəng vurub bir neçə sənədlə idarəyə gəlməsini tapşırır. Sürücü bu dəfəki çağırışa idarəyə gələndə sürprizlə qarşılaşır. Müstəntiq ona bildirir ki, barəsində cinayət işi var:

Buna da bax: "Qoy köçək, sonra sökün də binanı"- [Fotolar]

“Özü də əvvəl etiraf edirdi ki, bütün ekspertizalar və şahid izahatları təqsirin Nissan Qashqai avtomobilinin qadın sürücüsündə olduğunu sübuta yetirir. Ancaq sonradan həmin qadını zərərçəkmişə “çevirib”. Məni isə təqsirləndirilən şəxs edib. Əl izlərimi götürdü, məni hadisə yerindən qaçmaqda, qəzanı törətməkdə ittiham etdi. Dedi, yaxın vaxtlarda iş məhkəməyə gedəcək. Başa düşdüm ki, müstəntiq ölümlə nəticələnən ağır yol qəzasını hansısa maraqlardan mənim kürəyimə yükləyib. İndi də əlindən gələni edir ki, məni həbsə atsın”.

Buna da bax: Saakashvili vətəndaşlıqdan çıxarıldı

HÜQUQŞÜNAS: "BAŞ PROKURORA MÜRACİƏT ETSİN"

Hər an həbs təhlükəsi ilə üz-üzə qaldığını deyən sürücü nə edəcəyini bilmir.

Abşeron rayon Polis İdarəsindən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyi məsləhət gördülər. Mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Əlövsət Səfərov deyir, Əzizbala Məmmədov müstəntiqin hərəkətlərində qərəz olduğunu iddia edirsə, hələ ibtidai istintaq müddəti başa çatmamış bununla bağlı baş prokurora müraciət etməlidir. Müraciətində istintaq işinin Abşeron rayon Polis İdarəsindən alınıb başqa polis idarəsinə verilməsini və istintaqın baş prokuror tərəfindən nəzarətə götürülməsini xahiş edə bilər.

Məsələylə bağlı polisin də mövqeyinə yer ayırmağa hazırıq.

XS
SM
MD
LG