Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:31

«İşığı versinlər, bu camaat yazıqdır»


Natiq Kərimov
Natiq Kərimov

-

Bir həftədir işıqsız qalan Nardaran kəndində əhali soyuqdan əziyyət çəkir. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna deyib ki, məktəblərə, xəstəxanalara belə işıq verilmir. Havaların soyuq keçdiyi bu günlərdə işıq olmadığından əhali çıxılmaz vəziyyətə düşüb.
Natiq Kərimov kənddəki ümumi vəziyyətdən də danışıb:

- Qoşunlar burdadır. İşıqlar yanmır. Tutulanlardan xəbər yoxdur, ölənlərin məsələsi həll olunmayıb. Bax, belə bir vəziyyətdir. Ölənləri gətirib basdırıblar. Ancaq bilinmir ki, kim basdırıb, kimi basdırıb. Ölənlərin yaxınları soruşur ki, niyə harada basdırdıqları yeri demirlər? Belə olmaz axı. Basdıranda ata-anası, yaxını olmalıdır ki, bilsin bu filankəs idi, basdırıldı. Ölənlərin ailələri nigarandır. Adamları tutub aparırlar, onlardan da xəbər yoxdur. Camaat küçəyə çıxmır.

– Qəsəbədə mağazalar işləyir? Adamlar alış-veriş edir?

- Beş mağaza var, beşi də müflis olub. Mağazaya gedib bir şey alan yoxdur. Camaat küçəyə çıxmır, çünki adamları bu məhəllədən o məhəlləyə buraxmırlar.

– Evlərdə axtarışlar hələ davam edirmi? Daxili işlər naziri Ramil Usubov bildirdi ki, baş verən hadisələrlə bağlı 32 nəfər tutulub.

- Davam edir. Əlbəttə, gəlib yoxlamalıdırlar. Yoxlasınlar, araşdırsınlar, kimin günahı yoxdur, buraxsınlar. Buraxılanlar da var. Araşdırma gedir. Biz bunun əleyhinə deyilik. Qanunun aliliyi həll olunsun.

– Nazir onu da dedi ki, kənd sakinlərindən hələ heç kim onlarda olan silahları könüllü təhvil verməyib.

- Hər yerdə deyirəm. Mən bilsəm ki, kimdə silah var, onlardan qabaq gedərəm onun evinə, deyərəm, «ay ən aşağı adam, bu camaat sənə görə əziyyət çəkir, öləni basdırmaq olmur, yoldan keçmək mümkün deyil, mərasim keçirmək olmur. Silah nəyinizə lazımdır?». Qoy yoxlasınlar. Cinayətkar öz cəzasına çatmalıdır. Bu, birmənalıdır, başqa söz ola bilməz. Ən əsas işıq məsələsidir. Deyirlər, kəndin işığa 42 milyon borcu var. 42 milyon ola bilməz. Necə ola bilər axı? Burda zavod yox, fabrik yox. 5-6 ay əvvəl rəsmi şəkildə deyirdilər ki, 500 min borc var. 500 mindən 42 milyona necə gəlib çata bilər? Doğum evində, xəstəxanalarda, məktəblərdə belə işıq yoxdur. Yaşlılar, uşaqlar yazıqdırlar axı. Axtarış aparırsan, silah axtarırsan, Allah canınızı sağ eləsin, ancaq işıq verin. Camaatın təqsiri nədir?

– Rəsmi media küçələrdəki mənşəyi məlum olmayan bayraqların çıxarıldığını yazır.

- Bu bayraqlar Məhərrəmlik mərasiminə görə taxılmışdı. Gəlib bayraqları çıxarıblar. Camaatın dini hisslərinə toxunmaq olmaz. Onsuz da imamın qırxından sonra özümüz çıxaracaqdıq. Bir də deyirlər ki, Azərbaycan bayrağı taxılıb. Burda bəyəm Azərbaycan bayrağı yox idi? Bayrağımız bizim üçün müqəddəsdir. Hətta meydanda dəmirdən də üçrəngli bayrağımız var idi. Sonda bir də onu demək istəyirəm ki, qoşunlar düz edir axtarış aparır, əməliyyat keçirir. Daha yaxşı, başıpozuqluq olsa, qarşısını alarlar. Ancaq işığı versinlər, camaat nəfəs alsın.

Noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Atışma nəticəsində 2 polis əməkdaşı da daxil olmaqla 7 nəfər ölüb. Dekabrın 1-də qəsəbəyə daxili qoşunlar və hərbi texnika yeridilib. 30-dan çox adam həbs edilib.

XS
SM
MD
LG