Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:09

İran Müqaviməti azərbaycanlıları dəstəklədi


Məryəm Rəcəvi
Məryəm Rəcəvi

Mühacirətdə olan İran Müqaviməti Milli Şurasının rəhbəri Məryəm Rəcəvi “azərbaycanlı həmvətənlərə qarşı təhqiri bütün İran xalqının təhqiri kimi qiymətləndirdiyini” bəyan edib

Mühacirətdə olan İran Müqaviməti Milli Şurasının rəhbəri Məryəm Rəcəvi “azərbaycanlı həmvətənlərin etirazlarını alqışlayıb və onlara qarşı təhqiri bütün İran xalqının təhqiri kimi qiymətləndirdiyini” bəyan edib.

Xanım Rəcəvinin bəyanatında deyilir ki, Azərbaycan xalqının milli hisslərinin “antiiran molla rejimi” tərəfindən təhqiri ölkənin bütün etnoslarının, din və inanclarının təhqiri hesab edilməlidir.

O bütün iranlıları, xüsusən də gəncləri Azərbaycan xalqına dəstək verməyə çağırıb.

Rəcəvi Səttarxanı yada salıb

Xanım Rəcəvi “Azərbaycan xalqının İranın tarixindəki, konstitusiya və antimonarxiya inqilablarındakı rolunu” yada salaraq bildirib ki, İranda hazırda mövcud olan ruhani hakimiyyəti ölkənin bütün xalq və etnik qruplarına zülm edir.

Təbriz Universitetində azərbaycanlıların etiraz aksiyası, 10 noyabr 2015
Təbriz Universitetində azərbaycanlıların etiraz aksiyası, 10 noyabr 2015

Məryəm Rəcəvinin bəyanatında deyilir ki, “İrana Səttarxan, Hənifnejad və Xiyabani kimi oğullar vermis Azərbaycan” ölkədə demokratik quruluşun bərqərar olunmasında da müstəsna rol oynayacaq.

Ötən bazar ertəsi İranın Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil, Xoy, Marağa, Mərənd, Nağade, Meskinşəhr, Əhər və Muğan şəhərlərində azərbaycanılıların böyük nümayişləri keçirilmişdi. Nümayişçilər azərbaycanlıların İran dövlət televiziyasının verilişlərindən birində təhqir olunmasına etiraz edirdilər.

Tehran və Şiraz da daxil olmaqla ölkənin bir çox şəhərlərində etirazçılarla polis arasında toqquşmaların baş verdiyi xəbər verilib.

Ziddiyyətli təşkilat

İran Müqaviməti Milli Şurası (The National Council of Resistance of Iran) 1981-ci ildə Fransada yaradılıb və xaricdə olan iki parlamentdən birinə malikdir və öz bayrağı altında İranın dünyəvi və antiruhani müxalifətini birləşdirir.

Mücahedine-xəlq İraq ərazisində, 2003-cü il
Mücahedine-xəlq İraq ərazisində, 2003-cü il

İMMŞ-nin prezidenti Məryəm Rəcəvi hazırda Parisdə yaşayır. Onun təşkilatı ötən illərdə İran, Avropa İttifaqı və ABŞ arasında diplomatik-siyasi gərginliklərin səbəbi olub.

Bir vaxtlar Avropa İttifaqı, Kanada və Birləşmiş Ştatlar İMMŞ-nin bir qolu olan Mücahedine-Xəlq qruplaşmasını terrorçu təşkilatlar siyahısına daxil etmişdilər.

Lakin 2009-cu ildə Avropa İttifaqı, 2012-ci ildə isə ABŞ və Kanada təşkilatı bu siyahıdan çıxarıblar.

İMMŞ-in əsası Məsud Rəcəvi və İranın keçmiş prezidenti Əbülhəsən Bənisədr tərəfindən qoyulub. Bənisədr sonradan təşkilatı tərk edib.

XS
SM
MD
LG