Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

Astara gömrüyünün önündə sürücü iztirabları


Astara gömrüyünün önündə maşınlar.
Astara gömrüyünün önündə maşınlar.

-

Astara gömrüyünün önündə yüzlərlə minik maşını var. «Mercedes» markalı maşınlar daha çoxdur. Keçid qapısının önündə duran sürücülər İrandan gələnləri səbirsizliklə gözləyirlər. Qapı açılan kimi hamı ora can atır. Qulaq deyəni ağız eşitmir. Hərə istəyir ki, bu taya çıxan müştərini tez ələ keçirtsin. Belə vəziyyətdə İrandan gələn adam sürücüləri özündən kənara itələyir. Nəhayət, iranlı sürücü ilə razılığa gəlir. Hər ikisi qapıdan uzaqlaşırlar. Qalan taksi sürücüləri növbəti müştərini gözləməli olurlar. Gözlər qapıya dikilir. Səhər saatlarından sərhəd bağlanana qədər burda belə gərgin anlar yaşanır.

«RAYON NÖMRƏSİ OLAN MAŞINA MİNMİRLƏR»

Nəcəf adlı taksi sürücüsü deyir ki, bəzən həftələrlə müştəri olmur. Evə çörək almağa belə pul tapılmır. Onun ən çox narazılıq etdiyi isə rayon maşınlarının Bakıya buraxılmamasıdır:

«İrandan gəlib Bakıya getmək istəyənlər rayon nömrəsi olan maşına minmirlər. Bilirlər ki, problem olacaq. Rayon nömrəsi olan maşınlar müştərinin birini 10 manata, Bakı şəhər nömrəsi olan maşınlar isə 15 manat aparırlar. Əvvəllər müştəri olanda həftədə bir necə dəfə Bakıya getmək olurdu. İndi bir dəfə və ya iki dəfə gedə bilirsən. Müştərilər də əsasən səhər saatlarında olur. Bakıya 5-6 saatlıq yoldur, saat 2-3-də çatırsan. Orda isə şəhərə buraxmırlar. Çörək-vay olmuşuq».

«MOLLA ARAYIŞ VERMƏLİDİR?»

Sürücülərdən biri xahiş edir ki, şəkillərini çəkməyək. O deyir ki, adlarını da demək lazım deyil:

Bakıya getmək istəyənlər rayon nömrəsi olan maşına minmirlər.
Bakıya getmək istəyənlər rayon nömrəsi olan maşına minmirlər.

«Başım bir dəfə çəkib, daşımız ağırdır, qardaş. Burda hamı bir-birini güdür. Rayon maşınlarının Bakıya girişinin qadağan edilməsi işimizi tamamilə pozub. Bakı şəhərinin girişində saatlarla durmalı oluruq. Bəzən Bakının girəcəyində növbəyə duran maşınların uzunluğu 3 kilometrə çatır. Gülməli bir vəziyyət yaranıb. Xəstə və kənd təsərrüfatı məhsulu aparanlardan arayış istəyirlər. Xəstə Bakı şəhərinə girmək üçün pul verib arayış almaq məcburiyyətində qalır. Bəs Bakıya maşınla yas mərasiminə gedənlər nə etməlidir? Molla arayış verməlidir? Molla da deyir ki, gedin adam harada ölüb, oradan arayış alın. Bakı bizə arxa çevirib».

«RƏD OL BURADAN»

Söhbətimizə digər bir sürücü qoşulur. O deyir ki, prezidentdə günah yoxdur. İclas çağırmışdı, orda çox məsələləri açdı. Sürücü düşünür ki, ölkəni pis günə qoyan acgöz məmurlardır:

«Ötən ilin sonlarında Gürcüstandan minik maşını gətirdim. 4200 dollara almışdım. Azərbaycan gömrüyündə məndən 3800 dollar pul tələb etdilər. Yalvarıb, yaxardım 50 manat çıxdılar. Yenə xahiş edəndə mənə dedi ki, «rəd ol burdan». Həmin maşınla sərnişin daşıyıram, ailəmi saxlayıram. Rayon nömrəsidir. Burdan da Bakı problemi. İndi gəl yaşa. İrandan çıxanların əksəriyyəti müalicədən qayıdan Azərbaycan vətəndaşlarıdır. Bakı-Astara yolunun Masallı hissəsində yollar dağılıb. Heç kim baxmır».

Sürücülər arasında qaçhaqov düşür. İrandan qayıdan adamı bir anda dövrəyə alırlar. Hərə öz qiymətini deyir. Müştəri isə Bakı şəhərinə gedəcəyini söyləyir. Rayon nömrəli maşını olan sürücülər dağılışırlar…

XS
SM
MD
LG