Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Xəcalət (satirik televiziya pyesi)


Rəhman Əlizadə
Rəhman Əlizadə

- Rəhman Əlizadə

X Ə C A L Ə T

Satirik televiziya pyesi

İŞTİRAKÇILAR:

R E J İ S S O R

A P A R I C I

O P E R A T O R

A Ş I Q

D İ L Ə N Ç İ

P S İ X O L O Q

P R O F E S S O R

G Ö Y S A T A N

M Ü Ğ Ə N N İ

V Ə Z İ F Ə L İ A D A M

B İ R N Ə F Ə R

Televiziya studiyasında rejissor pultu.

R E J İ S S O R. Diqqət! Birinci kamera! Titr!

Studiyada aparıcı.

A P A R I C I. Yoxdur!!! Birinci kamera yoxdur!!!

R E J İ S S O R(pultda). Hardadır, hansı cəhənnəmdədir?!

A P A R I C I(studiyada). Allah bilir...

R E J İ S S O R. Vaalllah, bu məmləkətdə bir kimsədə abır-həya qalmayıb! Heç kəs öz bəd əməlindən bir damcı xəcalət çəkmir!

Operator əlində kamera canharayı studiyaya gəlir.

O P E R A T O R. Gəldi, gəldim! Düz beş dəqiqə gecikmişəm!

R E J İ S S O R. Iyirmi dəqiqə, iyirmi dəqiqə gecikmisən! Saatını geri çəkmisən!!!

O P E R A T O R. Atamın goru üçün saata əl dəyməmişəm!

R E J İ S S O R. Ala, kimə atırsan!? On dəqiqə özüm gecikmişəm, on beş dəqiqə Nurəngiz xanım! Hardaydın?! Toyda ola bilməzsən, hələ günortadır, ad günündəydin, kiçik toyda, yoxsa dəfn mərasimində? Vallah dövlətinizin gəlhagəlidir, məxluq hər nəyi var yadigar çəkib saxlayır gələcək nəsillər üçün. Sən hardaydın?!

O P E R A T O R. Vallah, xəcalət çəkirəm deməyə!..

R E J İ S S O R. Ola bilməz, sən xəcalət çəkirsən?!

O P E R A T O R. Atamın goru üçün çəkirəm. Bir varlı-hallı dostum var, apardı məni doğum evinə ki, oğlumun dünyaya gəlişini çək, böyüyəndə görsün necə gəlib dünyaya.

R E J İ S S O R. Sən də çəkdin?!

O P E R A T O R. Xəcalət çəkə-çəkə birtəhər çəkdim.

A P A R I C I. Nə qədər qazandız?

O P E R A T O R. Bir qara sent də qazana bilmədim!

A P A R I C I. Niyə?

O P E R A T O R. Oğul gözlədiyi vaxt, yazığın əkiz qızı oldu. Iflic oldu, ağzı əyilib çatdı qulağına.

R E J İ S S O R. Bəsdirin, bazar açdınız! Hazırlaşın! Diqqət! Birinci kamera! Titr!

Ekranda titr: “Aktual ekran”

R E J İ S S O R. Ikinci kamera! Ikinci titr.

Ekranda titr: “Xəcalət”

R E J İ S S O R. Üçüncü kamera! Diktor!

Ekranda Aparıcı.

A P A R I C I. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bildiyiniz kimi ölkəmizdə demokratiyanın və milli müstəqilliyimizin intişarı adamların ictimai fəallığını artırmış və hamımız bu qeyri adi fəallıq nəticəsində hadisələr burulğanına düşmüşük. Məhz belə bir şəraitdə oğru da, doğru da, xeyirxah da, bədxah da, kasıb da, kalan da, bir sözlə cəmiyyətimizin bütün təbəqələri ucu-bucağı görünməyən keçid dövründə fəal iştirak etmək əzmi ilə özlərini oda-közə vurur, kimisi qaz vurub qazan doldurur, kimisi də qaz ətinin ləzzəti barədə öz əhli-əyalına mühazirə oxuyur. Bütün dövrlərdə olduğutək indi də insan amili bizim üçün əsasdır...

Ekranda əlində saz Aşıq.

A Ş I Q. Gözəl, ceyran, Nurəngiz xanım, bizi çağırmısan ki, danışaq, amma özün dilotu yeyib çıxmısan meydana. Belədür də, ağrın alım, əvvəla salam! Ikincisi aşıq gördüyünü çalıb-çağırar. (Sazı köksünə basıb çalır.)

Ay yoldaşlar, bir zəmanə gəlifdi,

Yaxşı nə var itirifdi adamlar.

Nə erkək erkəkdi, nə dişi dişi

Itif namus, həya-abır, etibar.

Belədür də ağrın alım, biz dədə-babadan aşıq olmuşuq. Bu gördüyünüz saz ki, var babamın babasının babasından yadigardır. Kimləri görməyib, kimləri eşitməyib bu saz. Babam bu sazı məşhur Staxanovun toyunda çalıb oxuyub.

Qadasını aldığım Staxanov

Nə düşmüsən bu şaxtanın canına?

El qızını Nataşanı sevmisən,

Çıx şaxtadan, gəl gir onun yanına.

Babam deyərdi ki, Staxanov hərəkatı nəticəsində aşıq poeziyasındakı gerilik bir dəfəlik aradan götürüldü. Rəhmətlik atam deyir ki, müsibət əyyam idi! Yüzlüyün biri palazcan, zayomun biri gəbə boyda. Adam istəmirdi ki, dost-tanışın, xalqın qarşısında bir damcı da xəcalət çəksin. Buna görə də rəhmətlik atam eşidib biləndə ki, babam “Kommunist” qəzeti ilə sobanı alışdırıb əlüstü xəbər vermişdi ENKVD-yə, yazıq babamı mələdə-mələdə aparmışdılar Sibirə. Əyə, başqa aləmdi o vaxt, əqidə vardı, inam vardı, bəşərin vicdanı, eşqi ürəyi partiyamız vardı! Adam bilirdi nə yazır, kimin üçün yazır! Mən özüm “eşşəklərə naloq” dövründə yazıb yaratmışam. Adamın allahı var, yaxşı dövrdü. Əyə vurçatlasındı! Itləri, pişikləri göyə göndərirdik! Qadasını aldığım Laykaya onlarla qoşma yazdım, az qalmışdı Layka mükafatına layiq görüləm başlandı durğunluq dövrü. Sənin əziz canınçın, qızım, o dövrün də öz ləzzəti vardı. Gündə bir orden alırdıq! Nə xəcalət, nə filan! Bəxtəvər günlərdi! Bəs indi?! Toylar, məclislər biz aşıqlarsız keçir. Təzə oxuyanlar çörək pulu qazanmağa da mafar vermirlər. Heç çayxanalara da buraxmırlar bizi. Vallah, adam lap xəcalət çəkir! Nə böyüyə hörmət var, nə də kiçiyə! Vallah, xəcalət çəkirəm.

D İ L Ə N Ç İ. Qadan alım, aşıq qardaş, böyük kiçik məsələsində lap ürəyimdən tikan çıxardın...

A P A R I C I. Insan təbiətində elə cəhətlər var ki, məsələn-qısqanclıq, nifrət, məhəbbət, yalan, doğru–bunlar zamanların dərinliklərindən bu günəcən qaynayıb qalxıb qarşısıalınmaz vulkana çevrilib. Son vaxtlarda tamaşaçılarımızdan aldığımız çoxlu məktublardan aşkar görürük ki, onları maraqlandıran insan məziyyətlərindən biri də xəcalət hissidir. Bu mövzuda öz mülahizələrini sizinlə bölüşmək üçün studiyamıza cəmiyyətimizin müxtəlif təbəqələrindən bir-neçə adlı-sanlı şəxsləri dəvət etmişik. Tanış olun...

D İ L Ə N Ç İ. Nurəngiz xanım, icazə ver özüm özümü təqdim edim. (Əlini uzadır.) Əvvəlcə nəzirini ver işimiz avand olsun... Beş manat versən bəsimdir. (Alır.) Aşıq qardaş, sənin də Allah balalarını saxlasın... Min azdır... Min də qoy üstünə... Hə, belə. Adlı-sanlı məşhur dilənçi Karmen xatun! Əsil adım tamam başqadır, amma dilənçilər kruqunda hamı məni Karmen xatun çağırır. Yəqin Prosper Merimenin qəhrəmanı Karmenə çox oxşayıram. Ərim də dilənçidir. O da bizim kruqda Qarbaçov ləqəbi ilə məşhurdur. Qarbaçovun xalı alnındadır, əriminki isə gündəyməzində. Oğlum Qavroş, qızım Cületta, qayınatam Cühud Sadko, qaynanam mamaşa Kuraj hamısı dilənçilərdir. Heç birimiz dilənçilik peşəmizdən nə şikayətlənirik, nə də xəcalət çəkirik. Əvvəla bu dünya elə qurulub ki, hərə bir cürə dilənir, sadəcə olaraq dilənçi adını biz dilənçilərdən savayı kimsə öz üstünə götürmür. Məncə dilənmək çox qədim və şərəfli peşədir. Yoxsa qədim bayatılarımızdan birində-

Mən aşiqəm dilən, gəz,

Süsən-sünbül, dilən gəz.

Yad yerdə şah olunca

Vətənində dilən gəz!-fəxrlə deyilməzdi.

Bəs biz neyləyirik, ailəliklə öz vətənimizdə dilənib gəzirik. Mən hal-hazırda çağdaş dövrümüzdə dilənmək sənətinin yeni metodikası və poetikası mövzusunda elmi əsərimi bitirmişəm, fikrim var nəfis şəkildə nəşriyyatların birində nəşr elətdirəm. Lazım olar. Çıxışımın sonunda qaynanam Mamaşa Kurajın yenicə çapdan çıxmış “Dilənçi şarkıları” şeirlər kitabından bir şeiri sizinçün söyləmək istəyirəm.

Acından, suzundan dilənməyirəm,

Orada, burada sülənməyirəm,

Yel olub çöllərdə yellənməyirəm

Elimdə, obamda diləndiyimçün,

Xoşbəxtəm, bununla fəxr eyləyirəm.

(Çanta çıxarır.) Bu zənbildəkilər iş paltarlarımdır. Nurəngiz xanım, paltarlarımı harda dəyişə bilərəm. Tələsməliyəm, obyektdə, qaynanam əvəz edir məni. Qoca arvaddır, iş çox qorxuram birtəhər olar.

A P A R I C I. Karmen xanım, keçin qrim otağına. Bir çox telekanalların maraqlı verilişlərinin əvəzolunmaz iştirakçısı nümunəvi dəlixanalarımızdan birinin baş həkimi möhtərəm psixoloqumuz Məcnun Məcnunlu müəllim studiyamızdadır. Buyurun!

P S İ X O L O Q. Bilirsiz, belədir də... Mən sözün həm həqiqi, həm də məcazi mənasında öz dəlixanamızın demək olar ki, bütün dəlilərindən xəcalət çəkirəm. Heç birində qətiyyən dəlilik əlamətləri demək olar ki, yoxdur. Hünərin var birinin ətini, yağını on qram əskik ver. Səhəri Avropa şurasından tökülüşüb gələcəklər dəlilərin haqlarını müdafiə etməyə. Nə isə çox şübhəm var müasir dəlilərə. Məncə onların heç bir perespektivi yoxdur. Əvvəllər ümid dəlilərə idi. Görürdün ki, yüz ağıllı fikirləşənəcən bir dəli vurub çayı keçirdi, ağıllılar da baxıb görürdülər ki, çay dayazdır onlar da dəlinin ardınca düşüb çayı keçirdilər. Sonra bir dəli götürüb quyuya bir daş salırdı yüz bekar, avara, tufeyli ağıllı toplaşıb bu daşı quyudan çıxarmağın təhərini axtarırdı. Kim tapırdısa ən aşağısı kandedat nauk olurdu. Ən ümdəsi, aləmi yalan-palan, haqsızlıq, insafsızlıq bürüyəndə bir də baxıb görürdün ki, bir dəli lümlüt olub çıxdı meydana, bir-neçə ədəbsiz, tərbiyəsiz hərəkətlər edib ağlından gələni söylədi, əlüstü meydanda canlanma olurdu, meydana toplaşanlar bir-birinə pıçıldayırdılar, “buna bax a, dəlidən doğru xəbər”! Bütün məmləkətə pıçhapıç düşürdü, doğrudur axırda dəlini lümlüt olduğuna görə o ki, var əzişdirirdilər, nə yemisən turşulu aş,-deyib dədəsini dalına sarıyırdılar. Bununla belə cəmiyyətdə nə isə baş verirdi–dəlilərin sayəsində. Indi isə vallah, adam dəlilərdən də xəcalət çəkir, ağıllılardan da...

(Karmen xatun dilənçi geyimində gəlir.)

D İ L Ə N Ç İ. Hə, Nurəngiz xanım mən hazır. Deyəsən tanımadınız. Hə, bizim sənətimizdə Stanislavskinin şkola prijivaniyası kara gəlməz, effekt otçujdeniya qadasını aldığımdır əsas. Bunu da deyim ki, yaxşı dilənməkçün müqəddəslərin adlarını əzbərləmək vacib deyil. Baxın, əsas səmimilikdir. Istəmirəm, mənə çörək pulu lazım deyil, varımdır, çörəyim də var, suyum da ətim də yağım da... Oğlumu evləndirəcəyəm... Otuz yaşı var (əslində on yaşı var) indiyəcən evlənməyib... Evi yoxdur... Ev almalıyam... Kömək edin... Siz allah kömək edin... Yoxsa nəslimiz kəsiləcək yer üzündən... (Pul alır.) Gördüz... Effekt otçujdeniya... (Mobil telefonu çıxarıb nömrəni yığır.) Adə, Qavroş, get nənəşkəni obyektdə əvəz elə, gedib çaydan-çörəkdən yesin. Burda yaxşı iş çıxıb, bir saata gəlirəm. (Telefonu çantaya atır.) Nurəngiz xanım sizdən almışam, psixdən almışam, hə kimin nəziri, fitrə-zəkatı var versin. Qadasını aldığım bığlı-şapkalı əmi, yaşıl gözlərindən göysatana oxşayırsan ver gəlsin...

G Ö Y S A T A N. Bura bax, daydostu, mən hirslənəndə bu yaşıl gözlərin qıpqırmızı olmasını görmüsən? Çalış heç vaxt görməyəsən. Get axtar hərifüvü tap! Nurəngiz boci, bulara üz göstərməyin, üz göstərəndə astar da istəyirlər. O ki, qaldı xəcalətə. Ala, mən ölüm intresnı sözlər danışırsız e! Aləm dəyib bir-birinə, it-yiyəsini tanımır, siz də başlamısız xəcalət belə gəldi, elə getdi. Əvvəla mənim işim–alver elə bir sahədir ki, xəcalət nə olduğunu gərək ömürbillah yadından çıxarasan. Mənim rəhmətlik dədəmin-rəhmətlik satıcı işləyib-qiyamət bir poslovissası var, deyərdi “əgər satıcı xəcalət çəksə tərəzi düz çəkər, tərəzi də düz çəkdi–nə alver, nə ticarət, ondansa get lyotçik işlə, mən ölüm! Mən bazarda göy-göyərti, xiyar-pomidor, kartof-soğan, nə isə torpağımızın yetirdiyi hər cürə nemət... Məndə bir damcı abır-həya olsa gərək satdığımın yarısından çoxunu saf-çürük eləyib tollayım zibilliyə. Mən ölüm, bu xəcalət ki...

N U R Ə N G İ Z. Üzr istəyirəm, göysatan müəllim, studiyamıza telefon zəngi var. Eşidirik...

S Ə S. Salam, Nurəngiz xanım. Bayaqdan verilişinizə baxıram, bir nəfər adlı-sanlı, mərifətli, savadlı adam gözümə dəyməyib. Göysatan, Dilənçi, çayxana aşığı nə bilim daha nə...

N U R Ə N G İ Z. Xahiş edirəm bir qədər ucadan danışın, bir də özünüzü təqdim edin.

S Ə S. Müqəddəs Valentin universitetinin üçüncü kurs tələbəsi Xatakar Qırışmallı...

P R O F E S S O R. Adə Xatakar, utan, qızar, ayıbdır! Adam mərd olar, kişi olar! Tfu sənin!

N U R Ə N G İ Z. Sizə nə oldu möhtərəm professor. Sakit olun!

P R O F E S S O R. Ayıbdır, vallah, ayıbdır! Adam bu gənclərin yerinə xəcalət çəkir. Biz də kiçik olmuşuq, böyük görmüşük, böyüklərə hörmət-ehtiram göstərə-göstərə yaşa dolub ağsaqqal olmuşuq. Dişlərini ağartma mənimçün. Elə bilirsən burdan görmürəm oturub hırıldayırsan televizorun qabağında. Adam mərd olar, kişi olar, hər gördüyünü gedib orda-burda arvad xaylağıtək gəvəzəlik eləməz. Tfu sənin! Yaxşı, qadan alım, tutaq ki, mən sərxoş olub yıxılmışam evinizin dalanında! Qoca kişiyəm də, şəksiz ki, araq mənə daha çox təsir edəcək, nəinki sənintək supa kimi oğlana. Görürsən yıxılmışam, mərifətin olsun, gəl qaldır, apar sal mənzilimə. Daha car çəkib küllü-aləmi mənim üstümə tökmək nəyə lazımdır? Utan, qızar, ayıbdır! Tutaq ki, mən mənzilimin açarını qapının açaryerinə soxmaqdansa soxmuşam məni arxasına alıb pilləkanlarla dördüncü mərtəbəyə qaldıran polis nəfərinin qulağına, o da “vay qulağım”-deyib buraxıb məni çiynindən, mən də kəlləmayallaq gəlmişəm dördüncü mərtəbədən aşağı!... Hırıldama, adam biqeyrət olmaz! Sənə nə düşüb gedib bunu kursunuza car çəkirsən? Mən də mühazirə oxumağa gələndə bütün tələbələr ayağa qalxıb “vay qulağım”-bağırıb məni lağa qoyurlar! Baban yaşındayam, ayıbdır, yaşıma, ağ saçlarıma hörmət eləmirsənsə heç olmasa professorluğuma ehtiram göstər. Irişirsən!? Iriş! Iriş.! Ay həyasızın oğlu, nə girləmisən məni, nə düşmüsən dalımca qarabaqara?! Ay vələdüzna, sən hardan bildin ki, mən filan mikrorayonda, filan kadının mənzilindəyəm?! Tutalım ki, təsadüfən gəlmisən! Qadan alım, əcəb eləmisən, cavanlıqdır da. Indi ki, gəlmisən, ədəb-ərkanla gözlə növbən çatsın da! Ə, adam mərd olar, kişi olar! Ayıbdır! Tutaq ki, dişlərimi tapmısan kadının yastığından... Tapmısan, əcəb eləmisən. Qoca kişiyəm, protesdir şoğəriblər də! Ta niyə aparıb kursunuzda nümayiş elətdirirsən? Ə, mənim dişlərimi patokda nümayiş elətdirəndə heç xəcalət çəkmədin, utanıb qızarmadın, yerə girmədin?! Vallah mən sənin yerinə xəcalət çəkirəm. Yaxşı qadan alım, nümayiş elətdirdin, indi qaytar özümə də. Indi bir protest diş qayırtdırmaq odubahasınadır. Utan ə, üç gündür çörək yeyə bilmirəm. Ay belə çörək tutsun harda sənintək həyasız, utanmaz, sırtıq cavan var onun gözlərini... Ay belə sənin... (Özündən lap çıxır.)

N U R Ə N G İ Z. Möhtərəm professor... Möhtərəm professor... Özünüzə gəlin, sakit olun... Bəlkə təcili yardım çağıraq...

M U Ğ Ə N N İ. Nurəngiz xanım, təcili heç nə lazım deyil. Bu saat səksəndirici bir mahnı oxuyaram, möhtərəm professor əlüstü özünə gəlib dimdik olar, hələ üstəlik... Ha-ha-ha... (Oxuyur.)

Gəl məni bas bağrına,

Məlhəm qoy hər ağrına.

Qaşqabaq tökmə belə,

De görüm neyləmişəm.

At məni, tut məni,

Nartəkin oynat məni...

Hə professor, özünüzə gəldiniz... Ha-ha-ha... Hiss olunur... Bir də bu yaşdan sonra neyləyirsiz qoyma dişləri? Yumşaq şeylər yesəniz diş-miş gərəyiniz olmaz. Ha-ha-ha... Nə yazıçılar birliyinin, nə rəssamlar, nə teatr xadimləri, nə də bəstəkarlar ittifaqlarının üzvüyəm. Heç aləmi bürümüş diplomlu-diplomsuz jurnalistlərin də üzvü deyiləm. Amma istər yazarların, istər rəssamların, istər artistlərin, istər bəstəkarların, istər jurnalistlərin bir mötəbər məclisləri, yığıncaqları, qurultayları olsa mən orda fəxri qonağam. Cəmiyyətimizin heç bir təbəqəsi məni yaddan çıxarmır, çıxara da bilməz. Indiki zəmanədə hörmət-izzət qazanmaqçın xəcalət çəkmədən nəinki sinəni, nəyin var qabağa verməlisən. Indiki südəmər müğənnilər elə bilirlər ki, soyunub klip çəkdirməklə ad-san qazanacaqlar. Yox, məsləhətləşmək lazımdır, nu mənimtək, qeyri təvazökarlıq olsa da ha-ha-ha, dünya şöhrətli xanımlarla. Əgər gənclər məndən məsləhət almaq istəsəydilər deyərdim, bu dünyada xəcalət çəkmədən ad-san qazanmaq istəyirsizsə hamının xəcalətindən vaxtında və yerində çıxın. Ha-ha-ha!

V Ə Z İ F Ə L İ A D A M. Bravo, bravo. Siz həmişə olduğutək qenialnısız. Xanımlar və janablar xamınızdan qabaqdan uzur istəyiram. Man ışımla alaqadar olaraq oz dılımı yaxşı bilmir, fransız, inqilis, rus, alman bilir, amma ana dılı o soz. Amma xajalat çakmamakçın oz dılımda danışajaqam. Da! Bilırsız mən heç vaxt xajalat çakmamışam, xeç siqaret də çakmamışam, araq da içməz. Olmaz! Xamışa xarıjı olkalar, nada vesti sebya sderjano! Manım xeç naslımda da xajalat çakan yadıma qalmır. Atam yaxşı kişıydı, vazıfa almaqçın xamışa onun-bunun ayağından çakdı, amma heç vaxt xajalat çakmadı. Olanda dedi: sınok, raxmatlık rusca yaxşı bılırdı, ya nikoqda neznal stıda, zaveşşayu-nekoqda, nezaşto ne stıdis!.. Dedi va xajalat çakmadan çezdi, qetdi. Bele... Man da o vaxtdan xeç vaxt xajalat çakmadım. Bu sababdan xamışa manı qabağa çakıblar. Bir vazıfa vardı, oranı xeç jur tuta bilmirdim. Bir izvestnı adamın qızını qozaltı elədim. Qızın bir buldoku vardı mandan irıydı. Bir dafa bulvarda diz çokdum qızın qabağında xajalat çakmadan opdum onun buldokunun uzundan. Buldok padles də başladı manım uzumu yalamağa, bu qızın xoşuna qaldı, verdi mana ureyini. Evlandıq, qabağa çakıldım. Belaja qabağa çakılmakçın birinin pişiyini opdum, o birinin bulbulunu yaladım, na ağrınisa çox-çox yerlərdəan opdum, xajalat çakmadım.

A Ş I Q. Ağrın alım, canuvu yeyim, elə beləcə yaşa, heç vaxt xırda-para şeylərçün xəcalət çəkmə.

P S İ X O L O Q. Dünyanın elə zayı çıxıbdır ki, nə ağıllıya nə də dəliyə xəcalət çəkməyi məsləhət görmürəm.

G Ö Y S A T A N. Halal olsun, dayday, gözəl məsləhətdir.

P R O F E S S O R. Mənim son sözüm gənc nəslədir, çalışın sizin ucbatınızdan yaşlılar xəcalət çəkməsinlər.

M Ü Ğ Ə N N İ. Ha-ha-ha, elədir möhtərəm professor, elədir.

D İ L Ə N Ç İ. Canım-gözüm, xəcalətli düşmənlərimiz olsun. Nəzirinizi verin.

A P A R I C I. Siz getməmisiz, hələ burdasınız?

D İ L Ə N Ç İ. Belə mənfəətli obyektdən hara gedəcəyəm. Ikinci mərtəbədə idim...

A P A R I C I. Hörmətli tamaşaçılar, verilişimiz sona çatır. Arzumuz budur ki, elə yaşayasınız ki, xəcalət nə olduğunu heç vaxt bilməyəsiniz.

A Ş I Q(sazını köksünə basır). Elədir ağrın alım!

(Çalıb-oxuyur.)

Nə qaraya inan, nə ağı ağ bil,

Nə dərəyə aldan, nə dağı dağ bil,

Nə ölüyə ağla, nə sağı sağ bil,

Kimsə bilməz baş verən gərdişləri,

Baş-ayaqdır bu dünyanın işləri.

Rejissor pultundakı manitorda Aşıq çalır. BİR NƏFƏR qəzəbli içəri girir.

B İ R N Ə F Ə R. Bu nə biabırçılıqdır?!

R E J İ S S O R. Nə olub ki, qardaş?

B İ R N Ə F Ə R. Necə yəni nə olub. Bu nə verilişdir?! Heç xəcalət çəkirsiz bu verilişdən?! Tez de görüm kim hazırlayıb bu biabırçı verilişi?! Verilişi hazırlayanların adlarını söylə görüm! Tez söylə!

R E J İ S S O R. Əsəbiləşmə, bu saat! Üçüncü kamera!

Ekranda tamaşanı hazırlayanların adları görünür.

XS
SM
MD
LG