Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:50

Keçəlin toyu (pyes)


- Rəhman Əlizadə

K E Ç Ə L İ N T O Y U

Kilimarası tamaşası üçün iki hissəli məzhəkə

İŞTİRAKÇILAR:

A K T Y O R

Onun oynadacağı oyuqlar:

K E Ç Ə L

K O S A

B A H A R-Kosanın qızı.

K E Ç İ

Q U L E Y B A N I

H Ə K İ M

X A N Ə N D Ə Q I Z

R Ə Q Q A S Ə L Ə R

S E H İ R L İ T O R B A

B U Z O V U N Q U Y R U Ğ U

Q A T I R I N K Ə L L Ə S İ

Tamaşanı zurnaçılarla nağaraçı müşayət edirlər.

BİRİNCİ HİSSƏ

Çalğıçılar oynaq hava çalırlar, Aktyor kilimin qarşısına gəlib rəqs edir.

A K T Y O R.

Hörmətli xanımlar, izzətli bəylər!

Xoş gördük, gün aydın!

Qoy ulu göylər

Sizi hər bəladan

Özü hifz etsin!

Cəmi umulular murada yetsin!

Mətləbə keçirəm salam-kalamdan,

Rica eləyirəm dumbulçalandan,

Çırtma vursun dümbəyə aram ilə

Deyim sizə niyyətimi vam ilə.

Nağaraçalan dəmyə vurur. Aktyor bədyə deyir.

Yurdumun saysızdır zövq-səfası,

Bunlardan biridir kilimarası.

Tamaşanın o çox qədim növüdür,

Oyuqların eşiyidir, evidir,

Qərinələr ötsə də o dövrüdür,

Təptəzədir onun palaz-xalısı,

Amma çox qədimdir kilimarası.

Burdan gərək artist çıxa meydana,

Nə tələsə, nə də azca yubana.

Oyuqlarla təkbaşına davrana,

Ucalmalı ərşə alqış sədası,

Məzəlidir, şəndir kilimarası.

“Keçəlin toyu”-dur bizim tamaşa.

Tamaşamız müvafiqdir hər yaşa.

Baxacaqsız fasiləsiz, birbaşa

Çalğıçılar çalsın oyun havası,

Göstərim mən sizə kilimarası.

Çalğıçılar oyun havası çalırlar, Aktyor rəqs edərək kilimin arxasına keçir. Musiqi bitir. Aktyor başını kilimdən çıxarır.

A K T Y O R. Hə, biri vardı, biri yoxdı, yer üzündə aqil azdı, belə ki, azdan da azdı, axmaq çoxdı, belə ki, çoxdan da çoxdı, canım sənə desin, aqillərin əksəriyyəti xaki-məzəllətdə, axmaqların da ən axmaqları mötəbər idilər. Müxtəsər, əlqərəz, məxləs, atan yaxşı, anan atandan da yaxşı,sənin də qadavu alım, belə bir əyyamda bir Keçəl vardı. Keçəl, nə Keçəl! Başında and içmək üçün bir dənə də tükü yoxdı.

Çalğıçılar çalırlar, Keçəl oxuyaraq gəlir.

K E Ç Ə L.

Mən aşiqəm gül əllər,

Ağ biləklər, gül əllər.

Dəryaca ağlın olsa

Yoxsul olsan gülərlər.

Ay zamana, zamana,

Oxu qoydun kamana.

Eşşəklər arpa yeyir,

At həsrətdir samana.

A K T Y O R. Yəqin əlüstü duydunuz ki, Keçəl yoxsuldu, bir həsirdi, bir də Məmmədnəsir, özü də qəpiyə güllə atırdı.

K E Ç Ə L. Bu da söz danışdı da. Gülləm olsaydı, onu atmağa tüfəngim olardı, tüfəngim olsaydı, daha gülləni qəpiyə niyə atırdım? Tüfəngim olsaydı, tüfəngim olsaydı... Ah, tüfəngim olsaydı!..

Kosa peyda olur.

K O S A. Part!!!

Keçəl qorxub yıxılır.

K O S A. Adə, qırışmal, tüfəngin olsaydı neylərdin?

K E Ç Ə L(özünə gəlir). Kosa sənsən? Xoş gördük! A Kosa, Kosa gəlsənə, gəlib salam versənə...

K O S A. Saxla görüm! Mən sən gördüyün Kosa deyiləm, mən indi qazıyam!

K E Ç Ə L. Belə çıxır ki, bizim mahalın qazısı sənsən?

K O S A. Bəli, bəli!

K E Ç Ə L. Kosa-qazı?! Ola bilməz! (Qahqanaq çəkib özündən gedir.)

K O S A. Özünə gəl! (Keçəli sillələyir.)

K E Ç Ə L(özünə gəlir). Deməli mahalımızın qazısı indi sənsən?

K O S A. Dedim ki, mənəm, mənəm!

K E Ç Ə L. Hirslənmə, niyə hirslənirsən? Əgər bizim mahalın qazısı sənsənsə, onda Bahar xanım da sənin qızın olmalıdır...

K O S A. Bəli, bəli, mənim qızımdır Bahar xanım. Nə demək istəyirsən?

K E Ç Ə L. Bayaq soruşdun ki, tüfəngim olsaydı neylərdim? Soruşdun da, elə deyil? Soruşdun, soruşmadın?

K O S A. Bəli, soruşdum! Soruşdum ki, ay qırışmal, tüfəngin olsaydı neylərdin?

K E Ç Ə L. Indi ki. Soruşdun, onda dinlə: Adə, nağaraçı, çal görək.

(Ahənglə oxuyur.)

Tüfəngim olsaydı, yola çıxardım,

Rast gələn atlını atdan yıxardım.

Tullanıb minərdim atın belinə,

Sığal çəkərdim, yalına, telinə.

Çapıb gələrdim mən sizin saraya,

Bir-iki güllə boşaldardım havaya.

Qızın çıxardı səsinə güllənin,

Tez əyilib qucaqlayardım belin.

Alıb onu tez evimə çapardım,

Qiyamət bir toy məclisi yapardım.

(Ağzında “Vağzalı” çalır. Süzə-süzə oynayır.)

Adə, vurrey, Keçəllə Bahar xanımın toyudur! Part-part! Vurrey!

K O S A. Yapardın?! Mənim qızımla?!

K E Ç Ə L. Əvət!

K O S A. Zəhrmar əvət, çor əvət, zəqqum əvət! Keçəl başa qızıl daraq?! Belə sən öləsən!

K E Ç Ə L. Gələcək qayınatam olmasaydın, deyərdim: özün öləsən!

K O S A. Necə, mən sənin qayınatan?!

K E Ç Ə L. Əvət, üstəlik–mən də sənin kürəkənin!

K O S A. Sən mənim kürəkənim? Səni belə allah vurmuşdu!!!

K E Ç Ə L. Gələcək kürəkənin olmasaydım, deyərdim: allah vursun belə sənin özünü! Bir də burda təəccüblü nə var ki, Kosanın kürəkəni Keçəl olar da!

K O S A. Burda deyirlər e, keçəl başını yudu da, daradı da!

K E Ç Ə L. Bir də deyiblər: keçəlin bəxti üzdə olar.

K O S A. Yadında möhkəm saxla, bir də deyiblər ki, keçələ kosa qənim olar! (Keçəli kötəkləyir.)

K E Ç Ə L. Vay başım, vay başım!

K O S A. Ölsən də qızımı sənə verməyəcəyəm!

K E Ç Ə L. Ölsən də qızını alacağam!

K O S A. Onda al gəldi! (Keçəli kötəkləyir.)

K E Ç Ə L. Vay başım! Vay başım!

K O S A. De ki, almayacam!

K E Ç Ə L. Alacam! Alacam! Alacam!

K O S A. Ala bilməyəcəksən!!!

K E Ç Ə L. Niyə?

K O S A. Ondan ötrü ki, tüfəngin yoxdur! Tüfəngin yoxdur, atın da olmayacaq!

K E Ç Ə L. Indi ki, belə oldu, tüfəngim olsa da alacam, olmasa da alacam!

K O S A. Onda al gəldi! (Keçəli kötəkləyir.)

K E Ç Ə L. Vay başım! Vay başım!

Aktyor başını kilimdən çıxarır.

A K T Y O R(Keçələ). Bura bax, bu səni qapazlayacaq, kötəkləyəcək, sən də elə çığıracaqsan, vay başım, vay başım?

K E Ç Ə L. Bəs neyləyim?

A K T Y O R. Ya cavabını ver, ya da aradan çıx.

K E Ç Ə L. Cavabını verə bilmərəm, çünki gələcək qayınatamdır, aradan da elə-belə çıxmaq tamaşanın dramaturji gərginliyini azaldar. Nə isə olmalıdır ki, aradan çıxam.

A K T Y O R. Nə olmalıdır?

K E Ç Ə L. Nəsə əcayib, əndərəbadi bir şey olmalıdır.

K O S A. Dəvə!

K E Ç Ə L. Yox...

K O S A. Tovuz quşu!

K E Ç Ə L. Yox...

K O S A. Onda dəvəquşu!

K E Ç Ə L. Yox! Hə, quleybanı! Quleybanı!

K O S A. Necə quleybanı?! Vaxsey, quleybanı, şaxsey quleybanı!.. (Özündən gedir.)

K E Ç Ə L. Hə də... Mindi quleybanıya, getdi həkimxanaya.

A K T Y O R(nağaraçalana). Nağaraçalan, indi ki, belədir, dəmyə vur!

Nağaraçalan dəmyə vurur, Quleybanı gəlir.

Q U L E Y B A N I. Keçəl, mən sənin qulluğunda müntəzir. Min görək!

K E Ç Ə L(Quleybanının belinə minir). Mən də hazır!

Q U L E Y B A N I(oxuyur).

Keçəl, Keçəl banıya,

Mindi Quleybanıya,

Getdi həkimxanaya,

Həkimxana bağlıdır,

Keçəlin başı yağlıdır.

Keçəl dedi:

K E Ç Ə L.

Vay, başım!

Qazanda qaynar aşım.

Aşımı yeyən olaydı,

Dərman deyən olaydı.

Başıma tük gələydi,

Q U L E Y B A N I.

Bahar xanım səni sevəydi.

Quleybanı Keçəli götürüb aradan çıxır. Kosa özünə gəlir.

K O S A(Aktyora). Hara getdi o haramzadə, vələdüzna Keçəl! Onun başı batsın!

A K T Y O R. Yazığın başına o qədər vurdun ki. Getdi həkimxanaya başına yağlı xəmir saldırsın.

K O S A. Ay belə onu yazıq ilan çalsın. Yox, nə qədər iş-işdən keçməyib gərək qızımı çağırıb xəbərdar edəm, yoxsa qurumsaq götürüb qızı qaçar, rüsvayı cahan ollam.

A K T Y O R. Çağırmaq lazım deyil, Bahar xanım çiynində kuzə bulaqbaşından birbaşa bura gəlir. (Çalğıçılara) Çalğıçılar, burda bir xəfif musiqi!

Çalğıçılar xəfif musiqi çalırlar, Bahar sındıra-sındıra gəlir.

B A H A R(oxuyur).

Mən bir qızam utancaq,

Yaxamda vardır sancaq.

Məni öpüb oxşayan

Görəsən kim olacaq.

Dağ başında qar olar,

Bir söz desəm, ar olar;

Ərgənlik qızlar üçün

Ata evi dar olar.

At məni, tut məni,

Nar kimi oynat məni.

(Atılıb-düşür.)

K O S A. Qızım!!!

B A H A R. Bəli, dədə... (Utanır.)

K O S A. Niyə atılıb düşürsən?!

B A H A R. Utandığımdan atılıb düşürəm, dədə.

K O S A. Bərəkallah, mənim ağıllı qızım. Abırlı qızlar gərək utancaq olsunlar. Indi isə mənim sənə bir tövsiyyəm var, qulaq as. Özünü Keçəldən qoru, qoyma ki, sənin saqqızını oğurlasın.

B A H A R. Ay oğurladı ya, onun keçəl başıyçın, saqqızımı ona niyə verirəm, elə özüm çeynərəm də. Min il də qala o mənim saqqızımı oğurlaya bilməz, xatircam ol, dədə.

K O S A. Ay mənim ağıllı qızım! Bax a, özündən muğayıt ol, Keçəl əlləşib-vuruşacaq ki, səni yoldan çıxarsın! Yoldan çıxma ya!

B A H A R. Allah döymüşdü onu, yoldan qoy özü çıxsın, mən niyə çıxıram?

K O S A. Ay sağ ol, mənim həyalı, abırlı, ağıllı qızım.

Keçi mələrtisi eşidilir.

K O S A(qorxaraq). Vay, bu nə səsdir?!

B A H A R. Dədə, bizim keçinin mələrtisidir. Deyəsən yenə buxovunu qırıb. Özü də düz bura gəlir.

K O S A. Vay, bu keçi deyəsən mənim axırıma çıxacaq, buxovunu qırantək qatır məni qabağına!

Keçi gəlir, Kosaya hücum çəkir. Çalğıçılar şikəstə çalırlar.

K E Ç İ.

Əziziyəm, mələrəm,

Mərd-mərdanə mələrəm.

Südümdən namərd içsə,

Fəryad edib mələrəm!

Mələrəm, hey, mələrəm!

(Kosanı buynuzlayır.)

K O S A(oxuyur).

Nənəm, a xallı keçi,

Məməsi ballı, keçi,

Buynuzlama. Səninçün

Oynayım yallı, keçi!

(Yallı gedir.)

K E Ç İ. Yallı yox, lap qaytağı da oynasan, buynuzlayacağam!(Qəzəblə mələyir.)

K O S A. Niyə?!

K E Ç İ. Özün yaxşı bilirsən! (Eyhamla mələyir.)

K O S A. Onda, ay haray! Kömək eləyin!

Musiqi. Keçi Kosanı buynuzlayıb qovur. Kosa, Keçi və Bahar gedirlər.

A K T Y O R. Hə, Keçi Kosanı qabağına qatıb qovdu düz həyətlərinəcən, orda Kosanın başına nə qəzavü-qədər gəldi, bilmirəm. Amma onu bilirəm ki, Keçəl həkimxanadan kor-peşiman evinə qayıdanda həyətlərinin doqqazına çatar-çatmaz ayağı iri bir daşa dəydi, Keçəl tirtap sərildi yerə.

K E Ç Ə L. Vay, ayağım, vay qol-qabırğam! Bu gün mənimki gətirmir ki, gətirmir. Əvvəlcə Kosa qapazladı, getdim ki, başıma yağlı xəmir saldıram, həkimxana bağlı oldu, indi də günün günorta çağı gözüm bu boyda daşı görmədi. Axı bu daş bura hardan düşüb? Hər gün bu yolu on kərə gedib-gəlirəm, heç bu daş rastıma çıxmayıb. Yaxşısı budur, götürüm daşı atım yoldan kənara, yoxsa başqasının da ayağına ilişər, kəlləmayallaq olar. (Daşı qaldırır.) Andır, nə ağırdır! (Daşı kənara qoyur.) Vay bu nədir, sən demə daşın altı dərin çuxurmuş ki! (Baxır.) Gözümə işartı dəyir! (Əlini uzadıb çuxurun dibindən bəzəkli mücrü çıxarır.) Paho, əcəb mücrüdür! Elə bəxtimdən gileylənirdim. Açım, görüm içində nə var. (Mücrünü açır, əlini uzadıb boş, nimdaş bir torba çıxarır.) Bu ki, boş, nimdaş torbadır! Elə doğrudan da bəxtim yoxdur, bəxtim olsaydı keçəl olmazdım. (Hirslə.) Açaq görək içində nə var. (Əlləşir, torbanı aça bilmir.) Sovxanın bağını elə düyünləyiblər ki, guya matah şeymiş. (Dişiylə torbanın bağını açır, torbanın ağzı açılantək padşaha layiq çalçağırlı bir məclis qurulur. Sazandalar çalırlar, rəqqasələr oynayırlar.)

K E Ç Ə L. Vay dədə, bu ki, xalis sehirli torbadır! Şükür sənə, ilahi, bəxtim tozanaq eləyir!

X A N Ə N D Ə Q I Z(rəqs edərək oxuyur).

Taleyindən, bəxtindən

Heç vaxt qaça bilməzsən.

Qismətindən uzağa

Bil ki, uça bilməzsən.

Musiqi.

K E Ç Ə L. Hə, indi, Kosa, dur qabağımda görüm necə durursan.

X A N Ə N D Ə Q I Z.

Götür tulla qırağa,

Yol üstündə görsən daş.

Daşın altdadır bəlkə

Bəxtin, taleyin, qardaş!

K E Ç Ə L(oxuyur).

Daşın altdadır bəlkə

Bəxtin, taleyin, qardaş!

Kosa peyda olur.

K O S A. Keçəl, bu dəmdəstgah səninçün hardandır?!

K E Ç Ə L. Hə, necədir, xoşuna gəlir?

K O S A. Əlbəttə! Paho, əcəb xörəklərdir! Kabab! (Götürüb yeyir.) Ləvəngi! (Götürüb acgözlüklə yeyir.) Qırqovulplov! (Yeyir.) Bu ki, padşaha, sultana layiq bir məclisdir! De, görüm bütün bu nemətlər səninçün hardandır?!

K E Ç Ə L(torbanı göstərir). Burdan, bu torbadan! (Torbanın ağzını bağlayır, dəmdəstgah yox olur, Keçəl torbanı cibinə qoyur.)

K O S A. Belə de!!! Deməli, bu sehirli torbadır.

K E Ç Ə L. Bəli, sehirli torbadır. Indi nə deyirsən, qızı mənə verirsən, ya yox? Onu da bil ki, bu torbanın sayəsində istəsəm gedib lap Çin xaqanının qızını alaram.

K O S A. Ay Keçəl, arvad nə olan şeydir ki, onunçun dağa-daşa düşəsən, bəyəm bizim mahalda qız qəhətdir?

K E Ç Ə L. Mənə mahalın qızları yox, sənin qızın, Bahar xanım gərəkdir! Verirsən, ya yox?

K O S A. Hə... yox... hə... yox...

K E Ç Ə L. Bura bax, ya “hə” de, ya da “yox”!

K O S A. Axı ikisindən birini deməyə dilim gəlmir! Bura bax, torba yanındadır? Sən allah torbadan muğayıt ol!

K E Ç Ə L. Torbadan nigaran qalma, o möhkəm yerdədir. Son sözünü de! “Hə” ya da “yox”!

K O S A. Gəl belə danışaq, tutaq ki, mən razı, bəs birdən qız səni bəyənmədi, onda nə olsun?

K E Ç Ə L. Niyə qız məni bəyənməsin?

K O S A. Elə söz dedin ki, lap bişmiş toyuğun gülməyi tutdu! (Bayaqdan əlində tutub yediyi bişmiş toyuq ucadan gülür.) Gördün doğrudan da güldü! Adam sənə baxanda, acığın gəlməsin Keçəl, fikirləşir, aya bunun çiyinlərinin üstündəki başdırsa bu başın tükü hanı, yox əgər kududursa...

K E Ç Ə L. Aydındır. Onda nə təhər olsun?

K O S A. Onda gəl belə şərtləşək: sən gəl mənim yanımda üç-dörd gün nökər dur, çalış qız sənə öyrəşsin, bu üç-dörd gündə qızın saqqızını oğurlaya bilsən, qız sənin, yox əgər qız dedi ki, mən Keçələ getmərəm, onda cibindəki torba mənim! Necədir, razısan?

K E Ç Ə L. Mən razı! Amma mənim də bir şərtim var.

K O S A. De şərtini.

K E Ç Ə L. Mən rəhmətlik dədəmi hamıdan çox istəyirdim.

K O S A. Allah rəhmət eləsin.

K E Ç Ə L. Ölənlərin behiştlik. Şərt kəsib sənin dilindən kağız alacam, əgər atama söysən hər söyüşdə min manat pul verəcəksən. Razısan?

K O S A(kağızı yazır). Şərtimiz şərtdir. Bu da kağız.

K E Ç Ə L. Onda yolçu yolda gərək!

Çalğıçılar çalırlar. Kosayla Keçəl gedə-gedə oxuyurlar.

K O S A(camaata).

Mən Keçəli aldadıb

Torbanı alacağam.

Dünyada ən dövlətli

Bir kişi olacağam.

K E Ç Ə L(camaata).

Tamahkarı həmişə

Aldadıbdır hiyləgər.

Tez-gec Bahar mənimdir,

Olacağam ona ər!

Musiqi davam edir, hər ikisi gedir.

İKİNCİ HİSSƏ

Çalğıçılar çalırlar. Aktyor kilimin arxasından çıxır.

A K T Y O R. Hə, Keçəllə Kosa gəlib çıxdılar mənzil başına. Kosa ha Keçəli girləyirdi ki, torbanı oğurlasın, amma oğurlaya bilmirdi. Günlərin bir günü Bahar xanım bağa seyrə çıxmışdı, Keçəl onu gördü, tez keçib bağın bir tərəfində torbanın ağzını açdı, o saat məclis quruldu. Qız toy-nağara səsinə gedib nə görsə yaxşıdır, Keçəl burda bir keyfdədir, bir keyfdədir, gəl görəsən. Keçəl onu görən kimi torbanın ağzını bağladı, istədi getsin, Bahar xanım onun qolundan tutdu... Hə, onu da deyim ki, Kosa onları güdürdü.

B A H A R. Keçəl, o torbanı ver mənə.

K E Ç Ə L. Xanım, üz vurma, vermərəm.

B A H A R. Nə üçün verməzsən?

K E Ç Ə L. Əgər torbanı əvəzsiz versəm olaram əfəl.

B A H A R. Bəs necə verərsən?

K E Ç Ə L. Əgər mənə gəlsən, torbanı verərəm sənə.

B A H A R. Keçəl, adama gəlmək necə olur?

K E Ç Ə L. Bunun üçün əvvəlcə mən səni öpməliyəm.

B A H A R. Öpmək istəyirsən, öp də.

K O S A. Qızım, saqqız! Qoyma saqqızını oğurlasın!

B A H A R. Qorxma, dədə; qoy öpsün, saqqızım möhkəm yerdədir.

K E Ç Ə L(qızı öpür). Oxxay, ləzzət elədi!

B A H A R. Onda ver torbanı.

K E Ç Ə L. Indi də sən məni öpməlisən.

K O S A. Qızım, yoldan çıxma!..

B A H A R. Qorxma, dədə, elə öpəcəyəm ki, durduğum yerdən bir addım da tərpənməyim. (Keçəli öpür.) Maraqlıdır, mənimçün də ləzzət elədi. Deməli mən sənə gəldim. Onda ver torbanı.

K E Ç Ə L. Yox, bu ərə gəlməyin dəstəmazıdır. Indi də birlikdə öpməliyik bir-birimizi.

K O S A. Yox, belə getsə iş-işdən keçəcək. (Pusduğu yerdən çıxır.) Adə, Keçəl, get, buzovun quyruğundan çək bura gətir.

K E Ç Ə L. Baş üstə, Kosa qazı ağa! (Gedir.)

K O S A. Qızım, bəyəm mən sənə tövsiyyə eləməmişdim ki, elə et Keçəl saqqızını oğurlamasın.

B A H A R(qoynundan saqqız çıxarır). Vallah, dədə, saqqızımı möhkəm saxlamışam.

K O S A. Ay qız, mən bu saqqızdan danışmıram! Sənə demişdim ki, elə et Keçəl səni yoldan çıxarmasın! Demişdim, deməmişdim?

B A H A R. Vallah, dədə, durduğum yerdən bir addım da atmamışam. Bir də niyə acığın tutur, sən özün gündə beş dəfə dəstəmaz alırsan. Bir dəfə də Keçəllə mən dəstəmaz alanda qiyamət qopmadı ki?

Keçəl əlində buzovun quyruğu gəlir.

K E Ç Ə L. Buyur, Kosa bəy!

K O S A. Bu nədir?!

K E Ç Ə L. Buzovun quyruğu.

K O S A. Adə, necə yəni buzovun quyruğu?

K E Ç Ə L. Sən özün dedin, get buzovun quyruğundan çək gətir bura, mən də çəkib gətirdim.

K O S A. Adə, mən dedim, get buzovun quyruğundan yapış buzovu gətir bura!

K E Ç Ə L. Yox, dedin, get quyruğu çək gətir bura.

K O S A. Buzovu dedim!

K E Ç Ə L. Quyruğu!

K O S A. Ay eşşək oğlu, eşşək!

K E Ç Ə L. Min səndə!

K O S A. Necə yəni min səndə, ay it oğlu it!

K E Ç Ə L. Iki min səndə!

K O S A. Ay tünbətünün balası, ay gorbagor oğlu, necə yəni iki min səndə?!

K E Ç Ə L(kağızı göstərir). Artıq dörd min səndə! Özün imzalamısan!

K O S A. Yaxşı, yaxşı... İndi ki, belədir, get qatırın başını hayla gətir bura!

K E Ç Ə L(camaata). Eşitdiniz də, camaat, nə dedi Kosa. Bu saat! (Gedir.)

B A H A R. Dədə, qatır nəyinə lazımdır?

K O S A. Necə yəni nəyimə lazımdır. Zalım oğlu Keçəl sənin saqqızını oğurlayıb yoldan çıxardı, üstəlik dörd min də məni özünə borclu elədi. Indi bir əlac var, səni də götürüb aradan çıxmaq.

Keçəl əlində qatırın başı gəlir.

K O S A. Adə, bu nədir?

K E Ç Ə L. Qatırın başı!

K O S A. Necə, başı?!

K E Ç Ə L. Qatırın!

K O S A. Ay sənin ölün belə-belə, dirin belə-belə olsun!

K E Ç Ə L. Altı min!

K O S A. Buzovun quyruğu ilə qatırın başı atavun goruna olsun!

K E Ç Ə L. Səkkiz min!

K O S A(camaata). Belə görürəm, kötəyi alıb Keçəli ölənəcən kötəkləməkdən alayı çarə yoxdur. (Kötəyi götürür.)

K E Ç Ə L(kağızı göstərir). Kosa, axı bu kağızda kötək barədə heç zad yazılmayıb.

K O S A. Indi şərtimizin sonuncu bəndini bu kötəklə sənin başında yazacam, eşşək toxumu!

K E Ç Ə L. Doqquz min!

K O S A. Elə isə al gəldi!

Musiqi. Kosa Keçəli kötəkləyərək qovur. Keçəl vayhəşir salır. Birdən mələrti eşidilir.

K O S A. Bu nə səsdir?!

B A H A R. Dədə. Bu bizim keçinin mələrtisidir. Deyəsən yenə buxovunu qırıb.

K O S A. Necə?! Keçi bu dəfə də buxovunu qırıbsa işim bitdi!!!

Keçi mələyərək gəlir.

K E Ç İ. Kosa, bu dəfə canını qurtara bilməyəcəksən!

K O S A. Axı niyə?

K E Ç İ. Özün yaxşı bilirsən!

K O S A. Onda, ay haray!!!

K E Ç İ(çalğıçılara). Çalğıçılar, bir dənə becid hava!

Çalğıçılar becid hava çalırlar. Keçi Kosanı qovub kötəkləyir.

A K T Y O R(başını kilimdən çıxarıb oxuyur).

Nə hovdu, hovdu, hovdu,

Baxaq kim-kimi qovdu.

Keçi Kosanı söyür,

Kosa Keçəli döyür.

Fəsil qovur fəsili,

Nəsil qovur nəsili.

Payız yayı tovlayır,

Bahar qışı qovlayır.

Nə hovdu, hovdu, hovdu?

Baxaq kim-kimi qovdu!

Musiqi daha da becidləyir, nəhayət Keçi Kosanı buynuzlayıb aparır, bir azdan buynuzda Kosanın papağı qayıdır.

K E Ç İ. Hə, gələn qışacan Kosayla qurtardıq.

K E Ç Ə L. Hə, Bahar xanım, nə deyirsən, indi mənə gəlirsənmi?

B A H A R. Acığına gəlməsin, axı keçəlsən...

K E Ç İ. Nə olsun keçəldir? Keçəl halva yeyər, puluna minnət.

Çığırbağır eşidilir.

S Ə S. Buraxitto! Quleybanıtto! Ad notanda! Ad valeyorem!

Quleybanı çiynində həkim gəlir.

Q U L E Y B A N I. Keçəl, bu həkimi səninçün latından götürüb gəlmişəm, bundan ötrü ki, səni keçəllikdən qurtarsın. (Həkimə) Həkimbaşı, əgər mənim dostumu keçəllikdən qurtarsan, səni götürüb aparacam öz ölkənə, yox əgər qurtarmasan, atanı dalına sarıyacağam!

H Ə K İ M. Atamitto Françisko Kapuletti, mən Federiko Kapuletti.

Q U L E Y B A N I. Bu isə mənim dostum Keçəldir!

H Ə K İ M. Bali, bali, keçəlitto! Amikus Plyato, sed maqis amiko veritas!

K E Ç İ. Gözəl sözlərdir! Deyir ki, loğman dostumdur, amma həqiqət ondan da böyük dostdur!

H Ə K İ M. Bali, bali, həqiqetto, dositto...

Q U L E Y B A N I. Bura bax, həkimotto, sənitto buratto vəzitto veritto gətirməmişəm! Tez ol dostumu keçəllikdən qurtar.

H Ə K İ M. Bu saat, mamento, mamento...

Həkim qəribə bir papaq çıxarıb Keçəlin başına qoyur.

B A H A R. Əcəb papaqdır!..

H Ə K İ M. Mamento, mamento... Sseteriss paribus! Ssirkulyus vissiozus, ssitato lyoko, konsensus ominum, keçəlitto kontra!!!

Papağı Keçəılin başından götürür.

H A M I. Ilahi, möcüzə!!!

Keçəlin başında aləlvan gül çiçək...

B A H A R. Ilahi, əcəb gözəl oğlan oldun, ay Keçəl. Indi istəsən də gələcəm, istəməsən də!

Keçəlin boynuna sarılır.

K E Ç Ə L. Elə isə bu gün mənim toyumdur! (Torbanı çıxarıb ağzını açır, əlüstü toy məclisi qurulur.)

H Ə K İ M(Quleybanıya). Quleybanıtto, öz aramitto qalitto, Keçəlitto başıtto butaforius!

Çalğıçılar çalırlar, rəqqasələr rəqs edirlər.

X A N Ə N D Ə Q I Z(rəqs edib oxuyur).

Taleyindən, bəxtindən

Heç vaxt qaça bilməzsən.

Qismətindən uzağa

Bil ki, uça bilməzsən.

A K T Y O R(başını kilimdən çıxarıb oxuyur).

Götür tulla qırağa

Yol üstündə görsən daş.

Daşın altdadır bəlkə

Bəxtin, taleyin, qardaş!..

XS
SM
MD
LG