Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:39

İdmançılar 150 min manatı necə xərcləyəcək


Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev

-

«Prezident tərəfindən də bizə pul verildi, Olimpiya Komitəsindən də. Yəqin ki, bu pulu idmana sərf edərəm. Özümə, idman karyerama, gələcəyə».

İdmançılar 150 min manatı necə xərcləyəcək
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00
Direct-ə keçid

22 yaşlı karateçi Firdovsi Fərzəliyevin keçən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarında qazandığı təkcə qızıl medal olmadı. Azərbaycan hökuməti ona 150 min manat pul mükafatı da verdi.

İlk Avropa Oyunlarında birinci yeri tutmuş hər bir idmançıya 100 min manat prezident, 50 min manat Milli Olimpiya Komitəsi, onun məşqçisinə 50 min manat prezident, 25 min manat Milli Olimpiya Komitəsi mükafat verib. İkinci yeri tutanlar 50 min və 30 min, onların məşqçiləri 40 min və 15 min, üçüncü yeri tutan idmançı 30 min və 20 min, məşqçisi 15 min və 10 min pul mükafatı alıb.

Firdovsi Əliyev deyir ki, bu pulu ancaq idmançı karyerasına sərf etməyi düşünür:

«Hələ ki, gəncəm. Ancaq idman haqda düşünürəm, başqa bir şey fikirləşməmişəm».

BÖYÜK PULLAR BİZNESƏ...

Xüsusilə Olimpiya Oyunlarında ilk üç yeri tutan Azərbaycan idmançılarına hökumət neçə illərdir iri pul mükafatları ayırır. Elə sonuncu - 2012-ci il London Yay Olimpiya Oyunlarında prezident qızıl medal qazanan idmançıya 400 min, gümüş medal qazanana 200 min, bürünc medal qazanana isə 100 min manat ayırmışdı. Bundan başqa Milli Olimpiya Komitəsi də 1, 2 və 3-cü yerlərə görə idmançılara 200 min, 100 min və 50 min manat vermişdi. Bu ənənə neçə illərdir davam edir.

İdman şərhçiləri bildirir ki, bəzən məbləğin yüksək olması idmançıda bizneslə məşğul olmaq fikri yaradır. İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, həmin pulu biznesə yatıran idmançı idmanı arxa plana keçirir:

Coşqun Eldaroğlu
Coşqun Eldaroğlu

«İdmançı böyük pullar alanda karyerasına diqqəti azalır. Çünki birdən-birə varlanır. Mən Azərbaycan idmanından danışıram. Böyük pullar Azərbaycan idmanına çox şey qazandırmadı. Çünki idman prinsiplərinə əməl olunmur. Avropa Oyunlarında da medalların çox olması idmanın inkişafının göstəricisi demək deyil. Medalların yarısını legionerlər qazanmışdı. Beynəlxalq yarışlarda, xüsusilə Olimpiya Oyunlarında qələbə qazanan idmançıların uğurlarının ardı gəlmir. İdmançılar yarışa çıxıb qələbə qazanmaqla xüsusi imtiyaz əldə etməyə çalışırlar. Sonra isə uğurlar davam etmir».

Coşqun Eldaroğlunun fikrincə, bəlkə də buna görədir ki, Azərbaycanda ikiqat Olimpiya çempionu yoxdur. İdmançı idmandan imtiyaz gözlədiyi üçün qazandığı uğuru ikinci dəfə təkrarlaya bilmir.

Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynov da ölkədə ikiqat olimpiya çempionunun olmamasından qayğılı-qayğılı danışır. O da idmançılara verilən pul mükafatlarının məbləğinin böyüklüyünün bunda payı ola biləcəyini düşünür.

Ayxan Mamayev
Ayxan Mamayev

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə pul mükafatlarının idmançıları həvəsləndirmək üçün verildiyini bildirir.

«İKINCI DƏFƏ DƏ QAZANA BİLƏRSƏN»

Avropa Oyunlarının başqa bir qızıl mükafatçısı Ayxan Mamayev deyir ki, mükafat kimi aldığı pulu biznesə yatıran idmançılara normal yanaşır. Ancaq özü biznes haqda düşünmür. Qazandığı pula isə ev alacaq:

«Evim yoxdur. İstəyirəm ev alım. Qalsa, qalanını da xeyir işlərə xərcləyərəm. Hərə bir cür pul qazanmaq istəyir. Pulu biznesə qoyanlara da pis baxmıram. Ancaq mən elə idmançılardan deyiləm. Mənim qarşıda hələ 7-8 ilim var. Nə qədər ki, canım suludur, döyüşəcəyəm. Allah sənə kömək olursa və sən bu nəticəni qazana bilərsənsə, deməli, sən bu nəticəni bir dəfə yox, bir neçə dəfə təkrarlaya bilərsən. Ona görə idmanı heç kim atmasın, idman, ən azı, sağlamlıqdır».

«BİZNES GƏLƏN DƏFƏ OLACAQ»

Avropa Oyunlarında çıxış etmiş 18 yaşlı boksçu Tayfur Əliyev bürünc mükafatçı kimi bu Oyunlardan 50 min manat qazanıb. Deyir ki, indilik bu pulu harasa xərcləməyi düşünmür. Özünə indilik iş qurmaq fikri də yoxdur. Ancaq indilik. Gənc idmançı etiraf edir ki, növbəti dəfə iri pul mükafatı alsa, özünə iş quracaq:

Tayfur Əliyev
Tayfur Əliyev

«Nə maşın, nə ev almaq fikrim var, nə də iş qurmaq. Yəqin gələn yarışlara kimi lazım olacaq. Heç bir iş qurmaq fikrim yoxdur. Sadəcə ailəmə, evə sərf etmək istəyirəm. Mən gələn yarışlara qədər iş qurmayacağam. Biləcəyəm ki, heç nəyim yoxdur, gələn yarışlara daha yaxşı hazırlaşacağam. İndidən iş qursam, arxayın olacağam ki, işim var. Gələn yarışda isə iş qurmaq haqda düşünərəm. Mən buna yaxşı baxıram. Gələcəyi qarantiyaya almaq üçün çox düzgün bir addımdır. Yəqin ki, kiçik bir dükan, nəsə tapmaq olar».

Boksçu Teymur Məmmədov da Avropa Oyunlarından qızıl medal, yəni həm də 150 min manat pul qazanıb. O da biznes fikrinə normal yanaşır, ancaq özünü hələ idmanda görmək istəyir:

«Düzünü desəm, pulu hara sərf etmək haqda hələ heç nə düşünməmişəm. Bu, ailə puludur. Mənim atam ailənin ağsaqqalıdır. O, necə məsləhət bilsə, pul elə də istifadə olunar. Biznes ağıllı fikirdir. Ola bilər. Ancaq mən idmanı unutmaram».

Oyunların bürünc mükafatçısı İlahə Qasımova da hələ idmançı karyerası haqda düşünür:

«50 min manat pul mükafatı aldım. Hələ ki, nəsə etmək fikrim yoxdur, qalıb evdə. Biznesə qoymaq fikrim də yoxdur. O pul evdə qalıb, əl vurmuram. Kim necə fikirləşir, elə də hərəkət edir. Mən karyeramı bundan sonra da davam etdirəcəyəm».

I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına ümumilikdə 8 milyon 5 min manat ödənib.

XS
SM
MD
LG