Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:50

«Ani bir xətam Azərbaycanın adına xələl gətirərdi»


İlham Zəkiyev Avropa Oyunlarının açılış mərasimində - 12 iyun 2015
İlham Zəkiyev Avropa Oyunlarının açılış mərasimində - 12 iyun 2015

-

12 iyun, «Bakı-2015» I Avropa Oyunlarının açılış mərasimi. Cüssəli məşəldar minlərin gözü önündə aramla irəliləyir, həyəcanı, sevinci üzündən bəlli... Bu, iki dəfə Paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, əməkdar idman ustası, «Şöhrət» ordeni və «Tərəqqi» medalının sahibi İlham Zəkiyevdir. «Rossiya 2» kanalının aparıcısı onu bu titullarsız, sadə şəkildə təqdim edir: «İlham Zəkiyev - Böyük insan».

Gözlərini döyüşdə itirsə də, yenilməyən, ölümə meydan oxuyan, idmanda böyük qələbələrə imza atan 35 yaşlı azərbaycanlı idmançı.

Həmin gün stadionda yaşadıqlarını indi AzadlıqRadiosu ilə bölüşür İlham Zəkiyev:

- Həyəcan... Həyəcan varıydı. Həyəcan o söz deyil. Həyəcan da vardı, qürur hissi də, fəxr də varıydı. Bu missiyanı mənə - Allah cənab prezidentə, Mehriban xanıma kömək olsun – məhz mənə həvalə etdiklərinə görə, onlara minnətdaram. Çox həyəcanverici və qürurverici anlar idi. Mən üç olimpiya oyunlarında güləşmişəm, məndə belə həyəcan yox idi. Şükürlər olsun Allaha, o missiyanın öhdəsindən gəldik.

- Sizi bu qədər həyəcanlandıran nə idi?

- Missiyanın böyüklüyü, işin ciddiliyini mən çox gözəl anlayırdım. Azərbaycanı istəyən var, istəməyən də. Ani bir xəta, yanlış Azərbaycanın adına, imicinə xələl gələrdi. Çox ciddi hazırlaşmışdıq. Şükür olsun, öhdəsindən gəldik. Üç ay qabaq mənə demişdilər ki, məşəli mən yandıracağam, gecələr gizlicə məşq edirdik. Mənə tapşırılmışdı ki, məşəli daşımağım sirr qalsın. Heç evdə də deməmişdim. Çox gözəl sürpriz oldu mənim üçün, yaxınlarım üçün. Hamısı mənimlə fəxr etdi, hamısını ağlatdım, hamısının gözündə sevinc gözyaşı vardı.

İlham Zəkiyev məşqdə - 2015
İlham Zəkiyev məşqdə - 2015

- Sizinlə yanaşı, addımlayan idmançı Səid Quliyev daha çox həyəcanlı görünürdü elə bil.

- O, cavandır, gənclər arasında taekvando üzrə olimpiya çempionu olub, cəmi 20 yaşı var, ona görə daha həyəcanlı görünürdü, bəli.

- Sanki siz ona da dəstək dururdunuz...

- Hamı onu deyir. Cavandır, missiyanın böyüklüyünü başa düşürdü. Şükür, öhdəsindən də gəldik. Bu, bir tarixdir. Birinci Avropa Oyunlarında məşəli biz yandırdıq. Bu, elə-belə yerə İlham Zəkiyevə həvalə edilməyib. Onun vətən yolunda etdiyi işlərə görədir. Mən vətən uğrunda görmə qabiliyyətimi itirmişəm. 1999-cu il fevralın 4-də düşmən gülləsinə tuş gəlmişəm. Kəşfiyyatçıydım. Hərbi sahədə vətənə qulluğum yarımçıq qaldı... Bu gün vətənə qulluğu tatami üzərində davam etdirirəm və Azərbaycan bayrağı qalxanda, Azərbaycan himni səslənəndə, öz işimlə fəxr edirəm.

- Həmin döyüşdə snayper gülləsi sizin sol gicgahınızdan girib sağ gicgahınızdan çıxıb və beş gün komada qalmısınız deyəsən.

- Bəli, yaralandığıma görə beş gün komada qalmışam. Hətta həkimlər deyiblər ki, idmançı olduğuna görə ürəyi döyünür, üç günə, beş günə öləcək, hazırlığınızı görün. Beş gün sonra anam yanımda oturanda həkimdən soruşub ki, «icazə olar oğlumla danışım?». Anam çağırdı məni: «İlham, İlham», mən də onun səsinə cavab verdim.

İlham Zəkiyev övladları ilə birgə. Foto: gencaile.az
İlham Zəkiyev övladları ilə birgə. Foto: gencaile.az

Anamın səsinə komadan ayıldım...Mənim ilk sözüm bu oldu: «Üşüyürəm, soyuqdur». Fevral idi, anam əynindəki jaketi çıxarıb sərdi üstümə. İsti çay verdi. Sonra yaddaşımı yoxladılar - «filankəs kimdir?», «filankəs sənin nəyindir?». Mən də deyirəm ki, «bu nə qəribə suallardır verirsiniz?». Dedilər ki, «şükür, yaddaşı yerindədir». Amma xəstəxanada bir nəfər vardı, yaddaşını itirmişdi. O oğlan qalmadı... Allah ona rəhmət etsin. Mən görmə qabiliyyətimi tamam itirdim və evimizə birinci qrup Qarabağ əlili kimi qayıtdım.

- Bununla barışmaq çətin olmadı ki?

- Çox çətin idi bu vəziyyətə alışmaq. Gənc oğlan, 19 yaşım tamam olmayıb. Bütün planlarım alt-üst oldu. Gənc oğlan nə planlaşdırır? Əsgərliyi qurtarım gəlim, instituta qəbul olun, yaxşı işə girim, ailə qurum, belə. Bütün planlar alt-üst olmuşdu... 2002-ci ildə mən müalicəmlə bağlı ovaxtkı idman naziri Əbülfəs Qarayevə müraciət etdim, vəziyyətimi İlham Əliyevə məruzə etdilər və məni Moskvaya göndərdilər. Düzdür, orda həkimlər ürəkaçan bir söz demədilər. Qayıtdıqda nazırlikdə şöbə müdiri Tağı Tağıyevdən (gözəl insandır) soruşdum ki, Paralimpiya oyunları haqda eşitmişəm, orda gözdən əlillər üçün güləş növü varmı? Yanımdaca Milli Olimpiya Komitəsinə zəng vurub maraqlandı. Üzümə baxıb gülə-gülə «Sənin alnına olimpiya çempionu olmaq yazılıb, get, sabahdan məşqlərə başla» dedi. Mənə məşq üçün şərait yaratdılar. Beş dəfə Avropa çempionu, iki dəfə dünya çempionuyam, Paralimpiya oyunlarından – Afinadan, Pekindən qızıl, Londondan bürünc medalla qayıtmışam. Bunun nəticəsidir ki, 2008-ci il ilin dekabrında cənab prezident məni «Şöhrət» ordeniylə təltif etdi, bu ordeni alan ilk paralimpiyaçıyam.

İlham Zəkiyev məşqdə - 2015
İlham Zəkiyev məşqdə - 2015

- Adama elə gəlir ki, sizi son illər ancaq uğur izləyir. Uğursuzluqdan, məğlubiyyətdən qorxmursunuz?

- İdmançı udar da, uduzar da. Mən məğlubiyyət də görmüşəm, qələbə də. Qalib bir tək Allahdır. Məğlubedilməz idmançı olmur. Hazırlaşırıq. Allah bütün idmançıları zədədən, travmadan qorusun. Qalan hər şey yerini alacaq.

- İyunun 26-da yenidən tatami üzərində yarışacaqsınız. Avropa Oyunlarının məşəlçisi bu oyunlarda medal qazana biləcəkmi?

- Hər gün məşq edirəm. Həyəcan var. Həyəcan varsa, məsuliyyət də var. Bizim üstünlüyümüz odur ki, doğma divarlar arasında mübarizə aparacağıq, azarkeşlər bizə dəstək olacaq, güc verəcək. Allah bütün azərbaycanlı idmançılara kömək olsun, içində də bizə. İyunun 26-da Silahlı Qüvvələr Günündə çalışacağam ali komandana bir medal hədiyyə edim. Həmin gün bizim sonbeşiyin – Həmzə balanın iki yaşı olur. Ona da bir medal hədiyyə edə bilsəm, yaxşı olar.

- Avropa Oyunları ərəfəsində də, indi də Azərbaycanla bağlı tənqidlər səslənir ki, ölkədə insan haqları pozulur, siyasi məhbuslar var, «onlar azad edilməlidir» kimi çağırışlar səslənir. Bir yandan da Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə onu tərifləyənlər var. Bir idmançı, Azərbaycan bayrağını qaldıran, Oyunların məşəlçisi kimi siz nə düşünürsünüz bu deyilənlərlə bağlı?

- Mən idmançılarla danışıram. Dünyanın heç yerində idmançılara belə diqqət yoxdur. O ki qaldı, Avropa Oyunlarına çoxlu pul xərclənməsinə, bu pul Azərbaycanın gələcəyinə xərclənir. Bu komplekslərdən Azərbaycan gəncləri, idmançıları istifadə edəcək, nəyi pisdir? Əladır hər şey. Siyasətəsə biz qarışmırıq, hər kəs öz işiylə məşğul olsa, yaxşıdır.

XS
SM
MD
LG