Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Növbəti stansiya: "Allah rəhmət eləsin"


Ülvi Bahadır
Ülvi Bahadır

-

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Ülvi Bahadırdan yeni şeirlər

Ülvi Bahadır

LÜSİFERİN POETİK RİTUALLARI - IX

SEVGİDƏ YANILMA

Sənin gəldiyin yolla gəlirəm...

...ruhunun boşluğuna doğru...

Qaranlıqdan bir qatar gəlib keçir içimdən... ləngər vura-vura.

Hər səni düşünən kimi... ümidlə baxıram uzaqlara...

Düşüncələrim şüurunun dənizində gəmi...

...ürəyim arzularının əsiridi.

Bura sənsən...burda sənsən...

Sevgim yoxluğunun...nifrətim varlığının təsiridi.

Mən başa düşürəm...

...hə, başa düşürəm ki, sənin yoxluğun daha vacibdi...

Ayaqlarım ayaqlarına düşüb yalvarmaq...

...əllərim saçlarına sığal çəkmək üçün... yıxıb sürüyür məni.

Səni hiss edəndə anladım...

...nifrətin od olub yandırır... sevgin üşüdür məni...

Ruhun ləpələnir... dalğalanır...

...ümidini bağlayırsan qığılcım limanına...

Mən sənə doğru can atarkən... sən demə gəlib çatmışam...

...yoxluğunun ən ümidsiz zamanına...

"Sənə yalan demişdim" deyərkən ... əslində həqiqəti demişdim.

Sonuncu dayanacağa çatarkən...

...görəsən cəhənnəm göyün üzündə... yoxsa yerin altındadı?!...

Sən Leyli olmaq istəyəndə yox... mən Məcnuna lağ edəndə... anladıq...

...əslində aramızda sonsuzluqlar qədər məsafə olduğunu...

Bilmirəm... sənin ilahi sevgin çox ilahi idi...

...yoxsa mənim bəni-adəm sevgim... çox adəmsayağı idi!...

Sən axı belə arzulamamışdın... mən axı belə fikirləşməmişdim...

Bir zərgər dəqiqliyi ilə yanaşırdın sevgiyə...

Bəlkə elə ona gorə sənin sevgin ayaqlaşa bilmədi zamanla...

Axı indi sevgi...

...axşam sevib... səhər unutmaqdı.

...bir ehtiras alovunu...

...bir neçə dəqiqəyə soyutmaqdı...

Sevgi... kapitalizmin ən böyük qurbanıdı, əzizim.

Bir dəqiqə... Bir dəqiqə...

Bu sonsuzluğuna yuvarlandığım qaranlıq boşluq sənin deyil axı...

Yoxsa... Yoxsa...

Lənət şeytana... Lənət şeytana...

Nə...şeytan?!... Şey...taaan...

HİPATİYA İLƏ MÜASİR DÖVR SÖHBƏTİ...

Səma yeri, yoxsa yer səmanı saxlayır -deyə bilmərəm...

Onu deyə bilərəm ki, hər ikisini insanlar məhv edəcək.

Sevgi də... nifrət də... insanın yaşamaq bəhanəsidi.

Bilmirəm Şeytan güclüdü, yoxsa Allah?...

Bir onu bilirəm ki, hər ikisi də...

...insanın ən böyük vəsvəsəsidi.

Onların bircə fərqi var.

Şeytan asanda Allah dar macalda yada düşür...

Ancaq sözsüz ki, yada düşmək hələ varlığı isbatlamır.

Vaxt vardı iman yaranırdı, elm yox olurdu...

...indi elm yarandıqca iman yox olur.

Vaxt vardı bütün fikirlər buludlardaydı... səmaların üzərində...

...indi torpağın altındadı...

Söylə,niyə susursan, mələküzlü Hipatiya?...

Susma...danış...axı sənin yadndadı.

Sən axı çox dolaşmısan İsgəndəriyyənin o fəlsəfə qoxuyan küçələrini...

Çox duymusan...

...poeziya duyğulu gecələrini. Biz...

bizdən heç danışma!...

Biz neft və qaz qoxusundan savayı heç nə duymur...

...kinayə və təhqirdən başqa heç nə eşitmirik.

Sizinlə başlayan həqiqətlər... bizimlə sona çatdı, Hipatiya

Qaniçənlər məzluma çevrildi... məzlumlar bizi aldatdı, Hipatiya.

İndi yer kürəsi böyük bir neft tankerinə bənzəyir.

Bir dəfə tüstü vurub...

...milyonları yollayır o dünyaya.

İndi "qız" sözünü işlədənə bir təhər baxırlar.

Fahişəni ev qızı edib... namusluya min cürə qara yaxırlar, Hipatiya.

Bu dünya daha sənin dünyan deyil.

Bu dünya... ...qadını fahişə..kişini oğraş eləyən dünyadı.

İndi hamıya sənin elmin yox... bədənin lazımdı.

Kimə lazımdı ki, sən elm üçün nələr eləmisən.

Sənə baxıb bilirsən nə fikirləşirlər?

"Axx,bunun vaxtında yaşasaydım..."

Yaxşı ki, sən hələ bizim namus keşikçilərimizi görməmisən.

Nə isə,çox uzatdım deyəsən.

Nə bilim e...

Ölüm elə qəribədir ki...

...günəşi görmədən verdiyi istilidən onu anlamaq kimi bir şeydi...

Həyat elə primitivdir ki...

...əgər qorxursansa...deməli tabe olmalısan.

ARZULARI GÖZLƏYƏRKƏN...

Bir ucu boşluğa gedən sonsuzluq qatarı, məni də apar özünlə...

Buraxım dərdləri... günahları...yapışım əlindən.

...qoyun mən də gedim sizinlə...

Əlləriniz nə yaman soyuqdur...

qışda üstünə qarlar yağan qəbir daşına bənzəyir bu soyuqluq...

Niyə hamınız ağ geyinmisiniz?...

Bəlkə siz qış fəslisiniz...gələcəyə qar aparırsiniz?...

Onlar sizsiniz?...

...yanvar ayında küçələrdə,həyətlərdə...

həyatlarda tufanlar qoparırsınız?...

Bu qatar hara gedir?...

Siz niyə belə sakitsiniz?...

Məni qınamayın siz allah... bizim tərəflərdə belə şeylər yoxdu...

Üzə gülən çoxdu...

...eee nə qədər, amma...

Nəysə, çox yormayım sizi...

-Aman Allah, o nədir elə?

-Dağdı... Estade dağı...Pərilər dağı...

-Pərilər?... Onlar bəxş edə bilirmi xöşbəxt olmağı?... Bəs ora haradı?...

-Hara...hə, ora...ora möhtəşəm Artarra...

-Lap cənnətdi... Cənnət...

-Ora haradı?...

- Bura səadət şəhəri Alaxeyadı...

-Bəs oranın nədir adı?...

-Yelisiya...Gülüş meydanı.

-Gülüş meydanı?...

-Gülüş bayramı vaxtı...gülüş səsləri bürüyür bütün asimanı...

-Necə də xöşbəxtsiniz...

-Hə,haqlısan...yalnız bir dəfə bədbəxt oluruq.

-Nə zaman...

-Sizi hiss eləyəndə...

-Siz bizi niyə hiss eləyirsiniz ki?..

- Yox dost, biz sizi yox...siz bizi hiss edirsiniz əvvəlcə...bizimlə keçir hər gününüz...

-Necə yəni?...Siz kimsiniz axı?...

-Biz sizin arzularınızıq, dost.

Siz arzulyırsiniz...biz gəlirik. çünki bilirik...bizsiz yaşaya bilmədiyinizi...

Günəşə çatanda düşənlər...reallaşan arzulardı... getdilər...arzulayanları sevindirməyə.

Bunlarsa yarım qalan arzulardı...

Yenə geri qayıdırlar..məyus.

-Aman,nə qədər arzular yarım qaldı...

Cəmi üç-dörd arzu endi Günəşdə...milyardlarla arzunun içərisindən.

Nə qədər ümid...nə qədər arzu uzaqlaşdı Yer kürəsindən...

İnsan arzularsız yaşaya bilməz...arzular da insanlarsız...

ARZUOLUNMAYAN AKAFİST...

Bu günlərdə narahatam...

Ölüm sıxır məni bərk-bərk qanlı qucağına.

Heç ölmək fikrim yoxdu...

Əzrayıl dəryazı itiləyir.

Əlacsız düşmüşəm Lüsiferin ocağına...

Əzrayıl əlində qeydiyyat kitabçası şöngüdüb baxır üzümə...

yazığı da gəlmir bükülən dizimə.

Edam planı hazırlayır öz-özündə...

...yaman durub sözünda.

Mələklər düzülüblər orkestrdə...

Əzrayıl əlində arfa başlayır ölüm simfoniyasına...

dirijorumuzu da bilirsiniz də.

Opera başlayır göyümüzdə...yerimizdə...

"Şairin son anları" operası... ..

.biletlər məhduddu. bizimkiləri maraq öldürər...

şair, yoxsa Əzrayıl uddu?...

qolsuz bərabərlik davam edir.

Bu bəşəri simfoniya not-not qalxır ulduzlara...planetlərə...

Marsda Müqəddəs Qodem ağlayır şairin halına.

Merkuridə Akavena yaş salfetlər düzüb şairin cəhənnəm yoluna.

Tanrılar yas saxlayır bəşəriyyətin şairinin sarsıntılarına...

Yupiter sakinləri bir dəqiqəlik sükutla yad edir şairin torpağa qarışan sümük qırıntılarını...

Yedora başını anası Müqəddəs Veneranın sinəsinə qısıb ağlayır.

kainat qara bağlayır...bu üzüntüyə.

Musiqisə davam edir...

...mənasız həyat kimi.

İnsanı qorxudan ölümdü...

Tanrı yox. Qorxu inamı inkişaf elətdirir...

Nədən qorxursan, ay fəqir?

...Cəhənnəmdən?...

Onsuz da bu dünya əzabdı...zülümdü.

Cəhənnəmi o yox...sən yaratmısan...

...öz məişət düşüncələrində.

Həqiqəti itirmisən...

...xurafatın qaragüruh küçələrində.

Musiqisə davam edir...

...son notlar çalınır.

Cəhənnəmdə bir qır qazanının da altı qalanır. ...

və şair son dəfə baxir bir də görmək istəmədiyi iyrənc bəşəriyyətə...

Və...və... qapılar bağlanır növbəti stansiya "Allah rəhmət eləsin"

HİSS ELƏMƏDİYİMİZ HİSSİYYATLAR...

İnsanı dedikləri yox...

...demədikləri məhv eləyir, dost.

Elədikləri yox...

...eləmədikləri məhv eləyir.

İnsan sevgiyə ac deyil...sevgi insana acdı, dost ...sevgi insana acdı...

Sevgi... sevgi deyə-deyə bağırdığımız bu sevgisiz kainatda

ayrılıq da bir ehtiyacdı, dost... ...

ayrılıq da bir ehtiyacdı.

Bu dünyada

əzabı yaşamaqla...ayrılığı ölümlə qazanırsan.

Elə insanları da bəşəriyyət qədər iyrəncdi...

Səni elə sıxırlar ki... yaşadığına peşman olub...canından tamamən usanırsan.

İnsan ömrü qırıcı təyyarənin, arxasınca buraxdığı tüstü kimidi...

Uzanır...uzanır... ...heyrətlənirsən...

Amma sonra nə olur...

...başladığı yerdən yox olmağa başlayır.

İnsanlardan soruşun görün kim...

xöşbəxtlik dura-dura bədbəxtliyi xoşlayır.

Halbuki,bədbəxtlik daha səmimidir...

daha tamdır

Yarımçıq bədbəxtlik olmur, dost. o ya var...ya da yoxdu.

ya bədbəxtsən...ya deyilsən.

Ancaq xöşbəxtlik...xöşbəxtlik yalançıdı...natamamdı.

Xöşbəxtlik insanların saxta gülüşlərində...

...bədbəxtlik ürəklərinin sonsuz dərinliklərindədi.

Xöşbəxtlik...

...geyimdə-keçimdə,ev-eşikdədi. bədbəxtlik...

...insan ruhunun ənginliklərindədi.

Xöşbəxtlik həyata...bədbəxtlik ölümə bənzəyir, dost.

Bilirsniz nə vaxt və harada bədbəxt olur insan?...

Ən çılğın çağında...arzuların bitdiyi yerdə...

Alpinist ruhunun bədbəxtliyin zirvəsinə yetdiyi yerdə...

...başlanır əsl həyat.

Bu...bu həyatdı?...

Siz indi buna həyat deyirsiniz?...

Nəyə gülürsünüz?...

Hələ hiss etmədiyiniz... ...

bəlkə də unutmağa çalışdığınız bədbəxtliyinizəmi?...

Siz anlayırsınız yəqin... .

..dünyada axmaq yoxdu sizin kimi...

Bütün bədbəxtlər xöşbəxt olmaq istəyir.

Ancaq xöşbəxtlər halından məmnundu...

Ancaq əbəs yerə...vallah,əbəs yerə.

Mümkünsüz arzular okeanının sonu bilinməyən..

.sonra silinməyən sonsuzluğuna kor-koranə...

müvəqqəti xöşbəxtliklə atılmaqdansa...

Valideynindən qiymət gizlədən ibtidai sinif uşağı kimi...

...xoşbəxt olmaqdansa...

Çarəsizlik bataqlığında... utancaq ölümümü gözləyib...

...şeytanımı,cəhənnəmimi özləyib bir ömür bədbəxt olmağı üstün tuturam...

Bəs siz?...

MELANXOLİYA PLANETİ...

...səssiz-səssiz yağdı yağışlar...o gecə ..

.ilk tənha qaldığım gecə.

Hamı getdi... hamı

Adəmə bənzədim o an...tək-tənha ...

qısıldım yağışdan islanmış alma ağacının küncünə...

Ağladım gizlicə...xəlvətcə

O gün...

o gün göz yaşları yağırdı səmanın sonsuzluğundan...

Bir əlim,bir başım qalmışdım bu ucsuz-bucaqsız kürənin boşluğunda...

Dünya başıma çevrildi o anda

Yox oldum varlığımda...

Heç kim vecimə də deyildi...ola da bilməzdi

Çünki o heç kim...heç vaxt... ...

bu hala gəlməzdi.

Uzaqlardan...lap uzaqlardan ...qohumların səsi gəlir

Biri ağlayır...biri gülür.

Aahh...lənət olsun belə ömürə

Nəyə görə bu lənətə gəlmiş yerdə doğuldum?...

Bax...bax...fəxr elə sən qalib gəldin...afərin

Bax və sevin...

Məhv oldum...yox oldum.

Bax, indi...indi... ...üşüyür varlığım...ürəyimin içi əsir...

Səssiz gələn tənhalıq xəbərindən sonra...

Bu qoca dünya.cavan qocaltdı məni.

Tənhalığa inanmazdım doğrusu... indi...ancaq indi tənhayam...

hə tənhayam. kül olub başıma...

Səmalar aldı alimdəkiləri...baxmadı yaşıma.

"Günahkarammı?"-əlbəttə

Çoxusun özüm çıxardım...

...onsuz da tənha olan həyatımdan.

Eləsi var hələ də yadımdadır. eləsi var çıxıbdı yadımdan...

İndi bir kor düşüncəli başım...

Bir cadardan,qabardan savayı heç nə görməyən ...yağış əllərim

Bir yerində saymaqdan irəlini unutmuş ...heykəl ayaqlarım.

Bir də artıq mənasız və anlamsız ...gözyaşlarım...qalmışıq baş-başa.

Həyatsa davam edir...

Günəş saçır...

göy guruldayır...

yağış yağır...

qar yağır...

...varlığını unutmuş...dizlərinə qısılmış...

...tənhalıq heykəlinin üzərinə...

XS
SM
MD
LG