Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:47

Villalar niyə söküldü, uşaq evlərinə verilmədi?


Günel Mövlud
Günel Mövlud

-

Oliqarxların villalarını niyə sökürlər? Niyə məsələn, onları uşaq evləri, uşaq bağçaları, məktəblərə vermirlər? Məsələn, bolşeviklər kimi?

Günel Mövlud

OLİQARX VİLLALARI NİYƏ SÖKÜLÜR?

Dəyərli dostum, gənc hüquqşünas Emin Aslanla söhbət zamanı o belə bir sual verdi:

Oliqarxların villalarını niyə sökürlər? Niyə məsələn, onları uşaq evləri, uşaq bağçaları, məktəblərə vermirlər? Məsələn, bolşeviklər kimi?

Həmin an bu suala cavab verə bilmədim. Amma sual günlərlə məni düşündürdü. Axı, doğrudan da, hakimiyyətin bu villaları sökdürmək əvəzinə müsadirə etmək, xalqa bağışlamaq imkanı varkən, villalar niyə sökülür ki?

Kifayət qədər sərfəli və populist addım ola biləcək xalqa villa bağışlama ideyası niyə cəlbedici deyil?

Əlbəttə, bu barədə yazanda, düşünəndə biz bu villaları tikən adamlara dəyən maddi-mənəvi ziyanın ödənməməsinin nə dərəcədə hüquqi addım olub-olmadığını bir qırağa qoyuruq.

Əgər bu villalar qanuni olaraq sökülürsə, onda ümumiyyətlə, necə olub ki, bu villalar tikilib sualını da kənara qoyuruq. Sökənlərlə tikənlərin davasının kökündə nə dayandığını, illərlə anlaşma içində işləyib, qazanıb, qurub, kef eləməklərini də kənara qoyuruq.

Bütün hüquqi, qanuni, etik, ədalət prinsiplərini kənara qoyuruq və sual veririk: villaların sökülmək əvəzinə faydalı istifadə olunmamasının səbəbi nədir? Niyə məhz sökmək, dağıtmaq, buldozerin qarşısına verib, darmadağın etmək?

Axı, qat-qat artıq, qat-qat ciddi və qəddar cinayətlərdə ittiham olunan bolşeviklər belə, düşmənlərinin varidatlarını, mülklərini dağıtmadı. Uşaq evlərinə, uşaq bağçalarına, məktəblərə, xəstəxanalara, mədəniyyət qurumlarına bağışladılar.

Onlar bununla həm bir çox inzibati, təşkilati, yerləşmə problemini həll etdilər, həm də xalqda onsuz da onların zəhməti, istismarı nəticəsində qurulanın, tikilənin özlərinə qaytarılması görüntüsünü yaratdılar. Bəs, bizimkilər niyə bunu etmir? Səbəb onların bolşeviklərdən daha tədbirsiz, daha fərasətsiz olmasıdımı?

Bütün bu suallara cavablar qəfil qəlir və çox sadə olur.

Kommunistlər pis-yaxşı nəsə qurmaq istəyirdilər. O qurulan nə qədər doğru idi, nə qədər lazım idi, bu başqa söhbətdir. Amma onlar qurmaq istəyirdilər. Dövlət, sistem, ideya, birlik, vəhdət, inam... adı nə olursa-olsun, qurmaq istəyirdilər. Məqsəd qurmaq idi.

Bizimkilərin məqsədi isə dağıtmaqdır. Hər şeyi. Təhsili dağıtmaq. Inamı dağıtmaq. Binaları dağıtmaq. Ağacları kəsmək. Biz sözlə, hər şeyi dağıtmaq.

Dağıdıcılıq mahiyyətlərinə elə oturub ki, hətta qurduqları, təmir etdikləri tək-tük şeylərdən olan bina üzlükləri də yandı, indi də qalanlarını özləri dağıtmalı olurlar.

Oliqarx villalarını dağıtmaq da bu dağıdıcılığın davamıdı, bir parçasıdı. Yoxsa hansısa fondlardan götürüb, hansısa biznes adalarından alıb, milyonlar xərcləyib məktəblər, bağçalar tiktdirmək əvəzinə, hazır vilallar insanlara niyə verilməsin ki?

Ikinci cavab isə daha sadə, daha azərbaycanlısayaqdır. Bu villaların sökülmə səbəbi Azərbaycan xalqının zəngin folklorunda gizlidir, kodlar bu folklordadır.

Atalar sözlərində, zərb-məsəllərdə, nağıllarda, qarğışlarda, ağılarda gizlidir bu kodlar. Və başda duranlarımız özlərini nə qədər modern, müasir göstərsələr də, bu kodlar onların da genetik yaddaşlarında yerləşmişdir.

Görk etmək. Göz dağı vermək.

“Sənin mülkünü darmadağın edərəm, ocağına su calayaram, torpağını torba ilə daşıtdıraram” kimi göstəriş, qisas, başqalarına dərs vermə kodları...

Biz çox qorxunc bir sistemə tabeyik və mən indi doğrudan da, qorxuram...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG