Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:31

Öldürüldüyü iddia olunan hərbçinin son mesaji: “Məni bağışlayın...”


Səməd Miriyev
Səməd Miriyev

Əsgər anası Ərkinaz Məmmədova deyir ki, ölümündən az əvvəl Səməd qardaşı Nicat Miriyevə öldürüləcəyi ilə bağlı mesaj yazıb.

“Oğlumu 4 nəfər hərbçi yoldaşı öldürüb. Hərbi hissə isə iddia edir ki, guya intihar edib. Meyiti yumağa da imkan vermədilər. Oğlumun bədəni gömgöy idi, alnında şiş var idi. Süpürgəçilik edib oğul böyütmüşdüm, o da belə güdaza getdi”.

Bunu AzadlıqRadiosuna Şəmkir rayon Posanlı kənd sakini Ərkinaz Məmmədova deyib. O iddia edir ki, Gədəbəy rayonundakı N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçən oğlu Səməd Miriyev xidməti postda olarkən öldürülüb.

Snayper tağımında xidmət edən 25 yaşlı Səməd Miriyev cəmi 5 ay imiş ki, hərbi hissədə işə düzəlibmiş.

“MƏN ÖLÜRƏM...”

Ərkinaz Məmmədova deyir ki, ölümündən az əvvəl Səməd qardaşı Nicat Miriyevə öldürüləcəyi ilə bağlı mesaj yazıb. Ananın sözlərinə görə, mesajda oğlunu öldürmək istəyənlərin soyadları da yazılıb:

“Mesajda yazılmışdı ki, “mən ölürəm”. Ölümünə səbəb olan şəxslərin soyadlarını da yazmışdı. Mesajda oğlum yazıb ki, ”məni sındırmaq üçün birləşdilər, bacarmayanda dava saldılar". Ondan sonra oğlumun son cümləsi “məni bağışlayın”dır. Nicat qardaşının mesajını 40 dəqiqədən sonra görüb.

Mesajda yazılmışdı ki, “mən ölürəm”. Ölümünə səbəb olan şəxslərin soyadlarını da yazmışdı. Mesajda oğlum yazıb ki, ”məni sındırmaq üçün birləşdilər, bacarmayanda dava saldılar

Korpusa çatanda deyiblər ki, qardaşın ölüb. Sonra bildik ki, oğlumun yazdığı mesaj onun telefonundan silinib. Müstəntiqə sual verirəm ki, nəyə görə oğlum öləndən sonra mesaj onun telefonundan silinir? Deyir ki, özü silib. Dəhşətə gəlirəm ki, insan öləndən sonra necə mesaj silinə bilər? Bu qədər vicdansızlıq olmaz. Sual verdim ki, bəs niyə bu şəxslərin adını mesajda yazıb? Savab vermədi. Oğlumun meyidinin üzərində işgəncə izləri var. Ekspert rəyi olmadan deyirlər guya özü özünü öldürüb. Faktı ört-basdır etmək istəyirlər".

“İŞGƏNCƏ İZLƏRİNİN GÖRÜNTÜLƏRİ FOTOŞOPLA SİLİNİB”

Ərkinaz Məmmədova deyir ki, oğlunun ölümündən sonra onlarla maraqlanan olmayıb:

“Oğlum dəfn olunanda tökülüşüb gəlmişdilər. Meyiti yumağa belə imkan vermədilər. Dedilər ki, kömək edəcəyik, Səmədə şəhid statusu verəcəyik. Sakitləşdirmək üçün meyit evdə olanda gətirdilər tabutun üzərinə Azərbaycan bayrağı da sarıdılar. Sonra bir də baxdıq ki, bayrağı çıxarıblar. Mağarı da özləri gətirmişdi ki, bizlikdi. Yas bitdi, mağar sahibi dedi ki, 800 manat verməlisiniz.

Mən oğlum öldürülən kimi bütün həqiqətləri açıqlamaq istəyirdim. Ancaq, evdən ekspertizanın nəticəsini gözləməyi məsləhət gördülər. İndi ekspertizanın cavabını mənə göstərmək istəmirlər. Susmayacağam, axıra kimi oğlumun haqqını tələb edəcəyəm

Morqda meyit üzərində çəkiliş aparıblar. Həmin görüntülərdəki işgəncə izlərini fotoşopla silib, bizə göstərdilər. Ancaq, onlar bilmirdi ki, bizim qohumlar real görüntüləri çəkə biliblər. Dedim ki, necə olur ki, sizin görüntülər təmiz çıxır, biz çəkdiyimizdə izlər var? Mən oğlum öldürülən kimi bütün həqiqətləri açıqlamaq istəyirdim. Ancaq, evdən ekspertizanın nəticəsini gözləməyi məsləhət gördülər. İndi ekspertizanın cavabını mənə göstərmək istəmirlər. Susmayacağam, axıra kimi oğlumun haqqını tələb edəcəyəm”.

CİNAYƏT İŞİ AÇILIB

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, Səməd Miriyevin ölümü ilə bağlı cinayət işi açılıb. Nazirlikdən, həm cinayətin hansı maddə ilə açılması, həm də Ərkinaz Məmmədovanın iddiaları ilə bağlı sualları cavablandırmaq istəmədilər.

Bu, qeyri-döyüş şəraitində vəfat edən əsgərlərlə bağlı ilk məlumat deyil. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, təkcə ötən ilin ilk 7 ayında 37 belə ölüm hadisəsi baş verib. Məlumata görə, bu ölümlərin çoxu ya qəsdən törədilib, yaxud da qeyri-insani rəftarla üzləşən əsgər intihar edib.

Mayın 23-də isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən Tapdıq Babaşovun döyülərək öldürüldüyü bildirilirdi.

Rəsmilər isə adətən bu cür məlumatları təkzib edir, həmin əsgərlərin əksəriyyətinin öz əcəli ilə öldüyünü bildirirlər.

XS
SM
MD
LG