Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:00

Yazıq Gülnar!


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Vəfa Qafarova

YAZİQ GÜLNAR!

Yazıq Gülnar, ömrü boyü nəsə daşıdı.

Qız vaxtı anasının "Qızım birdən evdə qalar” - deyən qorxularını,

atasının- "Bu qızın yerinə oğlum olaydı” - deyən təəssüflərini.

Qardaşının şərəfini, namusunu.

Gəlin oldu, ərinin yumruqlarını daşıdı üzündə, gözünün altında.

Qışda soyuğu daşıdı balaca, arıq vücudunda,

üzunboğaz çəkmə tanımayan ayaqlarında,

ərinin onu atacağının qorxusu dolmuş ürəyinə.

Evinin kasıbçılığını daşıdı yazıq Gülnar!

Hesabı bilməyən Gülnar bircə altını doqquza vurmağı bacarırdı.

Əlli dörd ay balalarını daşıdı bətnində Gülnar.

Sonra uşaqlarının başa gəlməyən arzularını daşıdı, çünki özünün arzusu yox idi!

Daşıdı, daşıdı, daşıdı!

Bir gün də Gülnarın cansız, balaca vücudunu daşıdı çiynində səkkiz kişi,

Onların içində əri də vardı, oğlanları da, qardaşı da.

Heç kim anlamadı ki , tabut niyə belə ağırdır axı?

Gülnar yox idi tabutda, ömrü boyu daşıdıqları vardı, çünki.

Avam getdi dünyadan Gülnar!

Amma bircə şeyi daşıya bilmədi!

Ərinin ürəyində ömrü boyu başqa qadını daşıdığını.

Yazıq Gülnar!...

AZADLIĞI İSTƏMİRƏM......

Vətən, mən azadlıq payımı istəmirəm!

Verin evinə əli boş gedən, işsiz atama, ərimə.

Azad vətənin azad küçələrində dilənənlərimə.

Verin isməti, qisməti, heysiyyəti tapdaq olan əsir bacıma

. Balasının şəhidliyinə "Sevinən",

yatağında səhərki saxtakarlığına üzülən anama.

Dünyanı neftə boğan ölkəmdə,

gecələri lampasına tökməyə neft tapmayan balama.

Mən azadlıq payımı istəmirəm!

Xəstəxana künclərində, "pulsuz xidmətdən” ölənlərin gözünü sığayın azadlığımla.

Aparın mənim azadlığımı, asın heykəl yeri heykəlsiz qalan

Məhəmməd Əminin məzarının baş ucuna.

Mən azadlıq payımı istəmirəm.

Məni içimdəki zindandan çıxarın,

çölümlə bacaracam birtəhər.

Demədiklərimi dilmdən qoparın,

etmədiklərimi əlimdən.

Mən azadlığı zərrə-zərrə qazandım,

qram-qram qazandım.

Qazandım?

Susdurun içimdəki əsarətin şaqqanağını.

Mən azadlığı istəmirəm!

Alın, sizin olsun….

XS
SM
MD
LG