Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:13

Kiş sakini: «Məmurların yadına seçkilərdən seçkilərə düşürük»


Foto: Arxiv
Foto: Arxiv

-

«Evimin döşəməsi yoxdur, tavanı isə başımıza çökür. 4 uşağım hərəsi bir cür xəstəlik tapıb. Onları atasız, təkbaşına böyüdürəm. Nə dövlət yardımı var, nə də aliment. Qonşuların hesabına həyatdayıq».

Şəkinin Kiş kəndinin sakini Elnarə Həmidova AzadlıqRadiosunun «Qaynar xətt»inə təkbaşına idarə etməyə çalışdığı ailənin çətinliklərdən bəhs edir. 36 yaşlı qadın yerli bələdiyyədən, icra hakimiyyətindən kömək istəyir.

UŞAQLARIN AYAQLARI TUTULUB, BÖYRƏKLƏRİ SIRADAN ÇIXIB

«Döşəməsiz, istiliksiz, susuz, işıqsız yerdə qalırıq. Uşaqlarımın ayaqları tutulub, ciyərləri, böyrəkləri sıradan çıxıb».

Elnarə Həmidova həyat yoldaşından 5 il əvvəl ayrılıb, dörd azyaşlını təkbaşına böyüdür. Üstəlik də şəraitsizlik:

«Şiferlərimiz sınıq-sınıq, damımız bərbad vəziyyətdədir. İcra nümayəndəsi bələdiyyənin qapısına yollayır, bələdiyyə də icra nümayəndəsinin. Deyirlər, kömək etməyə maddi imkanımız yoxdur. Sosial yardım da ala bilmirik. Deyirlər, heç yerdə işləmirsən, sənə yardım düşmür. Dörd tifili tək böyüdürəm. Ölməliyik?..».

İŞ YOX, DÖVLƏT YARDIMI YOX…

Elnarə Həmidova iş üçün yerli icra hakimiyyətinə müraciət etdiyini, ancaq müsbət nəticə olmadığını deyir:

«Bəhanə gətirirlər ki, ixtisasım yoxdur. Lap süpürgəçi işi olsun. Uşaqlarım məktəbə ac-susuz gedib gəlir. Qonşular əl uzatmasalar, çoxdan əl-ayağımızı uzadıb ölmüşdük».

Elnarə Həmidova ünvanlı sosial yardım üçün müraciət edib. Ona heç yerdə işləmədiyini əsas gətirərək ünvanlı sosial yardım təyin etməyiblər. Ancaq deməsinə görə, vaxtaşırı o və onun kimi başqa ailələr məmurların yadına düşür:

«Deputat seçkilərində, bələdiyyə seçkilərində, prezident seçkilərində… Gəlib elə şeylər vəd edib gedirlər ki, adamda ümid, ruh yaradın. Deyirsən bəs, səfil günlər arxada qalacaq. Elə ki seçkilər başa çatdı, yenə düşüb qalırsan qapılarında».

Şəkinin icra hakimiyyətindən bildiriblər ki, bu vaxtadək Elnarə Həmidova tərəfindən hər hansı müraciət olunmayıb. İkinci tərəfdən, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etməlidir.

Şəkinin Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildiriblər ki, Elnarə Həmidova, ola bilsin, şifahi müraciət edib. Sənədlərini rəsmi təqdim etsin və araşdırılsın.

XS
SM
MD
LG