Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Messi: «Ata olmaq hər şeyə yeni baxış deməkdir...»


Lionel Messi oğlu ilə birlikdə
Lionel Messi oğlu ilə birlikdə

-

“Mənim nə əndirəbadi saç düzümünə ehtiyacım var, nə də ki gözəl vücuda”

“Mən hələ də özümü anasına yalvararaq topu alıb həyətə çıxan uşaq kimi hiss edirəm. Bu hiss məni tərk edəndə futboldan gedəcəm”.

Bu sözlər "Barcelona" klubunun hücumçusu, 28 yaşı tamam olan Lionel Messiyə məxsusdur.

Onun "Həyat qaydaları" ötən il Esquire.ru saytında dərc olunub.

“Mənim əvəzimə ayaqlarım danışır.

Mən futbol oynayıram, futbol mənim sevimli oyunumdur.

12 yaşımdan Barselonada yaşayıram, amma bununla belə əksər argentinalıların düşündüyü kimi argentinalı olmaqda davam edirəm.

"HƏYAT DAHA GÖZƏL OLARDI..."

Düşünürəm ki, eqom yoxdur, hər halda hələ ki özünü göstərməyib.

Pele, Maradona, Di Stefano kimi çempionlara hörmətim sonsuzdur, amma istəməzdim ki, indi məni onlarla müqayisə etsinlər. Bu barədə mən təqaüdə çıxandan sonra danışarıq.

Uşaqlıqdan çox sakit həyat yaşayıram, bütün vaxtımı futbola sərf edirəm. Uşaq vaxtı dostlarım həmişə məni gəzməyə dəvət edirdilər, amma mən çox nadir hallarda onlarla gəzirdim, çünki sabah məşqimin olduğunu bilirdim. O vaxtdan heç nə dəyişməyib. Dostlar harasa gedirsə və məni də çağırırlarsa, mən evdə qalıram.

Fədakarlıq və istedad hər zaman yanaşıdırlar.

Həyat daha gözəl olardı, əgər hər gün yeni nəsə öyrənə bilsəydin.

"HƏYATDA QƏLƏBƏ VƏ MƏĞLUBİYYƏTDƏN DAHA VACİB ŞEYLƏR VAR"

Mən daha yaxşı olmağa qarşı deyiləm. Amma yalnız ona görə ki, mükəmməllik baxımından özümü tənqid edim.

Uğurumu heç bir şeylə ölçmürəm. Dünən olanlar dünəndə qalıb, sabahı düşünmək lazımdır. Həyatım çox sürətlə irəliləyir, keçmişi düşünməyə vaxt yoxdur. Təqaüdə çıxanda hər şey barədə düşünərəm.

Mükafat yaxşı şeydir, amma bu məni yox, jurnalistləri narahat etməlidir.

Ən gözəl qolumun hansı olduğunu deyə bilmərəm. Mən qollar barədə vacib və vacib olmayan deyə düşünürəm, gözəl və ya gözəl olmayan deyə yox. Finalda qollar hər zaman vacibdir.

Lionel Messi Argentina millisinin formasında
Lionel Messi Argentina millisinin formasında

Hər oyunda mən eyni cür oynayıram – sanki finalda oynayırammış kimi.

Oyunlardan birinin sonunda mənə “Arsenal”dan bir oğlan yaxınlaşdı və dedi ki, mənimlə bir meydançada oynamaq ona şərəf olardı. Mən düşündüm ki, “Aman allah, bunu mənə o kəs deyir ki, komandası bu dəqiqə uduzub”.

Həyatda qələbə və məğlubiyyətdən daha vacib şeylər var.

Ata olmaq hər şeyə yeni baxış deməkdir. Dünən sənin milyon vacib işin var idi, bugünsə ən vacib işin oğlundur.

Müəyyən məqamda öz-özünə deməlisən: “Sən hər zaman qalib gələ bilməzsən”

"RONALDO OLMASAYDI..."

Pul məni daha yaxşı oynamağa vadar etmir. Mən hələ də özümü anasına yalvararaq topu alıb həyətə çıxan uşaq kimi hiss edirəm. Bu hiss məni tərk edəndə futboldan gedəcəm.

Cristiano Ronaldo (solda) və Lionel Messi
Cristiano Ronaldo (solda) və Lionel Messi

Mənə peşəkar futbolçu kimi pul ödəməkdən imtina etsələr, mən eyni həvəslə pulsuz da oynayaram. Pul təbii ki həyatı daha rahat edir, amma məni ruhlandıran pul deyil. Mən futbol oynamaq üçün yaşayıram, öz iqtisadi durumumu yaxşılaşdırmaq üçün yox.

Düşünürəm ki, Ronaldo möhtəşəmdir və burada heç bir paxıllıq yoxdur. Əgər Ronaldo olmasaydı, mən ona üstün gəlməyə can atmazdım və demək ki, yerimdə sayardım.

Həyatda ən qəmgin an daha yaxşı olmayacağını düşündüyün andır.

Mən daha çox yaxşı insan olmağa çalışıram, nəinki dünyada ən yaxşı futbolçu olmaq. Əks halda karyeram başa çatanda mən nəyə malik olaram? Yaddaşlarda yaxşı oğlan kimi qalmaq mənə daha xoş olar.

Mənim hələ də üzərində işləyəcəyim işlər var, məsələn, mən eyni zamanda həm sağda, həm də solda yaxşı olmaq istəyirəm.

Argentina təkcə Messi deyil”.

XS
SM
MD
LG