Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:31

Vaqif Sultanlı. Dərviş


-

Vaqif Sultanlı

DƏRVİŞ

Hekayə

Alim Qasımova

Bu yola nə zaman çıxdığını xatırlamırdı, elə bil onu apa­ran ağlı, şüuru deyildi, hansısa görünməz, bilinməz bir duy­ğu­nun, fəhmin, qeybdən gələn ilahi bir ça­ğırışın səsinə, sehrinə, cazi­bə­sinə qoşulub gedirdi.

Bu, yol deyildi, buna yol demək olmazdı; ayaqlarının al­tında axan qumdan səhrada addımladığını duysa da, ancaq bu yolun hardan başladığını, hayana apardığını, nədən bu yolun yol­çusu olduğunu, mənzil başına nə zaman yetişəcəyini bil­mirdi.

Səhra heç zaman ona bu qədər sirli-sehrli gəlməmişdi. Bu qum dənizində onu məftun eləyən nə idi belə?.. Ətrafında gözlərinə toxunan hər şey sanki ilk dəfə görürmüş kimi onu qəribə, ecazkar sehrinə salır, duyğulandırır, özündən alıb apa­rırdı.

Yola çıxmaq istəyini qəlbində çoxdan gəzdirirdi və bu istək içində zərrə-zərrə böyüdükcə ona dinclik, rahatlıq ver­mirdi; hiss eləyirdi ki, daha əvvəlki kimi yaşamaq istəmir, ət­rafında gözlərinə toxunan hər şey onu hədsiz dərəcədə darıx­dırır, həyatın dözülməz adiliyindən xəbər verirdi. Bu yolçuluq isə nəyəsə can atmaq, nəyəsə qovuşmaq üçün deyil, ömrün yorucu, dözülməz yek­nə­səkliyinə eti­razı idi.

İndi bütün bunları xatırladıqca həyatının pəra­kəndə lövhələri göz­ləri önündən gəlib keçir, ömrünün hədər keçən illərinə təəssüf­lənirdi.

Birdən ayaq saxlayıb başını qaldırdı; səhra yamyaşıl rəngə boyan­mışdı. Dalğalanan qum də­nizi əzəli rəngini itirərək birdən-birə yaşıla bürün­müş, bom­boz qumun üstünə sanki yam­yaşıl məxmər çəkil­mişdi; daha qumun ayaqlarının altında ax­dığını hiss eləmirdi.

Ayaq saxlayıb bir andaca yaşıla bürünən səhraya ta­maşa elədi; dün­yanın bir göz qırpımındaca belə möcüzə ya­rada biləcəyini heç cür dərk elə­yəmmirdi.

Sonra heybəsini götürüb səhranı örtən yaşıl çəmənin üs­tüylə yoluna davam elədi. Çiynindəki heybə ağır idi, ancaq düşdüyü sehrin cazibəsindən bu ağırlığı hiss eləmirdi.

Bir azdan səhranı bürüyən yaşıl otluq bomboz qum də­ni­zinin içərisində görünməz oldu.

Oynamağı gəlirdi; bu ucu-bucağı bilinməyən səhranın ortasında yo­ru­luncaya, oynamaq istəyini içərisindən çıxa­rıncaya qədər oynamaq istəyirdi.

Birdən dərviş dayandı, heybəsini çiynindən çıxarıb yerə qoydu. «Axı, hayana gedirdi, onu çəkib aparan nə idi, niyə bir anlığa da olsa dayanmaq, yorğunluğunu almaq üçün bir hovur dincəlmək istəmirdi?»

Qarşıda onu gözləyən taledən xəbərsizdi, ancaq bu onu qorxutmur, getdikcə xəyalını ovsunlayan o sehrli dünyanın cazibəsi duman kimi ruhuna, varlığına hopurdu.

Dərvişin yaddaşında keçmişlə gələcək biri-birinə qarış­mışdı. «Nə idi həyatının axarını tamam başqa bir səmtə çe­virən, onu özündən, varlığından alıb apararaq dünyayla, za­man­la qarşı-qarşıya qoyan? Bəs taleyə, gələcəyə, ola­cağa üsyan edən nə idi? Bu nə qədər davam eləyəcəkdi? Bir gün bu izti­rabların sonu olmayacaqdımı?».

O, bu suallara cavab tapa bilmirdi, bəlkə cavab tap­maq da istəmirdi; can atdığı mənzilin nagümanlığı o qədər cazibədar, o qədər çəkici idi ki, onu gözləyən təhlükələrə baxmayaraq bu nagümanlığa təslim olurdu.

Küləyin kəsik-kəsik çəkib gətirdiyi zınqırov səsləri hardasa yaxın­lıqda, bir səs mən­zilində karvan yolçuluğundan xəbər verirdi. Bu səs nə qədər doğ­ma, məh­rəm olsa belə, yo­lundan dönmək, karvana qoşulmaq istəmir, karvana qo­şul­maqla taledən, qis­mət­dən qaçmış ola­ca­ğını düşünürdü.

Qulaqlarına su şırıltısı dəydi; qeyri-ixtiyari ayaq saxla­yaraq vücuduna sərinlik gətirən bu səsi dinşədi. Şırıltı səsin­dən suyun o qədər də uzaqda ol­madığı aşkar duyulurdu. Ancaq hayandan gəlirdi bu səs? Səhranın ortasında su şırıltısının bu aydınlıqda eşidilməsi mümkün idimi? Və qəri­bə burası idi ki, su səsi addım-addım böyüyür, apaydın eşi­dilirdi.

Suya yetişmək üçün addımlarını bir qədər yeyinlətdi. Və birdən gözləri önündə açılan mənzərədən onu heyrət bürüdü; səhranın sinəsi boyunca mavi dəniz uzanırdı. Nəhəng su aram-aram qumlu sahilə yayılır, sonra xəfif şırıltı ilə çə­kilib gedirdi.

Dərviş sahildə dayanıb uzun-uzadı mavi dənizə tamaşa elədi; ömründə bu mavilikdə, bu duruluqda dəniz görmə­mişdi. Daha susuzluğunu hiss elə­mirdi, sanki dənizin sərin­liyi, duru­luğu, maviliyi içərisinə axaraq suya təş­nə­liyini büs­bütün sön­dürmüşdü.

Gözlərini yumdu.

Çarıqlarını çıxarıb suya girdi. Suyun sərinliyi vücüdu bo­yu yayılaraq ruhuna, varlığına bir dinclik gətirdi. Bir müd­dət sahil boyu islanmış qum üzərində iz sala- sala ye­ridi. «Bəs, bundan belə hansı səmti tutub getməliydi?» Hansısa qeyri-adi bir istək onu dənizin qucağına səsləyir, durmağa, dayan­mağa, dincəlməyə qoymurdu.

Elə bu istəklə də özünü dənizə vuraraq suyun üstüylə yeriməyə başladı. Yeridikcə dəniz ayaqlarının altında çalxa­la­nır, ətrafa sıçra­yan ləpələr böyü­yərək iri dalğalara çevrilirdi.

Bir azdan leysan başladı, göz qırpımında səmayla dəniz biri-birinə qo­vuşdu, dünya sel-su ilə örtüldü.

Dənizin üstüylə nə qədər getdiyini xatırlamırdı; sel-su bitmək bilmirdi ki, bilmirdi. Onu ovsunlayan o səsin sehrinə dü­şüb yola çıxdığı üçün özünə, ta­leyinə qarğıyır, lənət oxu­yurdu.

Gözlərini açanda özünü yenidən səhrada gördü.

Uzaqda üfüqlər boyu sıralanan yastı təpələr qarşıda ta­mam özgə bir dün­yanın başlaya­cağın­dan xəbər verirdi. Get­dik­cə təpələr böyüyərək az qala göy qübbəsilə qovuşan sıldırım qa­­yalara çevrilirdi.

Yoxuşu qalxmaq üçün canında güc, taqət tapacaqdımı? Bunu bilmirdi, bildiyi təkcə o idi ki, nə olursa olsun, bu yoxuşu qalxmalıdı, hər şey, hər şey bundan sonra başla­yacaqdı, çünki yoxuşu qalxmasaydı, bu qədər məsafə qət eləmə­sinin heç bir faydası olmayacaqdı.

Ayaqlarına dəniz suyu toxunandan yorğunluğunu unut­­muşdu, sakit addımlarla yoluna davam eləyirdi, ancaq bu, daha əvvəlki yola bənzəmirdi. İndiyədək keçib gəldiyi yolun bu sayaq yoxuşu olmamışdı; yoxuş sərtləşdikcə, nəfəsi təngiyir, addımları seyrəlirdi, ancaq dayanmırdı, elə bil dayanıb bir an­lığa nəfəsini dərsəydi, hər şey bitər, qurtarardı.

Ancaq dayandı və çevrilib arxaya, keçib gəldiyi upuzun yola baxdı: dağın köksüylə burula-burula ağappaq cığır uza­nırdı. Bu uzunluqda yoxuşu necə qət elədiyini ağlına, təsəv­vürünə gətirəmmirdi.

Təkrar yoluna davam elədi. Yolun ətrafını dərin, dibsiz, sərt uçu­rumlar kəsirdi, cığır getdikcə daralır, yerimək çətin­ləşirdi, gah sağından, gah da solun­dan vəhşi ehtirası ilə ağzını açan uçuruma ba­xan­da gözləri qara­lırdı.

Hava qaranlıqlaşdığından ayaqlarının altını güclə seçir­di. Daha əvvəlki kimi yeriyə bilmir, addımlarını ehtiyatla atır, uçuruma yuvarlanmaqdan qor­xurdu. Bir yandan da ürə­yindən cığırdan çıxıb, uçuruma yuvarlanmaq xofunu içə­ri­sindən qova­raq daşa-kəsəyə, kola-kosa məhəl qoymadan yo­xuşu qalxmaq istəyi keçirdi.

«Bu cığırı kim salmışdı, nə zaman salmışdı? Kimlər keç­mişdi bu cığırın üstündən? Onun bu cığırla getməyə haqqı vardımı? Vardısa, bu haqqı kim vermişdi ona? Nə üçün o başqalarının açdığı cığırla addımlamalıdı…».

Hiss etmədən cığırdan çıxaraq özünü qaranlığa vurdu. İndi hara get­diyinin fərqində olmasa da, özünü bayaqkından daha rahat hiss eləyirdi. Elə bil üstündən ağır bir yük götü­rülmüşdü, indi onu nə ayaqlarını əzən, dırnaq­larını qanadan daş-kəsək, nə də hər an yuvarlana biləcəyi dibi gö­rün­məyən uçurum qorxudurdu, elə rahat ad­dımlayırdı ki, sanki yoxuşa qalxmır, hamar, düppədüz yolla yeriyirdi.

Hava əməlli-başlı soyumuşdu, ancaq soyuğa, sazağa baxmayaraq yo­xuşa qalxdığından qan-tər onu yuyub apa­rırdı, bircə anlığa ayaq saxlayan kimi bədəni soyuyur, əli-qolu buza dönürdü; özünü soyuğa verməmək üçün gücü çat­dığı qədər addımlayır, necə olur-olsun mənzil başına yetiş­mək istə­yirdi.

Yolun isə sonu görünmür, yoxuş uzandıqca uzanırdı. Əl-qolunu kol-kos çızıb qanatmış, ayaqlarını daş-kəsək qançır elə­mişdi, ancaq bədənində heç bir ağrı hiss eləmirdi, sanki bütün əzaları korşalmış, onu ardınca çəkib aparan o ilahi duy­ğudan sa­vayı hər şeyə biganə olmuşdu.

Bütün gecəni beləcə üzü yoxuşa dırmandı. Hərdən da­ya­nır, bir anlığa nəfəsini dərir, sonra yenidən yoluna davam edirdi. Dan yeri söküləndə özünü dağın zirvəsində gördü və günəşin doğuşuna tamaşa eləyə-eləyə rahat nəfəs aldı.

Yol dağın zirvəsində bəmbəyaz qar örtüyünə bürünərək bitirdi və yolun bitdiyi dağın bəyazlığa bü­rünən zirvəsindən ba­xanda arxada qoyub gəldiyi dünya ovcunun içəri­sindəymiş kimi apaydın görünürdü.

Dərviş bir müddət dayanıb dünyaya tamaşa elədi. O, indiyədək dün­yanın bu qədər gözəl, bü qədər əsrarəngiz oldu­ğunu duymamışdı, ancaq dünya nə qədər gözəl olsa da, daha geri dönmək istəmirdi. İndi onun üçün geri dön­məkdən çətin və əzablı heç nə olammazdı. «Bəs neyləməlidi, hayana get­məlidi… Həyatının bundan sonrası necə olacaqdı… Hansı duyğunun sə­silə bu­ra­ya gəlib çıxdı… Bu nə iş idi, nə qismətdi belə…».

Əvvəlki kimi nə isə onu irəli çəkir, sirli, dumanlı bir alə­mə doğru səs­ləyirdi, ancaq daha taqəti qalmamışdı; halsızlıq­dan ayaq üstə dayana bilmirdi, bəri-bədəni, beli-bu­xunu elə ağrı­yırdı ki, deyirdin bu saat sümükləri qırılıb yerə tökülcək. Ağrı­larının səsini eşidirdi; get-gedə qollarnıa, çiyin­lərinə yığı­lan ağ­rı­­lar daha dözülməz olur, huşunu başından alıb apa­rırdı.

Müvazinətini itirməmək üçün yavaşca daşın üstünə çökdü və nə zaman huşunu itirdiyindən xəbəri olmadı. Handan-hana gözlərini açanda bayaqkı ağrı-acılardan əsər-əlamət qal­ma­mış­dı, özünü quş kimi yüngül hiss eləyirdi.

Oturduğu yerdən qalxaraq yenidən ətrafa göz gəzdirdi; bayaq dağın zirvəsindən apaydın görünən dünya indi du­mana, bozluğa bürünmüşdü. Təkcə səma aydın idi. Qəfildən gözləri çi­yinlərindən göyərib qalxan qanadlara sa­taşdı. Dəli bir ehtiras onu səmalara doğru çəkir, ayaqlarını yerdən üzürdü.

Qarşıda onu göy üzünün ucsuz-bucaqsız ənginliyi göz­ləyirdi.

2003, Bakı

XS
SM
MD
LG