Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:56

Vaqif Sultanlı. Vətən


-

Vaqif Sultanlı

VƏTƏN

Hekayə

İt bir vaxt qoruduğu həyətin yanında dayanıb durdu. Öm­rünün ən xoş illərinin bağlandığı bu ev, bu yurd indi onunçün dünyanın uzaq, əlçatmaz bir məs­kəninə çevrilmişdi.

Üç günüydü ki, ac idi; hansı qapıya ayaq ba­sırdısa, qovub çıxarırdılar; özünə yurd, sığınacaq tapa bilmirdi. Küçənin so­nundakı üfunət iyi verən qat-qarışıq zibilliyi burnu ilə neçə dəfə eşələmiş, ancaq bir şey tapa bilməmişdi.

Tənbəl-tənbəl küçə boyu göz gəzdirdi. Birdən yolun sağındakı daş hasarın dibində düşüb qalmış iri bir sümük göz­lərinə sataşdı. Böyür-başına baxdı, sanki kimdənsə ehtiyat elə­yirdi, kimsə sümüyü əlin­dən ala bilərdi. Ancaq yol boyu ins-cins gözə dəy­mirdi. Qorxa-qorxa sümüyü dişləri arasına alıb yolun sonundakı kimsəsiz bir dalana çəkildi. Sümük bıçaqla elə təmizlənmişdi ki, üstündə bircə tikə belə ət qal­mamışdı. Çü­rümüş iri dişləri ilə cəhənglərinin suyu axa-axa nə illah elədisə sümüyü sındıra bilmədi. Sümük dişlərinin arasında o yan bu yana çevrildikcə ağzının suyu şoralanıb gedirdi. Sümüyü atıb tən­bəl-tənbəl geri döndü.

Göyün yüksəkliyində ağ pənbə buludlar qızarıb qan rəngi almışdı. Elə bil buluddan yağış əvəzinə isti qan yağacaqdı.

Qarşıdakı dağların zirvəsi axşam günəşinin sol­maqda olan şəfəqləri altında saralırdı. Evsiz, yurdsuz bu kənddə özünü qərib, uzaq hiss eləyirdi.

Bir vaxt sahibi onu balaca rahat damda sax­layar, hər gün ləzzətli yal verərdi. Ancaq bu xoşbəxt günün ömrü uzun sürmədi; günlərin birində sahibinin uzaq şəhərdə yaşayan oğlu gəlib atasını yığışdırıb özüylə apardı. Qoca getmək istəmirdi, ancaq oğlu əl çək­mə­di, hər dəqiqə müharibənin başlayacağı, kən­də hücum olacağı təhlükəsini bəhanə gətirərək kişini razı saldı. Sahibi yığışıb getməmişdən qabaq evin, həyətin qapı­sını qıfılladı. O, sahibinin kənddən çıxıb getməsini istəmirdi, ancaq ona fikir verən kim idi...

Qocanı kənd­dən çıxana kimi ötürdü. Kəndin ətəyində yovşan­lı düzənliyin arası ilə uzanan çınqıllı yolda sahibi onun boynunu qucaqladı. Sonra geriyə baxmadan dayanıb onu göz­ləyən maşına oturdu.

Maşında qocanın oğluyla əsəbi tərzdə danışa-da­nışa ona tərəf baxmasından söhbətin onun haqqında getdiyini hiss elə­yirdi. Elə bil sahibi onu özüylə gö­türmək istəyir, oğlu isə etiraz eləyirdi. Hətta oğlu maşından düşmək istəyən atasının qolundan dartaraq:

– Gəl gedək, sən allah, bizi xalqa güldürmə, - dedi və qa­pını çəkib hirslə bağladı. Maşın düzənliyin genişliyində ki­çilib gözdən itənə kimi it dayanıb sahibinin arxasınca baxdı. Sonra qayıdıb həyətə girdi. Bu, ömrünün ən yalqız və ümidsiz çağla­rıydı.

Sahibi kəndin sayılan-seçilən adamlarındandı. Onun ge­dişindən sonra kənd yavaş-yavaş boşalmağa başladı. Kimin şə­hərdə tanışı-bilişi, simsarı vardısa, ev-eşiyinin qapısını bağlayıb kənddən çıxdı. Sonra kən­di gecələr ermənilər atəşə tutmağa başladılar. Bə­zən atışma səsləri səhərəcən kəsmək bilmirdi. O, ge­cələr silahlı ermənilərin kəndin ətəyinəcən yaxınlaş­dı­ğını, adamları qorxutmaq üçün cürbəcür oyunlar çı­xardığını görür, ancaq insan dilini bilmədiyi üçün bir şey eləyə bilmirdi.

Payıza doğru kənd düşmən əlinə keçdi.

İt kəndi ən sonda tərk elədi.

Güllə dəymiş ayağının ağrısından huşunu itirə-itirə ge­cəni gündüzə qatıb şəhərə gəldi. Bilirdi ki, sahibi şəhərdədi və hər gün yeni bir ümidlə şəhərə çıxırdı ki, bəlkə sahibini görə, sahibinin rəhmi gələ, saxlaya. İt bilirdi ki, şəhər evlərinin kənd­dəki kimi keşikçiyə ehtiyacı yoxdu, ancaq bununla belə ümidini üzməmişdi.

İstəyirdi ki, kimsə onu itliyə götürsün, evini-eşiyini, hə­yətini-bacasını tapşırsın. İstəyirdi ki, sahi­bi olsun, ancaq özünə ağa, sahib tapammırdı, itlik eləyə bilmirdi, beləcə ömür-gün ke­çib gedirdi.

İtin bütün ömrü beləcə böyük şəhərin küçələ­rin­də keç­miş, ancaq sahibindən bir xəbər çıxmamışdı. İt bilməmişdi ki, sahibi əsirlikdə olan yurdunun xif­fətini çəkə-çəkə dünyadan köçüb. İt indi də sahibinin şəhərin kənarındakı qəbiristanlıqda uyuyan ot basmış qəbrindən xəbərsiz idi. Neçə illərdi ki, kəndin düş­mənlərdən geri alınacağı barədə söhbət gedirdi. Ancaq bu quruca söhbət idi, kəndin hansı yolla qay­ta­rılacağını bir kimsə bilmirdi.

İt kənd üçün darıxır, yurd-yuvasını itirmiş insanlar kimi şəhərin küçə­lərində ölmək istəmirdi. Doğma kəndi, doğul­du­ğu, küçüklük illərini keçirdiyi, böyüyüb ərsəyə gəl­diyi yerlər üçün burnunun ucu göynəyirdi. Ancaq nədənsə kəndə dönmək in­sanları onun qədər na­rahat elə­mirdi.

Və nəhayət, bir gün kəndə dönməyi qərara aldı.

İndi bütün bu əhvalatlardan sonra kəndə dönmüşdü.

Havanın rəngi get-gedə solurdu. Dağdan əsən axşam kü­ləyi vələs meşələrinin acıtəhər ətrini qovub kəndə gətirirdi. Bu, itə tanış idi, doğma idi, küləkli gecələrdə damın qənşərində uza­nıb mürgüləyəndə bu ətir onu bihuş eləyərdi.

Qapı aralı idi, həyətdə kimsə gözə dəymirdi. Ayaqlarının ucunda sivişib içəri keçdi. Evin qənşə­rindəki ağacların arasında göy yoncalıqda uzandı. Hündür qurşağa qədər qalxan yon­calıqda onu görən olmazdı. Bir vaxt sərin yay gecələrində burda göy otluqda boz qancıqla səhərə kimi mazaqlaşardı. Səhər ala­qaranlıqlı sahibi qalxmamışdan boz qancığı ötürər, özü isə hə­yətdə, damın qənşərində uzanıb gecənin yuxusunu alardı.

Qulağına dəyən ayaq səsləri iti xəyaldan ayırdı. Başını cəld pəncəsi üstündən qaldırıb arxaya qanrı­lan­da saqqallı bir kişinin əlində tüfəng ehtiyatla ona sarı gəldiyini gördü. Ac, taqətsiz bədəninə uyuş­ma­yan bir cəldliklə yerindən sıçrayıb çəpər boyu götürüldü.

Saqqallı kişinin yad dildə söyüş söyə-söyə arxa­sınca yü­yürdüyünü hiss elədiyindən çəpərin üstündən atılmaqdan başqa bir çarə qalmırdı. Ancaq gərək bağın ayağınacan qaça... Orda çəpər bir qədər alçaqdı, atılmaq asan olardı...

Çəpərin üstündən atılmaq istəyəndə güllə açıldı. İtin bədəninə ilıq bir hərarət yayıldı. Ulaya-ulaya vələs meşələrinin ətəklərinə kimi qaçdı, sonra taqətsiz halda torpağa sərildi.

Qürub çağıydı.

Axşam günəşinin tünd qızılı şəfəqləri itin yarı­yumulu, işığını itirməkdə olan gözlərində solurdu. İt o həyəti, o evi, evin bacasından çıxan ağ tüstü bu­rum­larını son dəfə görmək üçün başını torpaqdan aralamaq istədi, ancaq bacarmadı.

2000, Bakı

XS
SM
MD
LG