Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:02

«Danışır Azadlıq radiostansiyası! Həmvətənlər, nəhayət!..» - II hissə


Əbdürrəhman Fətəlibəyli
Əbdürrəhman Fətəlibəyli

-

Yazının 1-ci hissəsini burada oxu

“Almanlarla əməkdaşlığa razılaşdıqdan sonra Fətəlibəyli-Düdənginski Azərbaycanın müstəqilliyi məsələsini birbaşa qoymadı.”

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına tarixçi alim Nəsiman Yaqublu söylədi.

BERLİNDƏ ÜÇRƏNGLİ BAYRAQ DALĞALANIR – 1943-CÜ İL!..

Onun sözlərinə görə, bu, keçici xarakter daşıyırdı:

“Bir qədər ötəndən sonra Fətəlibəyli Sovet İttifaqından olanlar arasında azərbaycanlı legionerlərin Milli Azərbaycan qurultayını keçirdi. 1943-cü il noyabrın 6-da qurultayın təntənəli açılışı oldu. Almaniya dövləti qurultaya təbrik və nümayəndələr göndərmişdi. Eyni zamanda digər xalqların təmsilçiləri də bu qurultayda iştirak edirdi. Əsas məruzəçi Fətəlibəyli idi. O dedi: biz çar valilərinə, bolşevik girovluğuna dözmədiyimiz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəklər!”. Qurultay Azərbaycanın müstəqil yaşaması barədə ayrıca sənəd qəbul etdi. Berlində “Kayzeroff” otelində keçirilən qurultayda Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı...”.

ƏSİRLƏRİ GÜLLƏLƏYİRLƏR!

Nəsiman Yaqublu II Dünya Müharibəsinin başa çatmasıyla Fətəlibəylinin daha bir missiyasının üzə çıxdığına diqqət çəkdi:

Stalin
Stalin

“Əsirləri xilas etmək lazım idi. 1945-ci ildə Yaltada keçirilən konfransda Stalin ABŞ və Böyük Britaniya qarşısında belə bir məsələ qoydu ki, hər bir dövlət əsirləri məxsus olduğu ölkəyə qaytarsın. Bu, Krım-Yalta sazişinin 11-ci maddəsində nəzərdə tutulmuşdu. Sonradan məlum oldu ki, Stalin bu adamları geri alıb güllələyir... Geri qayıdanların sağ qalan çox az hissəsini də Sibirə göndərirdilər. Amma Amerika və Böyük Britaniya dövlətləri əsirləri öldürmədi. Bir qədər sonra ABŞ Konqresində və Senatda çox ciddi dinləmələr oldu.

Ruzveltin həyat yoldaşı Eleonora Ruzvelt konqresdə sərt bəyanatla çıxış etdi. Bildirdi ki, biz bu əsirləri sovetlərə verməməliyik. O xanımın təşəbbüsündən sonra Avropada əsirlərə münasibət dəyişdi. Yəni bu illərdə Fətəlibəyli-Düdənginski həmin hadisələrin mərkəzində dayanırdı”.

QORXMAZ!

Araşdırıcı Düdənginskinin çox qorxmaz insan olduğunu deyir:

“Azərbaycanlıları xilas etmək üçün əvvəlcə çox sayda hərbi birlikləri Şimali İtaliyada yerləşdirdi. İtaliya dövləti ilə danışıqlar apardı. Vatikana gedib Roma Papası ilə görüşdü. Bir qədər sonra Qüds müftisi ilə danışıqlara başladı. 600-ə yaxın azərbaycanlının Misirə getməsinə icazə almağı bacardı. Eşidəndə ki ora göndərilən azərbaycanlıları Fələstin cəbhəsinə cəlb ediblər, Misirə gedib onları geri götürdü, “bu insanlar bura savaş üçün deyil, xilas üçün gəliblər” – deyərək onları Türkiyəyə yola saldı. Türkiyəyə gedib legionerlərin yaşayışı ilə maraqlandı. Almaniya və ABŞ rəsmiləri ilə danışıqlar aparmağa başladı. Və Düdənginskini fəal işə cəlb edən, sonralar ABŞ-ın prezidenti olan Duayt Eyzenhauerin başçılığı altında SSRİ-yə qarşı psixoloji müharibə proqramı hazırlandı”.

“AZAD AVROPA”, “AMERİKANIN SƏSİ” RADİOLARI YARANDI

Nəsiman Yaqublu sözügedən proqramın 1949-cu ildə Nyu-Yorkda hazırlandığını bildirir:

”Bir qədər keçəndən sonra bu proqram əsasında Avropadakı mühacirlərlə danışıqlar başlandı. Azərbaycanlılardan, özəlliklə Düdənginski və Ceyhun Hacıbəyli ilə. Onlar psixoloji savaş proqramın tərkib hissəsi olan bir neçə sahəyə cəlb edildilər.

İlk növbədə vəsait ayırıb radio-təbliğat işini gücləndirmək nəzərdə tutulurdu. Elə bunun nəticəsində 50-ci illərin əvvəllərində “Azad Avropa” “Amerikanın səsi” radioları fəaliyyətə başladı. Bir qədər sonra “AzadlıqRadiosu” efirə çıxdı. İlk adı “Qurtuluş” idi. Sonra “AzadlıqRadiosu” oldu”.

“DANIŞIR AZADLIQ RADİOSU! HƏMVƏTƏNLƏR!”...

Nəsiman bəy Düdənginskinin bu radioya cəlb edilən ilk şəxslərdən olduğunu deyir:

Arxiv foto
Arxiv foto

“AzadlıqRadiosunun ilk verilişlərinin materialları arxivimdə var. Baxdıqca heyrətə gəlirəm. Bir adam bir radionun işini tək görüb. Nə qədər enerjili olub! Xəbərlər hazırlayıb, verilişlər hazırlayıb:

“Danışır Azadlıq radiostansiyası! Həmvətənlər! Nəhayət, bizim özümüzün xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik... Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz azadlığa olan iradəmizi yaşatmaqdır!” – AzadlıqRadiosunun Azərbaycan redaksiyası 1953-cü il martın 6-da ilk efirinə bu sözlərlə başlayıb. Və Əbdürrəhman Fətəlibəyli həmvətənlərinə o vaxtlar AzadlıqRadiosunun yerləşdiyi Münhendən üz tutub”.

“AZƏRBAYCAN” DƏRGİSİ

Araşdırıcı bildirir ki, bu illərdə Düdənginskinin gördüyü ən böyük işlərdən biri “Azərbaycan” adlı dərgini nəşr etməsi olub:

“Onlar bu dərgini Ceyhun Hacıbəyli ilə birgə nəşr etməyə başladılar. Jurnal rus və Azərbaycan dillərində çıxırdı. Burada Düdənginskinin məqalələrinə daha çox yer ayrılırdı. Onun fəallıq göstərdiyi 3-cü sahə də vardı. Bu da, ABŞ-ın o vaxtlar Münhendə yaratdığı “SSRİ-ni Öyrənmə İnstitutu” idi. Çox böyük institut idi və orada çox sayda insanlar çalışırdı. Fətəlibəyli-Düdənginski bu institutun aparıcı işçilərindən biri olub”.

“AZƏRBAYCANLILARIN DA... LİDERİNİ ÖLDÜRDÜLƏR”

Nəsiman Yaqublu bu işlərin diqqətdənkənar qalmadığını bildirir:

Arxiv foto
Arxiv foto

“Bir daha təkrar edirəm ki, Abo Düdənginski bu ilərdə çox fəal çıxış edirdi və bütün bu çıxışlar sovet dövlətinə qarşı mübarizəyə yönəlmişdi. Mən bir sənəd tapmışam. O sənədə əsasən demək olar ki, Düdənginskiyə artıq Stalinin sağlığında – 1953-cü ildə ölüm hökmü kəsilmişdi...1954-cü ildə sovet hökuməti bu cür insanlara qarşı böyük əməliyyat apardı. Azərbaycanlıların da, ukraynalıların da liderini öldürdülər. Bir neçə nəfərə qarşı da qəsd törətdilər, amma öldürə bilmədilər, ciddi xəsarət yetirdilər. Və bu qəsdlərin hamısı o insanların fəaliyyəti ilə bağlı idi”.

“ƏMƏLİYYATI HƏYATA KEÇİRMƏK LAZIMDIR!”

Nəsiman bəy Münhendəki qətlə belə aydınlıq gətirdi:

”1954-cü ildə Azərbaycandan Mikayıl İsmayılov adlı bir şəxsi göndərdilər. Bu adam əski legionçu olub və Düdənginski ilə bir taburda vuruşub. Müharibə qurtarandan sonra İtaliyada yaşayıb, sonra İtaliyadakı SSRİ səfirliyinə müraciət edib və Azərbaycana qayıdıb. Düşünüb ki, artıq hər şey bitib, ona heç nə etməyəcəklər. Lakin geri qayıdandan sonra SSRİ-nin Məxfi İdarəsi onun ailəsini girov götürüb və qarşısında şərt qoyub ki, Düdənginskini öldürməlisən! O da Almaniyaya gəlib, Düdənginski ilə görüşüb, çünki onlar tanış idilər. Və bir müddət Münhendə yaşadıqdan sonra Mikayıl fikrini dəyişib, Düdənginskini öldürmək istəməyib. Bu zaman SSRİ-dən göndərilən bir xanım ona xatırladıb ki, əməliyyatı həyata keçirmək lazımdır. Yoxsa ailənizi başqa tale gözləyəcək... Mənbələrdə göstərilir ki, o, istəmədən, məcburən bu qətli törədib.

Düdənginskini öldürəndən sonra Azərbaycana qayıdıb və bir qədər sonra yaşadığı bağda onu asaraq izi itirdilər”.

60 İL ÖNCƏ... MÜNHENDƏ QƏTL...

Nəsiman bəy qatilin izi azdırdığını da vurğuladı:

“1954-cü il noyabrın 20-də onlar şəhərdə yeyib-içirlər, sonra Mikayıl ”dostunu” kirayə yaşadığı evə aparır və öldürür.

Öz paltarını ona geyindirib aradan çıxır. Elə ona görə də, Düdənginskini başqa bir adla dəfn edirlər. Bir həftədən sonra görürlər ki, AzadlıqRadiosunun Azərbaycan xidmətinin baş redaktoru yoxdur, işə çıxmır. Axtarış nəticəsində bir qədər əvvəl şəhərdə naməlum adamın dəfn olunduğunu öyrənirlər. Onu qəbirdən çıxarıb tədqiqat aparanda ölənin kimliyi üzə çıxır... Daha sonra İsmayıl Əkbər Azərbaycan xidmətinin başçısı oldu”.

MƏHKƏMƏ – ÖLDÜRƏN KİM, ÖLƏN KİM...

Nəsiman Yaqublu bu qətlin dünyada əks-səda doğurduğunu söyləyir: “Almaniyada böyük məhkəmə quruldu. Bu materiallar, indi söylədiklərimiz alman mətbuatında geniş yer aldı. Təbii ki, ABŞ öz işçisini diqqətdənkənar qoymazdı. Və tədqiqat hər şeyi açıqladı – öldürən kim olub, nə üçün öldürülüb və s... Abo Düdənginskinin başına gələn bu faciədən sonra həyat yoldaşı Leyli xanım və oğlu Əli bəy ABŞ-a getdilər. O vaxtdan bəri onların haqqında dəqiq məlumat yoxdur. Ancaq onu deyirlər ki, Leyli xanım rəhmətə gedib. Oğlu Əli bəy son illərədək sağmış. Əli bəy 1939-cu il doğumlu olub...”.

“O, YENİ TİPLİ LİDER İDİ!”..

Verilişin bələdçisi Düdənginskini XX əsr Azərbaycanının yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən sayır: ”Mən həmişə demişəm və indi də təkrar edirəm: O yeni tipli bir lider idi. Bir tərəfdən hərbçi jurnalist, bir tərəfdən siyasətçi, bir tərəfdənsə sırf hərbçidir. Onun hərbi bacarığı ilə jurnalistlik bacarığı yalnız bir nöqtədə birləşir – o da Azərbaycanın müstəqilliyi və azadlığıdır!”.

XS
SM
MD
LG