Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:13

Qubanın Zərqova kəndində 179 şagird təhsilsiz qala bilər


Arxiv fotosu
Arxiv fotosu

-

“Biz Qubanın ən ucqar kəndində yaşayırıq. Bu kənddə bir uçuq-sökük məktəb var. Ötən əsrin ortalarında yarımçıq inşa edilib. Məktəb elə əvvəldən ciddi texniki qüsurla tikilərək natamam təhvil verilmişdi. O vaxtdan bəri, burada təmir-tikinti işləri aparılmayıb. Divarları çatdan aralanıb, döşəmələr çürük-çürük, dam örtüyü demək olar ki, yoxdur, çürüyüb. Məktəb avadanlıqları köhnə, sınıq-salxaq...”

Qubanın Zərqova kənd sakini Şahin Əsədovun iki övladı təhsildən kənar qalıb. Daha doğrusu, kənddə getməyə əməlli-başlı məktəb olmadığına görə aradabir dərsliklərini elə evdəcə açıb bağlayırlar. Orta məktəb deyilənə görə, bərbad gündədir.

VALİDEYNLƏR UŞAQLARI MƏKTƏBƏ BURAXMIR

Şahin Əsədov:

“Məktəbin pəncərələrinin şüşələri yoxdur, pis vəziyyətdədir. Vaxtaşırı yağan yağışlar isə məktəbi daha da pis günə qoyub. Yağış suları sinif otaqlarına, zirzəmiyə yığılır. Şagirdlər suyun içində dərs keçirdilər. Bir sözlə, məktəb deyildi, xəstəlik mənbəyi idi. Uşaqları bir müddətdir ki, kənd klubuna köçürüblər. Hərçənd, ora da ürəkaçan vəziyyətdə deyil. Şəxsən mən uşaqlarımı dərsə buraxmıram”.

Kənd sakinləri son bir ayda məktəbin vəziyyəti ilə bağlı FHN-in Baş İdarəsinə, Şimal Regional Şöbəsinə, Qubanın icra hakimiyyətinə, təhsil şöbəsinə təkrar-təkrar müraciət ediblər.

MÜƏLLİM YAZIR...

Başqa kənd sakini İdrak Həsənov:

“Bilmirik nəyi gözləyirlər. Gərək elə bina tamam uçub dağılsın, ondan sonra tədbir görsünlər”.

Sakinin sözlərinə görə, məktəbdə 179 şagird oxuyur, bu isə o deməkdir ki, 179 azyaşlının həyatı təhlükə ilə üz-üzə qalıb.

Elə həmin məktəbin adının çəkilməsini istəməyən bir müəllimi isə AzadlıqRadiosuna yazıb:

“40 ilə yaxındır ki, bu məktəbdə müəllim işləyirəm. Məktənin binası keçmiş sovetlər dövründə - 1975-ci ildə - mənim burada müəllilik fəaliyyətinə başladığım ildə başdansovdu tikilərək istifadəyə verilib. Hazırda zəlzələ nəticəsində binada iri çatlar əmələ gəlib. Tam qəzalı vəziyyətə düşüb və məktəb kimi istifadəyə yararsızdır”.

Müəllim yazır ki, məktəbdə tikildiyi vaxtdan bu tərəfə bircə dəfə də təmir işləri aparılmayıb:

Arxiv fotosu
Arxiv fotosu

YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞƏN ŞAGİRDLƏR

“Binada tədris işləri aparmağı aidiyyəti idarələr qadağan edib. Şagirdlər 1950-ci illərdə - keçmiş kolxoz dövründə çiy kərpicdən tikilmiş, indi dağılmaqda olan, pəncərə və şüşələri sınıq-salxaq vəziyyətdə olan köhnə klub binasına köçürülüb. Necə deyərlər, yağışdan çıxıb yağmura düşmüşük. Rayonun heç bir təşkilatı məsələyə reaksiya vermir. Biz müəllimlər, kənd sakinləri balalarımızın bu vəziyyəti barədə dərs ili başlanandan aidiyyəti təşkilatlara məktublar ünvanlamışıq. Hələ də nəticə yoxdur”.

Müəllim əsas yazılı müraciətlərinin ölkə başçısı İlham Əliyevə, deputat Vahid Əhmədova və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya olduğunu qeyd edir. Ancaq heç bir reaksiya olmadığından məktubların ünvana yetişdiyinə inanmır.

AzadlıqRadiosuna ünvanladığı məktub bu sualla bitir:

“Məktublarımızın prezidentə, aidiyyəti üzrə başqa qurumlara çatması üçün nə etməliyik?”

TƏMİR VƏDİ...

Quba rayon icra hakimiyyətinin Zərqova üzrə kənd icra nümayəndəsi Səfər Bayramov da məktəb binasının çat verdiyini, 20 ildir ki, bu vəziyyətdə qaldığını təsdiqləyib.

Quba rayon təhsil şöbəsinin müdiri əvəzi Loğman Müslümov isə Zərqova məktəbinin Nazirlər Kabinetinin qərarına əsasən yaxın illərdə əsaslı şəkildə təmir olunacağını deyib.

Zərqova kənd məktəbinin kontingenti 179 şagirddən, 21müəllimdən ibarətdir.

XS
SM
MD
LG