Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:35

«Repressiyalar Azərbaycanın sədrliyini ləkələyir»


Azərbaycanın siyasi məhbusları
Azərbaycanın siyasi məhbusları

-

“Azərbaycanın müstəqil səslərə qarşı çoxdankı repressiyası böhran həddinə çatıb. Bu, ölkənin Avropa Şurasında altı aylıq sədrliyi dövrünün başa çatdığı bir vaxta təsadüf edir,” Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatı sentyabrın 29-da yaydığı bəyanatda belə deyir. Qurum bildirir ki, belə bir vəziyyət şuranın Avropanın öncül insan haqları qurumu kimi mövqeyini sınağa çəkir.

“Azərbaycan hökumətinin hüquq müdafiəçilərinə və hökumətin digər tənqidçilərinə sistematik təzyiqi onun Avropa Şurası öhdəliklərinə aydın hörmətsizliyini göstərir,” Human Rights Watch-un Cənubi Qafqaz tədqiqatçısı Giorgi Gogia deyib. “Bu davamlı repressiyanın cavabsız qalması institutun nüfuzunu hədələyir”.

TARİXÇƏNİ TƏMİZLƏMƏKDƏNSƏ...

Human Rights Watch
Human Rights Watch

Azərbaycan 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyə başlayıb. Ancaq hökumət, öhdəliklərini yerinə yetirməməsi, tənqidçiləri susdurması kimi tarixçəsini təmizləmək əvəzinə, təzyiqləri gücləndirib; hüquq müdafiəçiləri, jurnalistlər, sosial media fəallarına saxta ittihamlarla hücuma keçib.

HRW bildirir ki, son iki il yarımda Azərbaycan azı 50 müstəqil və müxalifət fəalı, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı əsaslandırılmamış ittihamlar irəli sürüb. Hazırda onlardan çoxu barmaqlıqlar arxasındadır. Azərbaycan Avropa Şurasında sədrliyə başlayandan hökumət azı 11 nəfəri həbs edib, onlardan azı 9-u siyasi motivlərlə məhkum olunub.

Bəyanatda qeyri-hökumət təşkilatlarının susdurulmasına yönəlik yeni qanunvericilik dəyişikliklərindən, QHT-lərin bank hesablarının dondurulmasından da bəhs olunur. Özəlliklə hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyevin hədəfə alındığı vurğulanır. Naxçıvanda döyülmüş jurnalist İlqar Nəsibovun özünə qarşı cinayət işinin açıldığı xatırlanır.

TƏLƏBLƏR

HRW-un bəyanatında deyilir:

“Avropa Şurasının rəhbərliyi, baş katibi, parlament assambleyasının prezidenti, insan haqları komissarı, eləcə də üzv dövlətlər Azərbaycan hökumətini çağırmalıdır ki:

  • Bütün səhvən həbsə atılmış şəxslər dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın və onlara qarşı siyasi motivli işlər ləğv edilsin;
  • Müstəqil qurumlara qarşı qısnama və qorxutma kampaniyası dayandırılsın və onların maneəsiz işinə şərait yaradılsın və
  • Çoxdan gözlənilən insan haqları islahatları yubanmadan həyata keçirilsin, buraya Azərbaycanın Avropa Şurasında daxil olarkən götürdüyü öhdəliklər də aid edilsin”

MÜNASİBƏTLƏR BELƏ DAVAM EDƏ BİLMƏZ

Giorgi Gogia
Giorgi Gogia

“Azərbaycanın Avropa Şurasının sükanı arxasında olarkən tənqidçiləri qəddarcasına susdurması bu quruma və onun müdafiə etdiyi hər şeyə qarşı hücumdur. Şuranın rəhbərliyi Bakının davranışını ən mümkün güclü ifadələrlə pisləməli və aydın şəkildə bildirməlidir ki, siyasi motivlərlə həbs olunanlar buraxılanadək və təzyiq kampaniyası sona çatanadək münasibətlər adi qaydada davam edə bilməz,” Gogia bildirib.

Sentyabrın 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlanır. Sessiya çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində müzakirələr keçiriləcək.

XS
SM
MD
LG