Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Çay, yoxsa zibil axıntısı?...


Arxiv fotosu
Arxiv fotosu

“Vaxtilə ruzimiz bu çaydan çıxardı. O qədər balıq tutardıq ki... İndi bu çayda zibil üzür. O qədər iyrəncdir ki, 1 ildən çoxdur əl də yumuruq”.

Lerikin Rvo kəndinin orta məktəb müəllimi Asif Nəzərov Şovuda yaşayır. Çay kənarında isə bağları var. 3 gündür ki, gecəsini gündüzünə qatıb. Bağın ağaclarını suvarmaq üçün quyu qazır.

Şovlu kəndinin sakinləri 100-150 metr aralıdan axan Lənkəran çayından azı bir ildir ki, istifadə edə bilmirlər.

“Bağımız çayın kənarındadır. Ağlım kəsəndən görmüşəm ki, ağacları Lənkəran çayının suyu ilə suvarıblar. 3 gündür ki, həmin bağda quyu qazıram. Vaxtilə o çayın suyunu içirdik. İndi heç ağac suvarmağa da yaramır”.

Lənkəran çayı təqribən 100 kilometr ərazini əhatə edir və Xəzərə axır. Çayın keçdiyi bir neçə kənd indi ondan istifadə edə bilmir. Xəzərə isə bu istiqamətdən neçə ildir ki, çay yox, zibil axıdılır.

İMKANLI ADAMLAR BİZƏ QONŞU OLANDAN...

Şovulu Asif Nəzərov saytına danışır:

“Çayın yanından ötmək mümkün deyil. Gərək burnunu tutub keçəsən. Hələ ömrümdə iylənən çay görməmişdim. O qədər zibil atırlar, o qədər murdar, tullantı sular axıdılır ki bu çaya... Nəinki özümüz burdan su içmirik, heç mal-qaraya da vermirik.”

Səbəbkar son illər paytaxtdan və ölkənin başqa yerlərindən Lerikə və yaxın kəndlərinə yol açan işbazlardır. Hər halda kənd sakinlərinin deməsinə görə:

“İmkanlı adamlar gəlib bizə qonşu olublar... Lerikdən ta ki bizim kəndlərə qədər biri karyer açıb, biri istirahət mərkəzi, biri toyuq ferması... Bütün tullantı sularını bu çaya axıdırlar. Hətta zibilləri də çaya tökürlər. Çayı o qədər çirkləndiriblər ki, adam yaxınlaşıb əlini yumağa da iyrənir”.

ŞIDIRĞI İŞ GEDİR...

Şovunun başqa sakini Maarif Qurbanov:

“1 ildir bizim də kənddə başalyıblar. Bu dəqiqə şıdırğı iş gedir – karyerlər tikirlər. Nə sənədləri, nə rəsmi icazələri, nə kənd sakinləriylə razılaşdırma – heç nə yoxdur. Çaya yaxın ərazilərdə hər hansı obyekt tikiləndə əvvəl seldən müdafiə qurğuları tikilməlidir. Heç bunu da etmirlər. Halbuki, bu çay çox təhlükəlidir, tez-tez daşır...”

Kənd sakinləri həm də ondan narahatdılar ki, əsasən paytaxtdan gələnlər yerli əhalinin kasıb zümrəsindən hektarlarla torpaqları dəyər-dəyməzinə alıb istirahət mərkəzləri, karxanalar tikirlər. Kəndlilərsə başqa yerlərə köç etmək məcburiyyətində qalırlar. Onlar bununla bağlı ölkə rəhbərliyinə də yazıblar.

XS
SM
MD
LG