Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04

NATO: Rusiya Ukraynaya müdaxilə edə bilər


-

Şimali Atlantika alyansı xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna ilə sərhəddə qoşun cəmləşdirməsi bu ölkəyə müdaxilə təhlükəsini artırıb.

Reuters və Associated Press agentlikləri NATO-ya istinadən bildiriblər ki, Rusiya Ukraynanın şərq sərhədi boyunca döyüşə hazır 20 minlik əsgəri qüvvə cəmləşdirib, humanitar və ya sülhyaradıcı missiya adı ilə Ukraynaya müdaxilə edə bilər.

NATO Ukrayna münaqişəsinin Rusiya tərəfindən körükləndiyini bir daha bəyan edərək bildirir ki, sərhəd boyunca qoşunların cəmləşdirilməsi «təhlükəli vəziyyət» yaradıb.

«BİZ RUSİYANIN FİKRİNDƏ NƏ TUTDUĞUNU BİLMİRİK»

«Biz Rusiyanın fikrində nə tutduğunu bilə bilmərik, lakin Rusiyanın bu ərazidə nələr etdiyini görürük və bu, böyük narahatlıq yaradır» –NATO-nun sözçüsü Oana Lungescu deyib.

Sözçü bildirib ki, NATO Rusiyanın humanitar və ya sülhyaradıcı missiya bəhanəsi ilə Şərqi Ukraynaya qoşun göndərə biləcəyindən narahatdır.

Belə bir məqama da diqqət çəkilir ki, Rusiya bütün həftə ərzində manevrlər keçirəcəyini bəyan edib. Ukrayna sərhədlərində keçiriləcək hərbi təlimlərdə bombardmançı döyüş təyyarələri də iştirak edəcək.

MANEVRLƏR – MÜDAXİLƏ PƏRDƏSİ

Polşanın baş naziri Donald Tusk deyib ki, Rusiyanın Ukraynaya «birbaşa müdaxiləsi» təhlükəsi, hazırda bir neçə gün və ya bir neçə həftə bundan əvvəl olduğundan xeyli yüksəkdir.

Təhlilçilər bildirirlər ki, Rusiya bundan əvvəllər də manevrlərdən müdaxilə üçün pərdə kimi istifadə edib.

ABŞ-ın müdafiə naziri Chuck Hagel də Ştutqartda ABŞ komandanları ilə görüşdən sonra bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi artıq «reallıqdır».

«Rusiyanın qoşunları cəmləşdirməsini və bu qoşunların təkmilliyini, onların təlimləndirilmə dərəcəsini və sərhədə topladıqları hərbi avadanlıq növlərini görürüksə, deməli, bu bir reallıqdır, təhlükədir və tamamilə mümkün olan bir addımdır» – deyib Hagel.

RUSİYA HARAY ÇƏKİR

NATO-nun bu bəyanatı, Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilıməsini tələb edəndən sonra verilib.

BMT-dəki Rusiya nümayəndəsi xəbərdarlıq edib ki, Luqansk və Donetskdə vəziyyət humanitar fəlakət şəklini alır və beynəlxalıq birlik təcili yardım üçün qüvvələrini dərhal səfərbərliyə almalıdır.

Mətbuat xəbər verir ki, ötən gecə qiyamçıların nəzarətində olan Donetsk şəhəri ilk dəfə olaraq hava zərbələrinə məruz qalıb.

Xəbər verilir ki, bu zərbələr nəticəsində insan tələfatı olmayıb, lakin Donetsk şəhəri icra hakimiyyətinin məlumatına görə üç mülki şəxs həlak olub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lysenko bir daha bəyan edib ki, Ukrayna ordusu yaşayış ərazilərini bombardman etmir.

Bununla belə çərşənbə axşamı qırıcı təyyarə səslərinin ardınca iki böyük partlayış baş verib.

Donetsk hava limanının tamamilə dağıdıldığı xəbər verilib.

Separatçıların lideri Oleg Tsarev bildirib ki, sakinlər Donetski tərk edirlər və bir vaxtlar milyon nəfərlik əhalisi olan şəhərdə indi yalnız 450 min sakin qalıb.

SHOIGU: «GÖZLƏNİLMƏZ HADİSƏLƏR GÖZLƏNİLİR»

Bu arada NATO-nun baş katibi Anders Fogh Rasmussen cümə axşamı Kiyevə gəlməli və burada NATO-Ukrayna münasibətlərini müzakirə etməliydi.

Rusiyanın müdafiə naziri Sergei Shoigu ötən gün Mərkəzi Rusiyada sülhyaradıcı təlimlərdə olan qoşunlarla görüşündə əsgərlərə deyib ki, «gözlənilməz hadisələri gözləsinlər».

O deyib ki, «dünya dəyişib, həm də dramatik şəkildə dəyişib».

Rusiya naziri Samara rayonunda təlim keçən əsgərlərə bunu da deyib ki, onlar əvvəlki təcrübələrindən sülhyaradıcı qüvvələrin gözlənilmədən xidmətə çağırıla biləcəyindən xəbərdardırlar.

Təhlilçilər bildirilər ki, ötən həftə Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı onun Ukraynadakı roluna görə daha sərt yeni sanksiyalar tətbiq etmək qərarı, Moskva və Qərb arasında Soyuq müharibədən bəri ən böyük qarşıdurmanın yeni mərhələsinə yol aça bilər.

AMERİKA MALLARI QADAĞANDIR

Bu arada Rusiya Qərbin sanksiyalarına öz idxal qadağanları ilə cavab verməkdə davam edir.

Prezident Vladimir Putin Rusiya üzərinə sanksiyalara səs vermiş bütün ölkələrdən alınan kənd təsərrüfatı məhsulları və ərzaqa bir illik qadağan qoyan sərəncam imzalayıb.

Rusiyanın baş sanitarı Akexei Alexeenko RIA Novosti agentliyinə bildirib ki, ABŞ-da istehsal olunmuş bütün malların Rusiyaya gətirilməsi qadağan olunur.

O deyib ki, qadağan olan məhsulların tam siyahısı hazırlanır, lakin Avropa İttifaqı ölkələrindən meyvə və tərəvəzin idxalı qadağan olunacaq.

XS
SM
MD
LG