Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:54

Alex Grigorievs: Azərbaycan dostlarını dağıtmamalıdır


Alex Grigorievs
Alex Grigorievs

-

(NDİ-nin Bakı ofisinin keçmiş rəhbərinin Turan agentliyinə müsahibəsi)

- Son il yarım ərzində Azərbaycan hakimiyyəti dəfələrlə və müxtəlif səviyyələrdə NDİ-nin və şəxsən sizin ünvanınıza ciddi ittihamlar səsləndirib. Xüsusən, Sizin ölkənin gənclər təşkilatlarını facebook inqilabı törətmək məqsədilə qanunsuz olaraq maliyyələşdirdiyiniz iddia olunub. Sübut kimi mətbuatda hesabdan böyük məbləğdə nağd pul çəkdiyinizi təsdiq edən bank sənədlərinizin surətləri dərc edilib. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?

- Ondan başlayım ki, xarici təşkilatların əməkdaşları arasında Azərbaycana qarşı mənim qədər xeyirxah yanaşan və ölkənizin hakimiyyətinə bu qədər loyal olan insanların sayı, çətin ki, çox olsun. Yəni NDİ üçün adi olan qanunlara ciddi riayət etmək qaydalarına mənim doğma Latviyam kimi Sovet İttifaqından çox əziyyət çəkən və bu yaxınlarda demokratik cəmiyyət qurmağa başlayan ölkəyə rəğbətim də əlavə olunmuşdu.

Azərbaycanın qərb nümunəsi üzrə demokratiya yolunun uzun olacağını və sizin vətəndaşlardan asılı olduğunu deyəndə Azərbaycanlı müxalifətçi dostlarımın bəziləri məndən inciyirdilər. Mənim dediyim odur ki, demokratiyaya gedən yol təhsildən və ən aşağı səviyyədə ictimai fəaliyyət mədəniyyətindən başlamaq lazımdır.

Bu fəaliyyətin təlimi də rəhbərlik etdiyim NDİ-nin işinin əsas mahiyyətini təşkil edirdi. Gənc fəallar əlavə olaraq kimsəsiz uşaqlara dərs verməklə məşğul olurdular, zibil təmizləyirdilər, ağaclar əkirdilər, parkları abadlaşdırırdılar, kəndlərə işıq və su çəkirdilər. Həm də onlar bütün bunları bizim öyrətdiyimiz kimi, yerli hakimiyyətlə sıx əməkdaşlıq şəklində edirdilər.

Maliyyə dəstəyi verdiyimiz layihələr də belə idi, seçkilərin müşahidəsi istisna olmaqla.

Təəssüf ki, son dövrlərə qədər Azərbaycan NDİ-ni qeydiyyata almaqdan imtina edirdi (institut yalnız mənim ölkədə olduğum son ildə rəsmi qeydiyyata alınmışdı). Buna görə bizim korporativ hesabımız yox idi və NDİ Azərbaycanda fəaliyyət göstərdiyi on beş il ərzində ofis direktorunun şəxsi hesabı vasitəsilə maliyyələşdirilirdi. Bunu yoxlamaq çox asandır. Mən sadəcə bu təcrübəni davam etdirdim, eyni zamanda qeydiyyat səylərini ikiyə qatladım. Yəni mənim şəxsi hesabım əslində NDİ ofisinin hesabı idi.

Bu pulların nəyə xərcləndiyini yoxlamaq da asandır: Bakının mərkəzində ofisin saxlanması, əməkdaşların qonorarları, təlim tədbirlərinin – seminarların və konfransların keçirilməsi. Seminarlar zamanı NDİ təkcə zalın kirayə haqqını deyil, iştirakçıların bütün xərclərini – məşğələlərin keçirildiyi yerə gəlməsini, qidalanmasını və yaşayış xərclərini də ödəyirdi. Bakı ucuz şəhər deyil. Bir seminar oteldən asılı olaraq, iyirmi min dollara qədər başa gələ bilərdi.

İndiyədək düşünürəm ki, NDİ-yə hücumlar Azərbaycanın hakimiyyət dairələrində gizli mübarizənin nəticəsi, bir növ sınaq oldu – amerikalılara hücum etmək olarmı? Nəticələr çox ciddi olsaydı asanlıqla geriyə addım atmaq olardı: biz ABŞ-a deyil, Grigorievsə hücum edirik! O isə ümumiyyətlə amerikalı deyil. Belə şeylər olur.

- NDİ-nin Bakı ofisinin fəaliyyəti nədən ibarət idi, kimlərlə işləyirdiniz və layihələr nədən ibarət idi?

Cavab: Mən artıq bu barədə bir qədər danışdım. Beləliklə, əsas istiqamətlər:

a) vətəndaş cəmiyyətinin olduğu yerdə onun dəstəklənməsi, olmadığı yerdə isə formalaşdırılması;

b) seçkiləri müşahidə. Bu, praktiki olaraq iki fəaliyyət növündə özünü göstərirdi: təlimin təşkili və orta və çox kiçik qrantlar (çox kiçik qrant bir neçə yüz dollar ola bilərdi). Ən böyük qrant seçkiləri müşahidə təşkilatına verilirdi, təəssüf ki, o, son vaxtlar Azərbaycan hakimiyyətinin qəzəbinə düçar olub. Bu təşkilatın rəhbəri Anar Məmmədli, təəssüf ki, hazırda Azərbaycanda siyasi məhbusdur.

- Son dövrlərdə Azərbaycan hakimiyyəti dəfələrlə bildirib ki, NDİ və digər qərb institutları Azərbaycanda hakimiyyəti devirmək məqsədi güdür. Bundan yerli vətəndaş cəmiyyəti ilə birlikdə qərb donorlarının fəaliyyətini dayandırmaq üçün istifadə olunub. Hakimiyyətin bu siyasətini necə qiymətləndirirsiniz və o, nəyə gətirib çıxara bilər?

- Hakimiyyətin devrilməsi məsələsi sadəcə cəfəngiyatdır. Çox güman ki, prezidenti Rusiya xüsusi xidmətləri və onların casusları qorxudur. Bu siyasət yaxşı heç nəyə gətirib çıxarmayacaq. Təəssüf ki, hakimiyyət başa düşmür ki, vətəndaş cəmiyyətini boğaraq, onlar Azərbaycanın gələcəyi ilə bağlı danışıqlar üzrə tərəfdaşdan məhrum olur, Qərblə mübahisə edərək isə, çox güman ki, gec ya tez ehtiyacı olacaq müttəfiqlərdən məhrum olur.

- Sizcə, Azərbaycan hakimiyyəti niyə vətəndaş cəmiyyətinə qarşı belə mübarizə aparır, niyə real demokratik islahatlar aparmaq üçün onun gücündən istifadə etmir?

- Heç bir hakimiyyət özü üçün məhdudiyyətlər, limitlər və müşahidəçilər istəmir. ABŞ baniləri bir-birini məhdudlaşdırması məqsədilə icra, qanunverici və məhkəmə hakimiyyətini əbəs yerə ayırmayıblar.

Qapalı dairə alınır: vətəndaş cəmiyyəti islahat tələb etmək və səsini eşitdirmək üçün çox zəifdir, güclənməsinə və inkişaf etməsinə isə hakimiyyət imkan vermir. Nəticədə sosial fəlakətlər olarsa, Rusiyadakı kimi «mənasız və amansız» qiyam ola bilər. O zaman kiminlə və nə haqda danışıqlar aparılacaq? Azərbaycanda isə ictimai narazılıq var. Bu, ölkənin daxili təhlükəsidir.

- Niyə Qərb bütün bunlara göz yumur, niyə sanksiyalar tətbiq etmir? Bəlkə Qərbin demokratiyanı neftə dəyişdiyini iddia edən yerli demokratlar haqlıdırlar?

- Bir şeyi başa düşmək lazımdır ki, Azərbaycanda demokratiyanı yalnız azərbaycanlılar özləri qura bilər. Rusiyaya baxın, orada bütün beynəlxalq qanunlar necə pozulur və Qərbin sanksiyaları necə gecikir. Real müdaxilə yalnız dinc əhali kütləvi şəkildə məhv edilərsə baş verir – Bosniya-Hersoqovinada, Kosovoda, Liviyada olduğu kimi. Amma bu hallarda da müdaxiləyə zəmanət yoxdur.

Rusiya Qroznını yerlə-yeksan etdi, amma heç bir sanksiya olmadı. Suriyaya baxın...

Qalan hər şeydə isə Qərb ölkələrinin siyasəti tarazlaşdırma, iqtisadi maraqlar və öz mənəvi dəyərləri arasında ortaq nöqtə tapmaq cəhdidir. Bu, ideal deyil, amma belə dəyərlərin ümumiyyətlə olmaması da yaxşı deyil.

- Azərbaycan hakimiyyətinin şəxsən sizə qarşı münasibətini necə qiymətləndirirsiniz? Sizi Mərkəzi Kəşfiyyat İdarəsinin casusu və Azərbaycanın düşməni adlandırırdılar. Bununla bağlı nə deyəcəksiniz?

- Qəzəbləndirir və güldürür. Məni Azərbaycanın düşməni kimi qələmə vermələri qəzəbləndirir. Dostları belə dağıtmaq lazım deyildi. Ona görə güldürür ki, bu kiçik şəxsiyyətimə reallıqdan çox-çox üstün əhəmiyyət verilir.

XS
SM
MD
LG