Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Həmsədrlər Dağlıq Qarabağda etirazla qarşılanıb


ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda
-
ATƏT-in Minsk qrupunun həmsədrləri Xankəndində olarkən bildiriblər ki, amerikalı həmsədr James Warlickin bu yaxınlarda açıqladığı 6 prinsip münaqişənin həllinin yekun variantı deyil.

“Dağlıq Qarabağın əhalisinin bütün bunlar haqda məlumatlandırılmaq və buna öz razılığını və ya narazılığını bildirmək hüququ var”.

Amerikalı həmsədr Dağlıq Qarabağda yaradılmış qondarma qurumun rəhbərliyi ilə görüşdən sonra jurnalistlərə müsahibəsində belə deyib.

Dağlıq Qarabağda həmsədrlər etiraz aksiyası ilə qarşılanıb. Aksiya iştirakçıları həmsədrlərin kortejinin keçəcəyi yolu bağlayaraq, James Warlickin onları dinləməsini tələb ediblər.

Bazar günü “İctimai narazılığı göz önünə alaraq, münaqişənin həlli prosesinin bundan sonrakı gedişatını necə təsəvvür edirsiniz?” sualına cavabında Warlick deyib ki, onlar insanların öz tələblərini dinc yolla bildirmək hüququna hörmət edirlər. “Mənim üçün bu gözlənilməz oldu, bununla belə, mən avtomobildən endim və aksiya iştirakçıları ilə çox faydalı söhbətim oldu. Narazılığa baxmayaraq, hansısa çıxış yolu tapmaq lazımdır, çünki ən pis variant olaraq hərbi əməliyyatlar yenidən bərpa ola bilər”, deyən amerikalı həmsədr Qarabağda sülhü təmin etməyin hamının borcu olduğunu vurğulayıb.

Jurnalistlərin amerikalı həmsədrin təqdim etdiyi məhz 6 elementin yeni müharibəyə səbəb ola biləcəyini xatırlatmasına cavab olaraq, James Warlick deyib ki, həmin 6 element yenilik deyil və əvvəllər onlar haqda çox danışılıb.

Həmsədr deyib: “Bir şeyi vurğulamaq istəyirəm – bütün bunlar məcburi həll variantı deyil. Minsk qrupu tərəflərə nəyisə zorla sırıya bilməz, bizim işimiz xalqlara kömək etmək, onları dinləmək və təkcə hakimiyyət orqanları ilə yox, həm də adi insanlarla görüşməkdir”.

Ermənistan hakimiyyətindən fərqli olaraq, qondarma Dağlıq Qarabağ rəhbərliyi həmsədrlərlə görüşdə bildiriblər ki, azadlıq və müstəqillik Qarabağ üçün müstəsna dəyərdir və nə status, nə də sərhəd baxımından keçmişə qayıtmaq mümkündür.

Qondarma prezident Bako Saakyanın mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Bazar ertəsi həmsədrlər Bakıya gəlir. Onların yaxın günlərdə regiona son səfərlərinə dair ümumiləşdirici bəyanatla çıxış edəcəkləri gözlənilir.
XS
SM
MD
LG