Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Oğru


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


Mübariz Örən


OĞRU

“... bu yazığın əli xamırlı, qarnı ac idi”.
(nağıllarımızdan)


...dükana bitişik kiçik kənd bazarının həndəvəri isə, heç olmayan kimi, göyərçinlə dolu.

Obaşdan mal-qarasını naxıra haylayan adamlar ağızları açıla, mat dayanıb göyərçinlərə baxırdılar.

Yuxudan kal durub dərsə gedən uşaqlar çantalarını bir tərəfə atıb çığıra-çığıra - amma çığırtıları eşidilmirdi heç - sevincək bazara sarı qaçırdı. Hay-küyə qorxub qanad çalsalar da, pırıldayıb təzədən torpağa qonurdu göyərçinlər... Boz-göyümtül göyərçinlərin üzərindən bir qom ağ göyərçin qopub ayrıldı, getdikcə ağ işığa dönüb göyə milləndi... süd kimi ağ haləsini səmada yaydı.

Qorxudan yerindəcə donub qalmış uşaqları o yan-bu yana itələyib arı kimi qaynaşan göyərçinlərin arasında Vilma nənəni gördü. Babuşkanı. O, ölmüşdü. Başını sol çiyninə salıb taxta oturacaqda elə oturalı keçinmişdi. Onun çiyinlərindən yapışıb möhkəm silkələdi: “Niyə öldün, Babuşka? - hönkürtüsünü saxlaya bilmirdi. - Niyə öldün?”. “Sənin bu gününə dözə bilmədim, Saşa. - qəribəydi, o, danışırdı ölsə də. - Bir ora bax...” Çevrilib dükanın pəncərəsinə baxanda dəhşətə gəldi...

Çisəkli dekabr gecəsinin qaranlığında həyətin - və həyatın! - keşikçisi kimi dayanmış iri tut ağacının titrəşən qaraltısı arxayınlıq səpdi içinə. “Nə gic yuxuydu bu!” Amma çox çəkmədi bu arxayınlıq, indi də başqa bir azar dolmuşdu qarnına. İnəkləri ölmüşdü dünən. Bu gün-sabah doğacaq adar-madar inəkləri! Hə, bu artıq yuxu deyildi. Yuxu deyildi! Ayağı çatıya dolaşıb, beliüstə axura yıxılmışdı. Çabaladıqca kəndir kəsmişdi boğazını. Dartındıqca boğmuşdu.

“Ağzının heliyi yelininə qarışmışdı, Diloş! Leşin güjün sürütdüyüb atdıq arabıya...” – həmişə anasını adıyla çağırıb. Dilarədi, Diloş deyib.

“Yat rahat, - kirimişcə gəlib başının üstündə durub Diloş. - Soyuxdu, qoy peçi qalıyım ev havalansın... Camaatın gözü yıxdı onu, gözü çıxsın göz yeyəsinin! Yelini yer süpürürdü... Heç yana getmə öz də! - yorğanını çiyinlərinin, boynunun altına basdı. - Otu evdə! Cannarı çıxar, özdəri gedər öz naxırrarına. Dədələrinin nökəri deyilsən ha! Nə verillər guya saa?..”

Heç belə naçar görməmişdi Diloşu. Ağarıb ağ kağıza dönmüşdü rəngi. Bildi ki, təkcə inəyin ölməyində deyil iş, nəsə çox pis bir şey baş verib. Xəstə toyuq kimi “qanad”larını sallayıb göy damarlı əllərini sobanın ağzına tutmuşdu, isti vurduqca hıqqıltısı eşidilirdi: “Boynu qırılsın belə hökümətin. Qırılsın elə boynu!..”
Soyuq kösövün canına hopmuş neftin xoş iyi yayılmışdı evə, bir də odun sobasınınn cırıq tənəkəsindən sızan ağ-acı tüstünün istilik vədi... “Vilma iki yumurta gətirib dünən, yağa salaram yeyərsən. Axşama da ərişdə kəsəcəm. Əvəlikli, lobyalı...”
Əriştədən zəhləsi gedir, əvəliyin isə adını eşidəndə ödü ağzına gəlir; əl damının girəcəyində yay-qış asılı qalmış quru əvəlik qomunu qız hörüyünə oxşadır.

“Vaxtında qoymadın çıxıb gedəm Yakovun yanına. Kalininqrada. Babuşqa yazıx nə qədər yalvardı o vaxt. Elə Yakov özü də deyibmiş, gəlsin Savalan...”

Ta dinmədi Diloş...

Bu kəndə köçdükləri neçə ildi gör, hələ də yaddı ona bu kənd. Əsgərliyə də getdi qayıtdı, xeyri olmadı. Təzə köçəndə əməlli-başlı şəhərə oxşayırdı bura: parkı, klubu, hamamı... İndi hər şeyin zibili çıxıb. İşıq yox, su yox...

Atası öləndən sonra çarəsiz qalıb köçmüşdülər bura. Anası və o. Kaş heç köçməyəydilər. Əslən buralı olsalar da, cənub tərəflərdə yaşayıblar. Kefinin çağ vaxtları pula pul deməyib atası. Öz kefində-damağında olub. Əməlli-başlı quş oğrusu imiş sən demə, - o heç bilmirdi, - göyərçin qoymayıbmış bu kənddə. Gecəynən dükanın, klubun, xəstəxananın taxtapuşuna girib fənərlə işıq salarmış gözlərinə, kor-köməksiz göyərçinlərin boğazını bir-bir üzüb yığarmış çuvallara. Birbaşa - düz Lənkərana. Satıb puluna limon, naringi alıb gətirərmiş, onu da satıb ikibaşlı alver edərmiş. Gecə körpünü düz kəsə bilməyib motosikletqarışıq kanala aşmışdı bir gün. Boynu betonla motosikletin arasında qalıb qırılmışdı, - burasını da bilmirdi, elə eşitmişdi ki, avariyaya düşüb. “Göyərçinlərin ahı qırdı onun boynunu, - qulağı çalıb ara-bərədə - noolar quş olanda, quşun da allahı var!”

Bu kənddə məktəbə getdiyi elə ilk gün qızlı-oğlanlı araya qoymuşdular onu. “Quşbaş Əlinin oğludu. - gülmüşdülər - Göyərçin oğrusu vardı e, boynu quş boğazı kimi üzülüb öldü... Hi-hi-hi...” Bir də ayağındakı güllü coraba lağ eləmişdilər: “Buna baxın, arvad corabı geyib... Ha-ha-ha-ha...” Tay-tuşlarıyla ilk tanışlığı belə başladı, belə də getdi. Onun bu kənddə qorxaq, quşürək tanınmasına səbəb atası idi; onun quş oğrusu olması. Vaxt olub ki, özü də gülüb içində öz atasına, - ar-ağrından.

Diloşun başına düşən daş bilir nədi. İnəyin əvədəyə düşüb ölməyi bir yana, boğulub ölməyi lap təsir eləyib ona. “Göyərçinlərin qarğışı tutub bu nəsli, deyirdilər, hamısının boynu qırılıb ölür”. Axurun taxtasını qırıb çıxaranda donub pəyənin ortasında mat qalmışdı hamı; quş boğazı kimi üzülmüşdü o boyda inəyin boynu.

Bu sarsaq yuxu da bir tərəfdən. Dükanın pəncərəsindən asıla qalmış adamın da boğazı üzülmüşdü. “Sənin bu gününə dözə bilmədim, Saşa!” - belə dedi Babuşka! Hə, belə dedi. Boğazından sallalı qalmış adamı göstərib dedi! Kipbağlayan qoşqunun bıçağı mıxlanmışdı pəncərəyə barmaqlıq əvəzi və... dəmirin iti ucu batıb hulqumunu qırmışdı yazığın. “Sənin bu gününə dözə bilmədim, Saşa!” Sinəsi şiddətlə qalxıb enməyə başladı; şübhələri get-gedə gerçəyə çevrilirdi; pəncərədən sallalı qalmış adamı özünə oxşadırdı,- arıq, çəlimsiz... əynində də sırıqlısı... “Göyərçinlərin qarğışı tutub bu nəsli, hamısının boynu qırılıb ölür”

...“Sənə nə olub, Saşa?” - bazarın qabağındakı taxta oturacaqda oturmuşdu Vilma nənə, quru kömbənin qırağından qırtıb göyərçinlərə atırdı.

“Bu gün bazar günüdü axı, Babuşka, - oturacağın üstündə fanerdən dördkünc pasılka var idi, bildi ki, nəvəsinə göndərir. - Poçt bağlıdı axı.”

“Staraya stala, Saşa. Eybi yox, qoyaram dükana, sabah gəlib yola salaram. Bir az heyva, nar qoymuşam Yakova. “Novı qod”larına. Bir də isti corab-zad” - dərin, qaranlıq quyuda ehtimal olunan su kimi görünürdü Vilma nənənin gözlərində işıq.

Dükançının da gözlərində qəribə işıq var. Maraqlısı odu ki, piştaxtanın arxasında dükançı Abbas özü yox, tamam başqa bir adam dayanmışdı, ha çalışsa da, yadına sala bilmədiyi adam, - əlində də bir çəngə pul! - onun baxdığını görüb pulu piştaxtanın altına atdı əsəbi. Dükançının gözlərindəki işıq da sovetdən qalma köhnə dükanın divarındakı güzgünün parıltısıymış demə... Bir göz qırpımında həmin parıltı alışıb gur işıq selinə çevrildi, qaranlığı yara-yara sürətlə irəliləyən gecə qatarının qabağına düşdü. Uğultusuna qoşuldu... Paravozun “böörtüsü” - o, səsi qulağında yox, sinəsində hiss edirdi - bu uğultunu, işığı qamçılayıb stansiyaya sarı qovurdu. Get-gedə öləziyib “addım səsləri”nə çevrilirdi uğultu: “tak-tak, taktak-taktak, tak-tarak-taktak...” Və “şarrak-şak...” - bir-birinə dəydi vaqonlar. Bir gündən bir, gecə üçə işləmiş girir stansiyaya bu qatar...

Ağır-ağır zənbillər, qayğılı, əzgin üzlər... Sifətlərdə donub çərələ qalmış hisslər... Həmişə sirli, əsrarlı gəlib ona stansiya. Qoşulub hara gəldi getmək istəyib. Tanımadığı uzaqlara - qayğısız, gülərüz insanların yanına. Təki canı qurtarsın bu qaramatdan. Bir az pulu da var cibində; inəyi ətliyə verib səksən manat almışdı uşaqlar, qırxını ona veriblər. “Nə pul, nə ətdik? Mındar əti ətdiyə veriblər? - Diloş az qala dəli olmuşdu eşidəndə. - İt uşaqları! Qarnıbalalı inəyi ətdiyə veriblər?.. - yanıb yaxılmışdı. - Eşidirsən?! O pulun bir qəpiyin görmüyüm bu xarabada, rədd elə hara irədd eliyirsən!..”

Görən neçə manat bəs edərdi Kalininqrada?

“Bir çəngə pul tutmuşdu dükançı əlində. Gecə dükanda saxlamışdı o pulu. Hə, dükanda saxlamışdı”... “O boyda pulu dükanda saxlayıb dükançı. O pulun yüzcə manatı əlində olsa...” - ağlına gələn fikirdən özü də qorxdu. Yox!.. Başqa bir şey haqda fikirləşmək lazımdı. Hə, başqa şey! Məsələn... Məsələn Vilma nənənin nə işi var bu kənddə? Niyə çıxıb getmir gül kimi Almaniyasına? Bacıları neçə yol çağırıblar onu. Viza göndəriblər. Nə var axı bu xarabada? İşığı yox, suyu yox... Yenə Məcid baba sağ olsaydı, başqa məsələ. İndi ki Məcid baba yoxdu! Bir dəfə getmişdilər kişinin sağlığında Almaniyaya - Baden-Badenə. Bacıları buraxmırmış Babuşkanı. “Yox, deyib, mən Mişanı tək qoya bilmərəm...”

Ada bax e! Baden-Baden! Adam elə təkcə bu adın üstündə uzanıb şellənmək istəyir.
Amma yüzcə manatı da olsa çatar Kalininqrada. Çatar, hələ o tərəfə də keçər. Qırx var, yüz də olsa, bəsidi! Uzağı üçcə günə Yakovun yanındadı. Lap dörd gün olsun. Canı qurtarar e bu xarabadan. Diloşu da tək qoymur ki. Babuşka burdadı. Özü də, heç dinmədi Rusetdən söz düşəndə. Özgə vaxt tumanını başına atardı, bu dəfə dinmədi. Guya qalanda nə xeyri var Diloşa? Bir inəkdi, o da getdi öz işinin dalıyca. Yenə, getsə işi, gücü olar. Pulu olar...

“... ömrüm əsirlikdə, sürgündə keçdi...” - stansiyanın əhənglə ağardılmış uzunsov binasının qarşısında skamyada tək oturmuşdu Məcid baba. Heç kəs yox idi stansiyada, hamı dağılışmışdı. Gecə qatarı da öz gur işığını qabağına qatıb gözdən itmişdi. Küçə lampasının süd işığında sifəti meyit rəngi kimi ağ-appaq görünürdü Məcid babanın. - “... zülmdə, zillətdə keçdi. Əvvəl qağalarımı apardılar davaya, dallarıyca məni... Əsir düşdüm, bəxtim gətirdi sağ qaldım, qaçıb canımı qurtara bildim... Gətirib bu ilan mələyən çöllərə tökdülər bizi. Kimlər yox idi aramızda: malakanlar, yahudilər, ruslar, ermənilər... Vaqon-vaqon gətirib tökürdülər çöllərə camaatı. Yulğunlu-yovşanlı boz çöllərə! Xosma baraklarda yaşadıq əvvəl-əvvəl, sonradan bu kərpic evlər tikildi. Qəsəbə salındı, - “şəhər tipli qəsəbə”. Yazıq Gülüynən evləndik, heç üçcə il çəkmədi evliliyimiz. Bu bədbaxt oğlu bədbax gəldi dünyaya, Əlini deyirəm. Sonra təzədən “plen” məsələmi qaldırdılar. Bu dəfə sürgün olundum. Türkmənistana - Nebit-dağa! Orda Vilmayla tanış olduq. O da sürgün olunmuşlardan idi. Tikintidə bir yerdə işləyirdik. O, suvaqçı idi, mən - briqadir. Sonra bəraət aldıq hər ikimiz... Evləndik. Adam kimi o illəri yaşadıq nə yaşadıqsa, həə!.. Sonra yenə “qara zolaq!” Sovet dağıldı, ara qarışdı... Türkmənin buynuzu çıxdı... Qoca vaxtımızda təzədən didərgin düşdük... Özüm heç, Vilmanı avaragor qoydum... Vallah! Onun nə işi vardı axı bu yulğunluqda? Çıxıb gedərdi öz yerinə, yurduna! Ya da Kalininqrada gedərdi - köhnə Könizberqə. Öz qohumlarının yanına. Qabaqkı ərindən oğlu qalıb axı orda, - Yakovun atası! Getmədi. Mən də tərsliyimə salıb getmədim. Qala bilməzdim yad yerdə. Ölə bilməzdim...” - gecə lampasının süd işığında sifətində gəzən kölgə daha hüznlü, nigaran göstərirdi onu...

Məəttəl qalıb. Məcid baba ölüb axı. Hə, ölüb! Əsgərlikdəydi babası öləndə... Çəpərlərinə bitişik əkin sahəsinin qırağıyla qəbiristanlıq tərəfə gedəndə - o idi, Diloş idi, lap arxada da axsaya-axsaya Babuşka gəlirdi, - başından qaynar su kimi tökülmüşdü bir hiss: babası ölüb! Hə! Çayırlıqda ağaran “təkadamlıq” cıgırla gedəndə... Qəbiristanlıq yolu sükutlu idi, addım səslərini də çayır udurdu. Qəbrin dəqiq yerini bilməsə də, aralanıb lap qabağa düşmüşdü; dərk edib qavraya bilmədiyi bir işıq, səs aparırdı onu...

Ağ daşın üzərindəki xırda mərmər parçasında cavan vaxtlarıdı Məcid babanın, o vaxtlar üçün dəbdə olan saç düzümündədi, - qulaqlarının üstü qısa, yuxarıdan səliqəylə tel ayrılmışdı, - sifətində bəraətli, Vilmalı vaxtlarının bəxtiyarlığı. Bu torpaqda basdırılmağı isə ikinci bəraəti idi. Əbədilik...

“Məcid!
62 il birgə keçdiyimiz yolun axırı bu imiş.
Gözlə gəlirəm.
Həyat yoldaşın Vilma”

“Evi tikilənin qızı! Camaat şeir, qəzəl yazdırır başdaşına, bunun hikkəsinə bax!” - nəhayət Diloş sükutu pozdu.

Sözbəsöz, nöqtəsinə kimi yadındadı sinə daşındakı bu yazı. Bir də, Məcid babanın sağ böyründə torpaqla tirələnmiş hazır boş qəbir yeri; öz əlləriylə özünə “yer salmışdı” Babuşka. “Gözlə, gəlirəm”


Niyəsə hayıfı gəldi Babuşkaya; müsəlman qaydasıyla dəfn olunacaqdı xristian Vilma. Molla, yasin, filan... “Vilma Yakov qızı ruhu şaad...”


***


...Dükana bitişik bazarkiminin şiferinə qalxdı. Üstünü mamır örtmüş şifer nəm və sürüşkən idi. Pəncərənin dəmir barmaqlığını aralayıb asanca içəri girdi. Əlindəki fənərin işığıydı, ya gözü qaranlığa alışmışdı, nədi, apaydın görünürdü hər yer. Piştaxtanın altına soxuldu, ha gəzdi, əlinə bir şey dəymədi. Onun pula necə marıtlayıb baxdığını görmüşdü dükançı, - yadına düşdü, - pul-zad yox idi dükanda. Təlaş içində fənəri ora-bura hərlədi. Dükanın düz ortasındakı adamı görüb qorxudan quruyub yerində qaldı; eynən həmin adamdı, pəncərədəki adam: arıq-çəlimsizin biriydi, əynində də sırıqlı. Çevrilib qaçmaq istəsə də ayaqları sözünə baxmadı. Çatılanmışdı ayaqları.

Bir də baxdı ki, pəncərə-zad yoxdu burda, sovetdənqalma köhnə dükanın düz ortasında sütundu, onun üzərindəki güzgüdədi kimsə. Bildi ki, özüdü. Üst-başını çırpıb - həm də əmin olmaq istəyirdi ki, sağdı, - dükandan çıxmaq istəyirdi. Fikirləşdi ki, Diloşa təzə bir şey götürsün. Əlhavasına bir cüt qaloş tapıb basdı ciblərinə, bir top qara atlas tumanlıq vurdu qoltuğuna, ha eləyib çıxmaq istəyirdi ki, ayağına nəsə dəydi. Əyiləndə, baxdı ki, pasılkadı. “Ay əclaf, - söydü öz-özünü, pasılkanın ağzını açmağa bıçaq axtarırdı - bu boyda dükanda şey qəhətdi başına? Öz də gör kimin pasılkası!” Pasılkanın fanerdən olan qapağını asanlıqla açdı. Heç vaxt pasılka ağzı açmayıb. Həmişə sirli-sehirli gəlib ona bu; gəldiyi, yaxud göndərildiyi yerin “havası” olur pasılkanın içində. Onsuz da çıxa bilmir bu bataqlıqdan, heç olmasa o yerlərin “havasını” alsın... Nar, heyva, isti yun corab... Nəsə yastı bir şüşə dəydi əlinə. Qaldırıb yaxından baxdı: konyak idi. “Əclaflığa bax!” - özünü söydüsə də, “çırrıkk”, butulkanın qapağını açıb başına çəkdi. Elə bilirdi şirin olur konyak, acı-zəqqutun maye doldu ağzına, boğazına. Birtəhər-gücbəla onu udub heyvadan iri bir dişlək aldı. Heyvaynan konyakın qarışığından ləzzətli bir dad tapdı ağzında.

Gözlərini yumub bir də çəkdi başına konyakı. Bu dəfə birnəfəsə yarı elədi butulkanı. Qarnına, başına ilıq bir rahatlıq yayıldı. İşıq salıb sütundakı güzgüdə özünə baxdı. Yaxınlaşıb alnını lap güzgüyə dirədi. Sifətini əyib-əyib eybəcər hala saldı. Gözündəki qorxuya göz ağartdı. “Savalan, - özü öz sifətinə söydü, - sən çox eşşək adamsan!”
Çıxarıb cibindəki qaloşları tolazladı bir tərəfə, ayırıb ayrı qoyduğu top parçanı da təpikləyib yerə saldı. “Bircə bu qalmışdı, dədəsi quş oğrusu olub, özünə də tuman oğrusu desinlər!” Bir konyak içib, onun da pulun qoyar yerinə. Cibinə əl atdı. Yaxşı ki, pulu cibindəydi. İyirmiliyin birini ayırıb pasılkanın içinə qoydu, bıçağın sapıyla ehmalca yerinə mıxladı qapağını. Bir iyirmiliyi də piştaxtanın üstünə qoydu. Möhkəm acmışdı. Vitrin soyuducudan bütöv bir kolbasa çıxardı, - məəttəl qalıb... heç vaxt kolbasa görməmişdi bu dükanda. - İri-iri doğradı onu. Həmişə arzusunda olub, tək yesin bir bütöv kolbasanı. Ömür boyu ona-buna mal, qoyun otarıb, heç vaxt pulu olmayıb doyunca ət yesin. Bir də tortun tamarzısı olub; bir yekə tortu qoysun qabağına... yesin!

Dirsəklənib dükanın küncündə qalaqlanmış un taylarının üstündə oturdu. Kolbasadan iri bir dişdək aldı. Çörəksiz-zadsız! Birin də aldı. Başına çəkib sonacan içdi konyakı. Bir dişdək də aldı kolbasadan. O heç vaxt belə rahat olmamışdı...

Huşa getmişdi nəydi... bir də ayıldı ki, göyərçinlər dağıdır dünyanı! Səs-küy, qurultu, tappıltı... O, harda idi? Onun nə işi vardı bu dükanda? Təzə quş oğrusu peyda olub, nədi? - hiddəti daha da artdı. Dirsəyini un tayına söykəyib güclə-birtəhər ayağa qalxdı. Başında küt ağrı vardı, ağzı pox dadırdı. Pəncərəyə yaxınlaşdı. Hava təzəcə işıqlanmışdı. Göydən quş lələyi, quş tükü yağırdı, ağaca, yerə, pəncərənin şüşəsinə qonurdu. Pəncərənin bir tayı açıq idi. Damdakı quşların həşiri daha aydın eşidilirdi. Dəmiri yuxarıdan aralayıb ayaqlarını bayıra uzatdı. Üstünü mamır örtmüş şifer nəm olduğundan sürüşkən idi. Ayaqlarına təxmini yer eləyib bədənini birtəhər bayıra çıxarmaq istəyirdi... Ha çabalayıb əl-qol atsa da, dardan-daramandan qurtula bilmədi. Həyatdan qulağında son səs öz qulunclarının səsi oldu. Bir də çatdırıb yazıq Diloşa “ana” deyə bildi: - Hamı öldü, ana! Mən də boğğğğ...

Mart 2014
XS
SM
MD
LG