Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:33

Jurnalist qatilləri niyə tapılmır?


Sabir Hüseynov
Sabir Hüseynov
-
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00
Direct-ə keçid

«Elmar vurulandan bu günə qədər istintaqdan heç bir xəbər yoxdur. Qəbrinin üstünə gedirik, dostları, tanışları yığışır, yaddan çıxarmırlar. Ancaq istintaqdan xəbər yoxdur. Az qala üstündən 10 il keçəcək. Kimlər elədi, necə oldu, ortalığa heç nə çıxmadı».
«DAHA ÜMİDİM QALMAYIB»

3 May - Dünya Media Azadlığı Günü ərəfəsində 9 il əvvəl qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov AzadlıqRadiosuna deyir ki, illər keçdikcə, bu işin açılacağına da ümidləri yoxa çıxıb.

«Ümid haradan olsun ki? 10 ilin tamamına az qalıb. Cinayətkarlar haqda heç bir xəbər yoxdur. İstintaqdan bizə heç nə deməyiblər. Heç nə başa düşə bilmirəm, özümün də 82 yaşı var».
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il mart ayının 2-də evinin qarşısında qətlə yetirilib. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, 9 il keçməsinə baxmayaraq, hələ də cinayətin üstü açılmayıb, qətlin sifarişçiləri və icraçıları tapılmayıb.

MTN: İSTİNTAQ DAVAM EDİR

İşi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi aparır. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Babayev AzadlıqRadiosuna deyir ki, «istintaq davam edir və əməliyyat-axtarış tədbirləri əvvəlkindən də intensiv şəkildə həyata keçirilir».

«RAFİQİN QƏTLİNİN AÇILACAĞINA ÜMİD YOXDUR»
«Prezidentə axırıncı dəfə məktub yazandan sonra bizə cavab gəldi ki, iş bağlanıb. Yazmışdılar ki, təzədən müraciət edə bilərsiniz. Biz də elədik. Ancaq hələ də bir xəbər yoxdur».

Bunu isə 2011-ci ilin noyabrında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva deyir:
Mailə Tağıyeva
Mailə Tağıyeva

«Bu işin üstünün açılacağına isə heç bir ümidim yoxdur. Açsaydılar, indiyədək açardılar. Yəqin ki, öz əlləri var, ona görə cinayətkarlar tapılmır».

Mailə Tağıyeva dəfələrlə prezidentə müraciət etdiyini xatırladır:
«Prezident bu işi nəzarətinə götürsəydi, maraqlansaydı, mənə elə gəlir ki, işin üstü açılardı. Bir neçə dəfə müraciət etdik, teleqram vurduq ki, bizi çağırıb dinləsin. Yalandan bir kağız göndərilir ki, prezidentə məktub çatdı. İki cümləni yekə bir zərfdə göndərirlər, başqa heç nə. Mənə o lazım deyil, məni prezident qəbul eləsin, sözümü deyim. Rafiqin ölümünə ciddi yanaşılsaydı, qatillər çoxdan tapılardı, bu qədər yubanmazdı. Ölkə başçısı maraqlanmayandan sonra müstəntiq necə maraqlanacaq?».

Mailə Tağıyeva deyir ki, ailəsinə qohumları kömək edir:

«Ailədə işləyən yoxdur, birtəhər dolanırıq. Ailə başçısı olmayanda ailə necə dolanar?».
Rafiq Tağı
Rafiq Tağı

CİNAYƏT İŞİ DAYANDIRILIB

Yazıçı-publisist Rafiq Tağı «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilib. O zaman iranlı ayətullah Fazil Lənkərani onun ölümünə fətva verib. Yazıçı bir müddət sonra prezident tərəfindən əfv olunub.

2011-ci il noyabrın 10-da Rafiq Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunub. Noyabrın 19-da isə bıçaqlanıb. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı noyabrın 23-də vəfat edib.

Hadisə ilə bağlı əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdı, ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmuşdu. Bu ilin yanvarında isə Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı cinayət işi dayandırılıb. Prokurorluq cinayət hadisəsinin törədən şəxsin müəyyən edilməməsi səbəbilə cinayət işinin icraatının dayandırılması ilə bağlı qərar qəbul edildiyini bildirib.
XS
SM
MD
LG