Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:37

Thomas de Waal: “Azərbaycan hökuməti qırmızı xətti keçir”


Thomas de Waal
Thomas de Waal
.

Azərbaycan Putini yamsılayır
Moskvadakı Carnegie Mərkəzindən tanınmış jurnalist və təhlilçi Thomas de Waal yazır ki, “Azərbaycan hökuməti qırmızı xətti keçir”.

O, “qırmız xətt” dedikdə, son aylar Azərbaycanda keçirilən həbslərin indi də ermənilərlə sülh təşəbbüsünü təmsil edən Arif və Leyla Yunusların Bakı hava limanında saxlanmasını nəzərdə tutur.

Ər-arvad Dohaya uçmaq istəyirdilər və onların təhlükəsizliyinin təminatı üçün Yunusları passport nəzarəti xəttinədək Fransa və ABŞ səfirliyinin diplomatları müşaiyət edirdilər.
Buna baxmayaraq, sərhəd xəttini keçdikdən sonra onlar saxlanıb, evlərində və ofislərində axtarış aparılıb, Arif Yunus isə ürək ağrıları ilə əlaqədar xəstəxanaya yerləşdirlib:
“Leyla Yunus telefon söhbətində mənə bildirdi ki, bütün gecə sürən sorğu-sual bir məsələyə həsr olunubmuş: onun ermənilərlə müştərək işinə. Bundan bir həftə əvvəl isə tanınmış jurnalist, iki qız atası Rauf Mirqədirov fantastik bir ittihamla – ermənilərin xeyrinə casusluq ittihamı ilə həbs edilib”.

Thomas de Waal bu qənaətdədir ki, daimi qəddarlıq, xof, fərqli fikirliyə dözümsüzlük, hər yerdə casus görmək xəstəliyi, anti-Qərb əhval-ruhiyyəsi – bunların hamısı Putin Rusiyasını xatırladır.
Heydər Əliyev daha dözümlü idi

Müəllif yada salır ki, 1990-cı illərdə Heydər Əliyevin hökuməti ermənilərlə Qərb tərəfindən maliyyələşdirilən qeyri-hökumət əlaqələrini fəal şəkildə dəstəkləyirdi. Atəşkəs xəttinin hər iki tərəfində olan liderlər görüşürdülər. Jurnalistlər Ermənistana və Azərbayacana gedib-gəlirdilər:

“Son illər bu təşəbbüslər əhəmiyyətli miqyasda azalıb. Yerdə qalan azsaylı layihələrdən birində, sərhədin hər iki tərəfində keçirilən “İctimai Dialoq” adlı layihədə Mirqədirov və Yunus iştirak edirdilər. Bu layihəni Britaniya və Polşa hökumətləri dəstəkləmişdi”.

İndi isə bu layihəni absurd şəkildə Ermənistanın dövlət casusluğu üçün pərdə olmaqda ittiham edirlər. Əslində Bakıda olduğu kimi, Ermənistanda da bu layihədə işləyənlər hökumət üçün göz dağıdır” – yazır de Waal.

O, qeyd edir ki, son 25 ildə Arif və Leyla Yunuslar dinamik demokratiya dueti olublar. Bu, Azərbaycanda, bir növ ailə fenomenidir.

Müəllif qeyd edir ki, ər-arvadı on dörd ildir tanıyır və Arif Yunus onun məşhur “Qara Bağ” kitabınınn yazılmasında köməklik göstərib.
Vətənpərvərliyini cəzası

“1990-cı ildə Sovet tankları Bakıya müdaxilə edəndə Leyla “Siyasətçinin məsuliyyət yükü” məqaləsini yazmışdı və bu yazı anti-Sovet müstəqillik hərəkatını coşdurmuşdu. O, Qarabağ müharibəsinin getdiyi bir vaxtda Xalq Cəbhəsi hökumətində Müdafiə Nazirliyindən yüksək vəzifə tuturdu. Son vaxtlarda isə o, ölkənin ən çox tanınan insan haqları fəalı hesab edilir. Bir dəfə onun həmkarlarından biri fəxrlə mənə bir məktub göstərmişdi. Zərfin üstündə yalnız “Bakı, İnsan Haqları Mərkəzi, Leyla Yunus” yazılsa da, məktub ünvanına çatmışdı.”

De Waal yazır ki, Leylanın əri Arif Yunus Azərbaycanda Qarabağ münaqişəsi və İslam üzrə ən güclü ekspertdir. O hamının qaçqınları unutduğu bur vaxtda Sovet Ermənistanından qovulan azərbaycanlılarla işləyirdi. Son illərdə o Ermənistana gedib-gələn bir-iki azərbaycanlıdan biri idi. Ermənilər onu ən məlumatlı vasitəçi və əsl intellektual tənqidçi kimi qəbul edirdilər.
28 aprel – bəd əlamət

“Bəs indi bu iki görkəmli şəxsi niyə təqib edirlər?” – deyə maraqlanır Thomas de Waal.
Onun fikrincə, bunun bir neçə səbəbi ola bilər. Bunlardan biri odur ki, prezidentin administrasiyasında təşəbbüs daha rusiyapərəst qruplaşmanın əlinə keçib və onlar Putini imitasiya etmək istəyirlər.

Digər səbəb bu ola bilər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Britaniya xarici işlər naziri William Hague kimi rəsmilərin səfərləri Bakını özünün əvəzedilməz enerji təchizatçısı olduğuna və buna görə də Qərbin tənqidindən sığortalı olduğuna inandırıb.

Thomas de Waal yazır ki, hələlik ər-arvada qarşı ittiham irəli sürülməyib və buna görə də hökumətin son anda geri çəkiləcəyinə ümid yeri var. “Lakin nikbinlik üçün çox da ciddi səbəb yoxdur” – yazır təhlilçi.

“Bəzi Azərbaycanlılar Facebook-da yazıblar ki, onların həbsi 28 aprelə - əvvəllər 1920-ci ildə bolşeviklərin Bakını zəbt etməsinin ardınca Azərbaycanın sovetləşməsi günü kimi qeyd olunan tarixə təsadüf edib. İndiki halda, bu çox pis əlamətdir” – yazır Thomas de Waal.
XS
SM
MD
LG