Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Etimad Əsədov: «Təklif etdik ki, hər bir əlil 450-500 manat təqaüd almalıdır»


Etimad Əsədov
Etimad Əsədov
-
Ötən ilin dekabrında Qarabağ əlili Zaur Həsənov özünü yandırdıqdan sonra bir neçə təşkilat prezidentə müraciət göndərmişdi. Həmin müraciətdə prezidentdən Qarabağ əlillərinin bir çox problemlərinin həll edilməsi xahiş olunurdu. Bu yaxınlarda prezident Əliyev Qarabağ əlillərinə ayrılan prezident təqaüdünün artırılması ilə bağlı fərman imzaladı. Prezidentə ünvanlanan müraciəti təşəbbüskarlarından biri də «Qarabağ Qaziləri» İctimai Birliyi idi. Birliyin sədri Etimad Əsədovun AzadlıqRadiosuna müsahibəsi.

- Etimad bəy, prezident qarşısında əsasən hansı məsələləri qaldırmışdınız?

- Biz Qarabağ müharibəsi əlillərinin həyatını dəyişəcək, onların sosial problemlərinin həllinə nail olacaq məsələlər qaldırmışdıq. Yəni, pensiyaların qaldırılması, tibbi sığorta, əlil övladlarının təhsil haqqından azad edilməsi. Bununla yanaşı, biz belə bir təklif irəli sürmüşdük ki, bir dövlət komissiya yaradılsın. Təklif etmişdik ki, həmin komissiyada QHT, eləcə də əmək və əhalinin sosial müdafiəsi naziri başda olmaqla dövlət idarələrinin nümayəndələri təmsil olunsunlar. Biz istəyirdik ki, həmin komissiya Qarabağ əlillərinin problemləri ilə bağlı verilən fərmanların icrasına nəzarət etsinlər.
- Sizin qoyduğunuz tələblərdən sonra konkret olaraq hansı işlər görülüb?

- Bizim tələblərdən sonra pensiyalar qaldırıldı, əlillərin övladları təhsil haqqından azad edildi, hal-hazırda komissiyanın yaradılması ilə bağlı iş gedir. Qaldırdığımız məsələlərdən ikisi qalıb. Komissiya bu yaxınlarda yaradılacaq, tibbi sığorta məsələsi də, mənə elə gəlir, bu yaxınlarda həll olunacaq.

- Müalicəyə ehtiyacı olan nə qədər əlil var?

- Əslində əlillərin hamısının mütəmadi müalicəyə ehtiyacları var. Onlar hamısı ağrı-acı çəkmiş insanlardır. Yaşa dolduqca ağrıları da artır. İndi mütəmadi olaraq pansionatlarda, əlillərin bərpa mərkəzlərində müalicə olunurlar.

- Siz bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmişdinizmi?

- Orada da görüşümüz olub. Onlarla da əməkdaşlıq edirik. Onlar da komissiyaya üzv olacaqlar. Əlillərin pulsuz dərmanlarla təmin olunması, əlillərin xəstəxanalara yerləşdirilməsi, müalicələrin pulsuz aparılması məsələsinin əməkdaşlıq sayəsində həyata keçirilməsinə nail olmuşuq.

- Başa düşdüyüm qədər əlillərin müalicəsi, onlar üçün nəzərdə tutulan dərmanlar dövlət hesabına ödənilməlidir. Səhiyyə Nazirliyi isə bunu etməyə borcludur. Belə çıxır ki, sizin tələblərdən sonra bu məsələyə diqqət daha da artırılıb?

- Tamamilə doğrudur. Qarabağ müharibəsi əlillərinin müalicəsi və dərmanları pulsuzdur. Ancaq yerlərdə süründürməçilik olurdu. Görüşlərdən sonra münasibət tamam dəyişib. İndi müalicə pulsuz həyata keçirilir.

- Təqaüdlərin artırılması ilə bağlı prezident fərmanının verilməsini sizin tələblərin nəticəsi hesab etmək olarmı?
- Yox, deməzdim. Zaman-zaman bu qəbildən olan insanların problemləri ilə bağlı fərmanlar, sərəncamlar imzalanır. Hazırda 1-ci qrup əlil 150 manat prezident təqaüdü, 300 manat da əlilliyinə görə alır. Bunun da cəmi 450 manat edər. Mən 2-ci qrup əliləm, cəmi 195 manat pul alıram.

- Siz bu məbləği yetərli sayırsınızmı?

- Azərbaycan hökuməti minimum yaşayış həddini adambaşına 125 manat açıqlayıb. Azərbaycan ailəsini ortalama 4 nəfərdən hesablasaq, təklif etdik ki, hər bir əlil 450-500 manat təqaüd almalıdır. Bizim bu təklifimiz həm Səlim Müslümov, həm də Baş nazirin müavini Əli Əhmədov tərəfindən müsbət qarşılandı. Hal-hazırda bu istiqamətdə işlər gedir. Son fərman da çox sevindirici fərman idi. Son 10 ildə belə yüksək artım olmamışdı.
XS
SM
MD
LG