Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:47

Ukrayna səfiri: «Azərbaycan eyni avantüra ilə 1990-cı ildə üzləşib»


Alexander Mishchenko
Alexander Mishchenko
-
«Azərbaycan eyni avantüra ilə 1990-cı ildə üzləşib» – Krım olayları ilə bağlı mətbuat konfransı keçirən Ukraynanın Azərbaycandakı səfiri Alexander Mishchenko 20 Yanvar faciəsini xatırladaraq, Krımda da eyni dəst-xətti gördüyünü deyib:

«Mənə çoxları zəng vurub deyirlər ki, Krımda baş verənlərə baxırıq, gözümüz önündə 20 Yanvar faciəsi canlanır. Yəni eyni dəst-xətdir, sadəcə, bunu yerinə yetirən insanlar dəyişib. Amma bu araqızışdırıcı aksiyanın təşkili metodları eynidir. Rusiya Sovet İttifaqının ən pis ənənəsini götürüb – bu, dünya düzəninin dəyişdirilməsi və ərazi bütövlüyünün pozulmasıdır. Rusiya bunu heç gizlətməyə də çalışmır. Rusiya əmin idi ki, Ukrayna onunla təkbətək qalacaq və onlar Krımı udacaqlar. Lakin bu gün dünya ictimaiyyəti heç vaxt olmadığı qədər birləşib».

Ukrayna səfiri bildirib ki, bu məsələyə Azərbaycan hökuməti də səssiz qalmayıb:

«Fevralın 28-də Azərbaycanın xarici işlər naziri dəqiq münasibətini açıqlayıb ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır. İndiki vəziyyətdə biz bundan artığını da gözləmirdik».

REFERENDUM HANSI SİYAHI ÜZRƏ APARILIB?

Diplomat Krım parlamentinin legitim olmadığını söyləyərək, keçirilən referenduma qatılanların hamısının Ukrayna qanunları əsasında cəzalandırılacağını vurğulayıb. O, bəzi sualların açıq qaldığını da bildirib:

«Hörmətəlayiq hansı təşkilatlar müşahidəçi olub? Kimlər səs verən insanları qeydiyyata alıb? Və əsas məsələ: referendum hansı siyahı üzrə aparılıb? Krım tatarları qatılmayıbsa, Ukraynanın ərazi bütövlüyünü tanıyanlar səs verməyibsə, o zaman kim səs verib?».

Səfirin sözlərinə görə, Ukrayna xalqı dözümlüdür və belə çətin şərtlər daxilində kim ona əngəl olsa da, öz vətənini qorumağı bacarır. Alexander Mishchenko qeyd edib ki, dost rus xalqını Kremlin siyasəti ilə eyniləşdirmək lazım deyil.
XS
SM
MD
LG