Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:12

Əlibəyli sakinləri ermənini belə yaxaladılar


Mamiko Khodjayan
Mamiko Khodjayan
Ermənistan tərəfi dünən Tovuz rayonunun Əlibəyli kəndində tutulan yaşlı adamın təxribat qrupunun bələdçisi olması barədə Bakıdan yayılan rəsmi məlumatı inkar edir.

Erməni mediasının yazdığına görə Əlibəylidə saxlanan 77 yaşlı Mamiko Khodjayan sərhəd kənddə yaşayan və psixi problemləri olan qocadır. Həmkəndliləri bildiriblər ki, dünən o, əlində vedra harasa gedirmiş. Soruşanda da cavab verib ki, üzüm və moruq yığmağa gedir.

Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumatında bildirirdi ki, ötən gün Tovuzun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu təmas xəttini keçməyə cəhd göstərib: “Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Khodjayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərfindən ələ keçirilib.”

Amma az sonra internet saytlarında yayılan videolarda erməninin Əlibəyli sakinləri tərəfindən tutulub əsgərlərə təhvil verildiyi, onun yaralı olmadığı görünürdü.

Azərbaycanda bəzi kütləvi informasiya vasitələrində Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənova istinadən belə məlumat getmişdi ki, həmin Ermənistan vətəndaşını çayı keçərkən kənd sakinləri saxlayıb.

Mahir Həsənov AzadlıqRadiosuna bildirib ki, hadisənin şəxsən şahidi olmadığından bir gün öncə mətbuata verdiyi açıqlama rəsmi sayıla bilməz:

“Mən də sizin kimi eşitmişəm. Bizə hərbinin işinə qarışmağa icazə vermirlər. Mətbuata məlumatı mən də eşitdiklərimin əsasında vermişəm. Ancaq, hadisə ilə bağlı əlimdə rəsmi məlumat olmadığından dəqiq deyə bilmərəm”.

Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev isə bildirir ki, bələdçini hərbçilər kənd sakinləri ilə birlikdə saxlayıblar:

“Kənd sakini çayda qoyun oturarmış, bu da gəlib ora. Hərbçilər də olub yanında. Hərbçilər kənd sakini ilə birlikdə saxlayıblar. Tovuz çayının qırağında, sərhədə yaxın yerdə saxlayıblar. Oradan da gətiriblər tibb məntəqəsinə, yardım olunub, sonra Bakıya aparıblar”

Hərbi ekspert Üzeyir Cəfərli isə Müdafiə Nazirliyinin yaydığı məlumatı belə dəyərləndirir:

“Onun diversiyaya heç bir aidiyyatı yoxdur. Bu adam yaşlı, xəstə adama bənzəyir. Müdafiə Nazirliyinin dediyi məsələlərin heç biri yoxdur. Şəkildə nə onun yaralanması, nə də ki, silahlı olması görünür. Yaxşı olar müdafiə nazirliyi bu məsələyə aydınlıq gətirsin ki, necə olur mülki şəxslər bu adamı saxlayıblar. Bəs əsgərlər nə işlə məşğul idilər? Bunda silah var idisə, silahı niyə işlətməyib?. Hanı minalanmış sahə? Bu necə keçib bizim tərəfə?

Əgər 77 yaşlı şəxs asanlıqla bizim tərəfə keçə bilirsə, sabah Ermənistanın xüsusi orqanlarının adamları təkcə Tovuza yox, Bakıya da gəlib təxribat edər, rahatca da geri qayıda bilərlə.

Məndə olan dəqiq məlumata görə, sakinlər saxlayıb onu. Bunu hərbçilər saxlasaydı, həmin şəxsin foto, video görüntüləri olmayacaqdı. Dəfələrlə olub belə hadisə, heç bir foto yayılmayıb. Sakinlər tutub, çəkib internetə yerləşdiriblər. Yaxud da ermənilər bunu sayıqlığı yoxlamaq üçün göndərib, o da rahatlıqla sərhədi keçə bilib.”

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Vaqif Dərgahlı isə Tovuz rayon İcra Hakimiyyəti nümayəndələrinin mətbuata verdiyi açıqlamaların rəsmi məlumat olmadığını bildirir:

“Saxlanan diversant yox, diversantın bələdçisi olub. İcra hakimiyyətinin nümayəndəsi belə bir açıqlama verə bilməz. Onların dedikləri rəsmi məlumat deyil. Onlar mətbuata açıqlama verə bilərlər. Ancaq bu rəsmi məlumat sayılmır. Rəsmi məlumatı biz verə bilərik.

Bizim rəsmi məlumatımız budur ki, təmas xəttində atışma olub, diversiya qrupunun üzvləri geri çəkiliblər, bələdçi tutulub. Onun fəaliyyəti ilə bağlı araşdırma aparılır. Bu haqda sonra məlumat olacaq”.

Beynəlxalq Qızıl Xaç Komitəsi də tutulan erməni ilə bağlı danışıqlara başlayıb. Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK mandatına uyğun olaraq əlaqədar orqanlarla saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün danışıqlar aparır.

Qarabağı nəzarətdə saxlayan erməni qüvvələri həmçinin bildirir ki, yanvarın 28-də Azərbaycandan açılan snayper atəşi ilə 20 yaşlı Karen Galstyan adlı əsgərlərinin öldürüldyünü bildirir.

Azərbaycan tərəfdə konkret bu hadisə barədə rəsmi məlumat yoxdur. Amma Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir ki, son 1 sutkada qarşı tərəf atəşkəs rejimini 250 dəfə pozub. Rəsmi məlumatda itkilər haqqında heç bir söz deyilmir.

Azərbaycanla Ermənistan silahlı qüvvələrinin üz-üzə dayandıqları təmas xətti boyunca atəşkəs yanvarın 20-dən bəri müntəzəm pozlulmağa başlayıb.

Hər iki tərəfdən itkilər var.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonunu işğal edib. Azərbaycanla Ermənistan 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik sülh danışıqları nəticə verməyib.
Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.
XS
SM
MD
LG