Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

Əli Novruzov. Ölü doğulmuş uşaq


Bloqçu Əli Novruzov
Bloqçu Əli Novruzov
-

Əli Əkbərin “Amneziya”sı, Seymurun “Quqark”ından sonra “Ölü mətn” ölü doğulmuş uşaq deyil, bəs nədir?


Bloqçu Əli Novruzov bu yazısı ilə yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur. Qeyd edək ki, yazıçı romanının müzakirə edilməsinə etiraz edib və çap üçün romanından parça verməyib.


Əli Novruzov


ÖLÜ DOĞULMUŞ UŞAQ


Özünüsenzura üzrə ədəbiyyat mükafatı olsaydı, Orxan Fikrətoğlunun “Ölü mətn” kitabı çox yəqin ki o mükafatı alardı. Özü də alternativsiz.

Orxan Fikrətoğlu adına Ədəbiyyatda Özünüsenzura Mükafatı Laureatı Orxan Fikrətoğlu. Necə də təbii səslənir.

Əsərin də adı “Ölü mətn” yox, məsələn “Yaza bildiklərim”, ya da “Düşünə bildiklərim”, bəlkə də “Düşünməyə cəsarət etdiklərim”. Yox, ən yaxşı variant – “Baxın, mən susuram! Heç düşünmürəm də!”

Kitabı oxuduqca Orxan Fikrətoğlunun ezoplaşma, üzr istəyirəm, "Xeybər"ləşmə yolunda nə qədər iri addımlarla irəlilədiyinin şahidi oluruq. Bazardakı kəndli obrazı da qul, rəiyyət leksikonunda, Orxan Fikrətoğlunun “Zorxana”dakı beşmərtəbəli ezop dilində çıxış edir.

Sən demə müəllif bütün bu illəri çox məhsuldar keçirib. Sadəcə əsərdəki əski əlifba ilə yazılmış əlyazma haqda oxuduqca, istər-istəməz insanın fikrindən bir sual keçir – nə əcəb Orxan Fikrətoğlu özü bu kitabı əski əlifbada yazmayıb? Bu məsələ onun gözündən necə yayınıb? Bəs narahat olmur ki, birdən kimsə oxuyar, başa düşər? Maşallah, latın qrafikasını bu gün hamı bilir.

Bir də ki, post-sufi janrı da nə deməkdir, siz gəlib-keçmiş bütün sufilərin canı? Sufi əyninə kostyum geyib qalstuk taxdısa, əli çənəsində şəklini çəkib kitabın üz qabığına vurdusa, çevrilib olur post-sufi?

Bəlkə post-sufi janrı post-modernizmin milli-mənəvi dəyərlərə uyğun variantıdır? Ütülü, səliqəli, ağsaqqal xeyir-dualı, yuxarıdan icazəli...

Orxan Fikrətoğlunun obrazı əsərin bir yerində çaşıb insanları üsyana çağırır, bütləri qırmağa, azad olmağa səsləyir. Amma müəllifin obrazı özü də bu cəsarətdə buluna bilmir. O, eynəyini taxıb dekanlığın tozlu pəncərəsindən bayıra baxır və heç nə görmür. Ölkədəki bu qədər insan faciəsi Fikrətoğlunun pəncərəsinin toz filtrindən keçə bilmir. Əvəzində müəllif hadisələri Moskva bazarlarına, Sovet Gəncəsinə, inqilabi Bakıya, hətta İstanbula və Parisə aparır, əlindən gələn hər şeyi edir ki, əsl Azərbaycan həqiqətlərindən yazmasın.

Əgər bu əsər indi yox, Sovet dövründə yazılsaydı, müəllifin ezopvari, psevdo-Sufi variasiyalarını başa düşmək olardı. Biz də əlləşib-vuruşub maşında çabalayan balığa, erməni qadının büründüyü çadraya simvolik mənalar verərdik, müxtəlif anti-Sovet etiraz növləri tapardıq. Hətta Orxan Fikrətoğlunu dissident də çıxardardıq. Saxarovdan nəyi əskikdir ki?

Allaha çox şükür ki, indi Sovet ideoloji senzurasının dövrü deyil, bitdi o söhbət. İnformasiya əsridir, cidanı çuvalda gizlətmək olmaz. Azad Yazarlar Ocağı başda olmaqla xeyli gənc yazar bugünkü Azərbaycanın mənzərəsini bütün çılpaqlığı ilə ortaya qoyub. Əli Əkbərin “Amneziya”sı, Seymurun “Quqark”ından sonra “Ölü mətn” ölü doğulmuş uşaq deyil, bəs nədir?

Təəssüf ki, AYO-nun şinelindən çıxmış ən istedadsız qrafomanın köşə yazılarında olan ədəbi cəsarətin heç onda biri də Orxan Fikrətoğluda yoxdur. Deyəsən, Sovet dövrü ədiblərinin “istedadı” ilə birgə 37-dən miras aldıqları xofları da xələflərinə ötürülürmüş...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
XS
SM
MD
LG