Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Seymur Baycanın, onun romanını «xaltura» sayan oxucusu ilə debatı


soldan sağa: Ramil Qafarov və Əli Novruzov
soldan sağa: Ramil Qafarov və Əli Novruzov
-

Ramil Qafarov:

- Seymur səhifəni doldurmaq üçün xaltura edir...

Seymur Baycan:

- Bəxtiyar Vahabzadənin şeirləri ilə böyüyən insanların o kitabı qəbul etməməsini normal qarşılayıram...


Azərbaycanda, başa çatmaqda olan 2013-cü il hansı romanlarla, povestlərlə yadda qaldı?

Xoşunuza gəlməyən, oxumağa peşman olduğunuz nəsr əsərləri hansı oldu?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata tənqidçi İradə Musayeva, davamlı şəkildə, yeni çıxan kitabları oxuyub rəylərini yazan bloqçular Əli Novruzov, Ramil Qafarov və başqaları qatıldılar.


Proqramdan seçmə fikirlər

Ramil Qafarov

- Doğrusu, Seymur Baycanın “Ana ürəyi” kitabı məni xəyal qırıqlığına uğratdı. Ən azı mən orda gördüm ki, artıq Seymur Baycanın istedadı tükənib. Biz gözləyirdik ki, onun hekayələrdən ibarət toplusu çıxa. Nəhayətdə nə gördük? Köhnə köşə yazılarından, “Quqark” romanından çıxardılan hissələr hekayə şəklində, kobud desək, oxucuya sırınmışdı. Orda artıq hekayə adında heç nə yox idi. Deyim ki, “Ana ürəyi” Seymur Baycanın ən zəif kitabı idi, “Körpüsalanlar” bundan güclü idi. Bu povestdə artıq mövzu adında heç nə yoxdur. “Ana ürəyi” məhşur bir qədim əfsanədir, iki gəncin sevgi hekayətidir, köhnə sovet sevgi janrında ədəbiyyat, emosional söz yığını, sentimentallıq və faciə. Ola bilər üslub eyni olsun, amma ana ürəyində mövzu da yox idi. Burda yadda qalan ifadə, ssenari, sujet yoxdur.
Ramil Qafarov
Ramil Qafarov

Əli Novruzov

- İcazə verin, mən Ramilin bu fikri ilə razılaşmayım. Mən ümumiyyətlə Seymurun bütün kitablarını oxuyuram, amma bu kitabda tamamilə yeni Seymur Baycan gördüm. O mənada ki, onun bir üslubu var “18,5”, “Quqark”, “Ət və ət məhsulları”nda başlayır və
Səadət Akifqızı
Səadət Akifqızı
bir-birini təkrarlayır, yenilənir, daha da püxtələşir. Burda isə tamam başqa Seymur Baycan var idi. Seymur əvvəlki nəsri ilə müqayisədə yeni bir əsər yaratmışdı. Mən bu əsəri Floberin “Madam Bovari”si ilə müqayisə edirəm. Floberə qədər fransız ədəbiyyatında dərin, romantik, metafizik, sentimental əsərlər çox yayılmışdı, Flober “Madam Bovari”ni yazdı. Bununla da həmin o romantik ədəbiyyat janrına istehza etdi. Seymurun bu kitabı uzun hekayədir, povestdir və o bu povestində lirik, romantik, sentimental, kədərli üslubu istehza atəşinə tutub. Fikir versəniz orda hiperbolalaar, mübaliğələrlə qəhrəmanları təsvir edir. Məsəlçün, qızın saçı oğlanın köynəyinin düyməsinə ilişdi, bundan romantik əhvalat yarandı. Orda bütün təsvirlərin absurd olmağı, romantikanın həddən artıq şişkinliyi heç də oxucunu romantik əhvala salmır. Əslində romantika pis deyil, amma biri də var, romantikanı ifrat həddə çatdırasan. Çox təəssüf ki, Azərbaycan ədəbiyyatında romantika çox ifrat və iyrənc haldadır. Hətta, hind filmləri bunların yanında toya getməlidir. Hind filmlərində hələ bir səmimilik, primitivlik var. Bizimkilər romantikanı yazanda elə yazırlar ki, adam onu oxuya bilmir, dözə bilmir. Seymurun bu romanını mən bir növ romantikaya istehza kimi başa düşdüm, sujeti də çox-çox sadə idi. Mənə elə gəlir ki, bu, Seymurun uğurlu kitablarından biridir.

Ramil Q.

- Seymurun bütün romanlarını oxumuşam. Onun yaradıcılığında bir şey diqqətimi çəkib. O səhifəni doldurmaq üçün xaltura edir. Məsəlçün, “Ət və ət məhsulları”nda təxminən 40 səhifəyə yaxın hissəni AZTV-nin reportajları tutur ki, bu artıq ordan-burdan götürülmədir. Ola bilər gələcəkdə AZTV məfhumu olmayanda bu oxucu üçün maraqlı olsun, amma indi üçün bu, yorucu bir şeydir. Növbəti kitabı “Körpüsalanlar”da elə ktiabın başlanğıcında bu xalturanı görmək olur. “Ana ürəyi”ndə isə mən tamamilə xaltura gördüm. Seymur Baycanın əsəri isə realist deyil, bir gənc bir qıza aşiq olur və elə sevgi yaşayır ki, bunu yaşamaq üçün cəmiyyətdən kənarda, səhrada yaşamalısan. İndiki dövrdə sevgi, daha doğrusu münasibət qurmaq çox asan bir şeydir. Günümüzdə real gənc elə vəziyyətə düşə bilməz. Bu sovet gəncidir və müəllif sovet ədəbiyyatındakı hissləri köçürüb ora.

Səadət Akifqızı
Seymur Baycan
Seymur Baycan

- Mən istəyirəm Seymur Baycana verək sözü. Seymur bəy, biz 2013-cü ilin yeni ktiabları haqda danışırıq. Burda sizin “Ana ürəyi” kitabınızdan da söhbət getdi. İki ziddiyyətli fikir var. Ramil bəy bir oxucu kimi, hesab edir ki, siz daha çox bu kitabla tükəndiyinizi sübut edibsiniz, çox bayağı bir kitab alınıb. Bununla bağlı fikrinizi bilmək istəyərdik.

Seymur Baycan

- Normaldır. Bilirsiniz, “Quqark” da çıxanda belə fikirlər oldu ki, bu, plagiatdır. Amma, həmin insanlar öz savadsızlıqlarını göstərdilər. Mən həmişə kitab çıxanda prosesi kənardan izləməyə üstünlük verirəm ki, baxım görüm kim nə fikirdədir. Əvvəlcədən elə bir fikir bildirmirəm. Kulis.az da Mətanət Vahidin mənim son romanım haqda bir yazısı dərc olundu. O, kitaba, mənim nə haqda yazdığıma kifayət qədər aydınlıq gətiribdir. Mən belə münasibətləri normal qəbul edirəm, çünki ölkədə kütləvi savadsızlıq var. Bəlkə 200 əsər var ki, təcili Azərbaycan dilinə tərcümə olumalıdır. Ədəbiyyat jurnalları insanları məlumatlandırmaqda yetərli deyil, bizim dərsliklərimiz bərbad gündədir, Bəxtiyar Vahabzadənin şeirləri ilə böyüyən insanların o kitabı qəbul etməməsini normal qarşılayıram...

Ramil Q.

- Seymur əgər Azərbaycan oxucusunun səviyyəsinə uyğun yazmırsa, ümumiyyətlə niyə yazır?..

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG