Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

Benzin bahalandı. Növbədə nə var? [Video]


Benzin qiyməti artdı: kim itirdi, kim qazandı?
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

Benzin qiyməti artdı: kim itirdi, kim qazandı?

-
«10 MANATA KİM İŞLƏYƏR?»

«Planı aşağı salmasalar, işləmək sərf etməyəcək. Günə əlavə 15 manat verməlisən yanacağa. Az pul deyil. Bizə qalan da günə 20-25 manat idi. 10 manata kim işləyər ki? Şəxsən mən işləməyəcəyəm. Bu gün axırıncı günümdür».

Adil Əmirov 25 saylı marşrut avtobusunun sürücüsüdür. O, dekabrın 3-də Tarif Şurası benzinin qiymətini artırandan sonra digər mal və xidmətlərin də qiymətinin qalxacağını düşünür:

«Hər şey qalxacaq. Benzin qalxanda, hər şeyin qiyməti qalxır».

Dekabrın 3-dən Aİ-80 və Aİ-92 markalı benzinin litri 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalınınkı 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Bahalaşma dizel yanacağından da yan ötməyib. Əvvəllər litri 45 qəpikdən satılan bu yanacağı indi 60 qəpiyə almaq mümkün olacaq.

«CAMAATIN EVİ YIXILDI»

Benzinin bahalaşması sakinlərdə digər qiymətlərin qalxacağı xofunu yaradıb. Onlar əvvəlki artımların təcrübəsinə əsasən belə düşündüklərini söyləyirlər:

– İndi benzin doldurub çıxıram. Əvvəl 10 litri 6 manat edirdisə, indi 7 manat edir. Ayda büdcəyə 80 manatlıq təsir deməkdir.

– Qiymətin qalxmağı yaxşı olmadı. 33 faizə yaxın qalxıb. Elektrik stansiyaları üçün qazın da qiyməti qalxıb. Elektrik də qalxacaq yəqin.

– Nə gözləyək? Taksiyə sərnişin minməyəcək ki, qiymət qalxıb.

– Bir tərəfdən yaxşıdır ki, maşınların, tıxacların sayı azalar. Mənim maşınım var, ancaq az sürürəm. Yəqin bundan sonra marşrutların qiyməti qalxar.
İsa Qəmbər
İsa Qəmbər

– Benzin qalxdısa, hər şey qalxacaq. Camaatın evi yıxıldı. Maaşı 10-5 faiz qaldırırlar. Onun nə faydası? Camaatın vəziyyəti ağırdır.

– Pis təsiri olacaq. Ayda 300 manat verirdiksə, indi 400 manat olacaq. Birdən-birə qalxmağı büdcəyə təsir edir.

SİYASİLƏRİN REAKSİYASI

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Facebook» səhifəsində yazıb:

«2007-ci ilin yanvarında qiymətlərin kəskin artmasına qarşı, Müsavat Partiyası olaraq, etiraz mitinqlərinə başladıq. Bir neçə mitinq keçirdik, amma böyük bir kütləvilik olmadı».

İsa Qəmbər dinc etiraz mitinqlərinə başlamağı təklif edib: «İstənilən halda, son söz xalqındır!».

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, o, qiymət artımını gələn ilin ikinci yarısında gerçəkləşdirməyi təklif edibmiş. Onun fikrincə, Tarif Şurasının qərarı indi verməsi digər sahələrdə də artıma səbəb olacaq. Deputatın bahalaşmanın sosial gərginliyə gətirib çıxara biləcəyini də düşünür.

Deputat Aydın Mirzəzadə olaya fərqli yanaşır:
Aydın Mirzəzadə
Aydın Mirzəzadə

«Yada salım ki, yanacaq artımından danışanlar daha çox Azərbaycanın neft-qaz ölkəsi olduğunu qabardırlar. Böyük Britaniya və Norveçdə yanacağın qiyməti 2-2.5 avrodur. Azərbaycanda isə – hələ qalxandan sonra – yanacağın qiyməti 82 sent olub. Bu qiymət artımından əldə edilən pul büdcəyə gələcək. Bu da Azərbaycan səhiyyəsinə, mədəniyyətinə xərclənəcək. Hesab edirəm ki, artımdan qabaq hökumət müəyyən addımlar atıb və bu səbəbdən də qiymət artımı ağrısız ötəcək».

2 MİLYARDLIQ KOMPENSASİYA

Mal və xidmətlərin bahalaşacağını iqtisadçılar hələ gələn ilin büdcəsi müzakirəyə çıxarılanda proqnozlaşdırır, 2014-cü ilin büdcəsində yaranan 2 milyard manatlıq kəsirin məhz belə artımla kompensasiya ediləcəyini deyirdilər.

İqtisadçıların sözlərinə görə, benzinin qiymətinin 30 faiz qaldırılmasının heç bir iqtisadi əsası yoxdur. «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayev deyir ki, müstəqil qiymətləndirmələr 1 litr benzinin maya dəyərinin satışdakından ən azı 2 dəfə ucuz başa gəldiyini üzə çıxarıb. Başqa sözlə, bu yanacağın maya dəyəri Dövlət Neft Şirkətinə 20-30 qəpikdən baha başa gəlmir. Ekspert həmin hesablamaların yetərincə şəffaf olmayan və xərclərin şişirdildiyi bir şəraitdə aparıldığını da ayrıca vurğulayıb:
Rövşən Ağayev
Rövşən Ağayev

İTALİYA VƏ SİNQAPUR MÜQAYİSƏSİ

«Üstəlik, ARDNŞ-in öz emal müəssisələrinə satdığı neftin bir tonu 56 manatadır, yəni bir ton neftin daxili topdansatış qiyməti, təxminən 70 dollardır. İtaliya və Sinqapur kimi nəhəng və neft emalı zavodlarına malik, amma özünün nefti olmayan, xammalı idxal edən ölkələrdə benzinin litrinin 1 dollardan yuxarı olmasının iqtisadi əsası var. Çünki onlar Azərbaycan kimi neft ölkəsindən xam neftin hər tonunu hazırda 740 dollara alır və bu qiymətə alınan xammaldan emal olunan hazır məhsulun qiymətinin bahalığı iqtisadi baxımdan əsaslandırıla bilər. Dövlət Neft Şirkətinin neft-qazçıxarma idarələri neft emalı müəssisələrinə xam neftin hər tonunu xaricdəki emal zavodlarının aldığı qiymətdən 10 dəfə ucuz satır. Belə vəziyyətdə şirkətin az qala dünya bazar qiymətlərilə vətəndaşına benzin satmasını iqtisadi baxımdan əsaslandırmaq çətin olacaq».

Rövşən Ağayevin sözlərinə görə, iqtisadi təhlillər təbii qazın, suyun, elektrik enerjisinin də qiymətinin qalxacağını göstərir:

«Mümkündür ki, hökumət bunu ard-arda etməsin, özü üçün bir qrafik müəyyənləşdirsin və gələn il hər rübdə bir tarifi artırsın. Sosial narazılıq olarsa, hökumət bu artımı ertələyə bilər. Ancaq bunu 2015-ci ilə saxlamaq istəmir. Çünki hökumət parlament seçkiləri ilində, bir qayda olaraq, insanları stimullaşdıran addımlar atır, yəni 5-10 faizlik maaş artımları edir».
XS
SM
MD
LG