Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Nərmin Kamal. Rafiq Tağı və neft


Nərmin Kamal
Nərmin Kamal

-

“Müsəlman Şərqində tərəqqi büsbütün Qərbdən köçürmədir, inan, bu məkanda neft olmasa, insanlar acından qırılar, necə ki, Afrikanın müsəlman ölkələrində milçək kimi qırılır,” – Rafiq Tağı yazırdı...



Nərmin Kamal



RAFİQ TAĞI VƏ NEFT


Bu il, yanvar ayında Londonda avtobusa mindim, papağımı çıxardıb sərnişinlərə ötəri göz gəzdirdim, bir də gördüm Rafiq Tağı!

O, arxa tərəfdə ayaq üstə dayanmışdı. Əynində qara paltosu, gözündə həmin eynəyi. Üzü əvvəl mənə tərəf idi, tam gördüm, sonra yana çevirdi. Papağım əlimdən düşdü. Səhv sala bilmərəm, - öz-özümə dedim, həyatda əlli dəfə görüşmüşük, odur.

Azadfikirli yazıçı Rafiq Tağını 2011-ci ildə, noyabrın 19-da işdən evinə qayıdanda qaranlıq küçədə naməlum adam bıçaqlayıb, bir neçə gün sonra xəstəxanada vəfat edib. Yüzlərlə adamın gözü qarşısında məzara qoyulub.

“...Yəni daha o, yoxdur, ola bilməz, öldüyünü qoca anasından gizlədiblər, yalandan deyiblər ki, Londona gedib, orda işləri var”, - bunlar sürətlə beynimdə qabarıb çəkildi. Deməli, anasına yalandan deyiblər ki, Londondadır. Amma o, həqiqətən Londondadır!

Avtobusdakı adamın Rafiq olduğuna elə əmin idim ki, adamları itələyə-itələyə yaxınlaşıb yoxlamağı artıq hesab elədim. “Bir dəqiqə hövsələ, indi o, düşəndə dalınca düşəcəm” – özümə dedim.

Rafiq Tağı
Rafiq Tağı


Bu müddətdə o, neçə dəfə başını sağa, sola çevirdi. Hərətkətləri də eyni şeyi deyirdi, - odur.

İndi də bu cümlələri yazanda o avtobusdakı kimi ürəyim şiddətlə çırpınır, hər dəfə qapılar açılanda adamların arasından eynəkli adamı necə həşirlə yoxladığımı xatırlayıram. Nəhayət, necə məyus olduğum da yaxşı yadımdadır. Bu, xeyli naməlum vəziyyətdir. Mən onu, adamlar onu görmək zolağımı kəsəndə isə hər iki qapını futbolçu kimi izləyirdim.

Amma bir an gəldi ki, o, artıq avtobusda yox idi. Əlbəttə, başına papaq qoyub düşüb, ya da paltosunu, eynəyini çıxarıb düşüb, tək bu halda onu əldən buraxa bilərdim. Yox, əgər elə öz qiyafəsində qapıdan düşüb getmişdisə, axı mən necə belə kor ola bilərdim?!

Günlərin bir günü dünyanı özümün o vaxta qədər necə tanıdığımdan sıyrılıb, başqa insanların onu necə tanıdığına, necə gördüyünə qulaq kəsilmək, öz oxumdan çıxmaq istədim. Dörd yanımı zəkanın, sağlam məntiqin gücsüzlüyündən danışan adamlar bürüdü.

Onlardan biri “Çox inandığın, yalançı olmadığına əmin olduğun adamlar varmı, varsa onları gözünün qabağına gətir”, - dedi. Mən xeyli adamı gözümün qarşısından keçirdim. Tələb elədi ki, çox ciddi adam olsun, çox dürüst adam olsun, həm də çoxdan tanıdığım adam. Mən təsəvvürümə gətirdiyim o adamların arasında balaca bir ixtisar aparıb ikisini saxladım. O, davam etdi. Həmin o ciddi, dürüst, yalansız adamlardan biri sənin qapını döyüb, zəng eləyib həyəcanla indicə yad planetə bir günlük səyahətdən qayıtdığından danışsa, hər nə desə, sən ona inanmalısan. Onu tək qoymamalısan. Təcili yardıma zəng etməməlisən. Əksinə, ona qoşulub hamını o deyənlərə inandırmalısan. İnam belə bir şeydir. Ola bilməz, mümkün deyil - söhbətini də yığışdırmalısan, hər şey mümkündür. Peyğəmbərlərə, onların danışdığı ağlasığmaz əhvalatlara, səyahətlərə, sözlərə də öz yaxınları belə inanıblar. Mən mübahisə etdim, məntiqlə onun dediyi inamı iki it kimi boğuşdurmağa başladıq, öz orbitimə qayıtdım. Ancaq indi mən özüm sizi sağlam məntiqə sığmayan bir şeyə, avtobusda o gördüyüm mənzərəyə inanmağa çağırıram. Rafiq Tağının anasına yalan deməmisiniz. O, doğrudan da Londondadır.

***

Bu günlərdə Azərbaycanın çox şan-şöhrətli neftçilərinin toplaşdığı bir qeyri-rəsmi tədbirin videosuna baxırdım. Onlar soyuqqanlıqla Azərbaycanda neftin son günlərini yaşadığından danışırdılar. Deyirdilər ki, yeni neft yatağı olmayacaq, indi işlənən yataqlar nədirsə odur, keçirik qaza.

Əslində bu, rəsmən də deyilmişdi. Hər gün xəbərləri oxuyan adamlar bilirlər. Deyilmişdi ki, Azərbaycanda 2010-cu ildə 50 milyon, 2011-də 46 milyon, 2012-də 45 milyon neft hasil olunub, 2016-cı ilə bu rəqəm 32 milyondan çox ola bilməyəcək. Deyilmişdi ki, neftin axırına üç-beş il qalıb. Neçə aydır adında neft sözü olan layihələr yox, Cənubi Qaz Dəhlizi, Trans Anadolu Təbii Qaz Boru Kəməri, ümid edirəm adlarını düz yazdım, - haqqında danışırdılar. Ancaq mən buna agentliklərdən yox, neftçilərin dilindən eşidəndə inandım.

Bakı, Bibiheybət
Bakı, Bibiheybət


Uşaq olanda mənim öz neft quyum var idi. O, Suraxanı neft mədənlərinin ərazisində idi. Sovet İttifaqının axır illərində nənəm bir dəmir vedrə götürüb məni ora apardı. Torpağın üstü neft gölməçələri ilə dolu idi, bəzilərinin üzərində göy qurşağı donub şəkil olmuşdu. Paslı neft mancanaqları tənbəl-tənbəl qalxıb enirdi. Biri cırıldayırdı, bu, neftin qoxusunu yayan küləyin vıyltısıyla birləşib sehrli səsə çevrilirdi.

Nənəm bir mancanağa yaxınlaşdı: “Bu quyu buraxır, həmişə mən səni göndərəndə burdan neft götür, o quyu Könülün quyusudu, bu sənin. Ona yaxın düşmə, Könülün xasiyyəti tünddü.” Vedrəni quyunun yanındakı iri gölməçəyə saldı, neftlə doldurdu, biz evə qayıtdıq. Nənəm neftə gülab və xına qatdı, qarışdırıb üstünü yorğanla bükdü, bir saatdan sonra açıb onunla başımızı yudu, otaqdan çıxdı. Qayıdanda qapının arxasından xəbərdarlıq elədi: “Məni görəndə qorxmayın”. O, alnına, yanaqlarına, dodaqlarıına qapqara neft çəkmişdi...

O gündən başlayaraq məni və Könülü tez-tez neft gətirməyə göndərirdilər. Eynilə kənddə uşaqları bostana beləcə pomidor-xiyar yığmağa göndərirlər. Mən öz neft quyumun yanına gedirdim. Orda heç vaxt işçilər, fəhlələr görünməzdi. Belə etmək olar, olmaz – deyən yox idi. Ancaq ora atılmış sahə də deyildi. Qalxıb enən mancanaqları, filosoflar demişkən, elə bil dünyann özü kimi bir dəfə qurub-quraşdırıb getmişdilər, sonrakı işinə qarışmırdılar.

Sadə bakılılar nefti pul gətirən nemətdən çox metafizik bir maye kimi sevirdilər. Neft sevimli suvenir idi, əcdadlarının məzarı idi, konkret faydası yox idi, ancaq orda başlarının altında durmuşdu, müqəddəs idi. Onlara güc verirdi. Bu güc milyonlarla il əvvəl bu torpaqlarda ağzından od püskürmüş, sonra ölüb neftə qarışmş dinozavrların gücünə bərabər güc idi.

Anamn anası almaların, yemişlərin üzərinə yüngülcə neft sürtüb soyuq zirzəmiyə yığardı. Onlar aylarla xarab olmadan qalardı. Evdən çıxıb hansı yana, nə qədər uzaqlara gedirdinsə get, hər tərəfdə boz, nəhəng sisternlər vardı. Maşının pəncərəsindən görünən sarı torpaqlar, sellofan sarınmış boru mənzərələri sisternləri saymaqla qısalardı.

Bakıda netfçilər, 20-ci əsrin əvvəli
Bakıda netfçilər, 20-ci əsrin əvvəli


Məktəb inşalarında hamı eyni şeyi – Bakı, qara qızıl, Neft Daşları, üç nöqtə, “Dünyanın jaketində yağlı ləkə” yazıb 5 alardı. Əlbəttə, bu, prezidentləri tərənnüm edərək 9 almaqdan yaxşı idi.

Sovet İttifaqı dağılandan sonra Bakıda uzun aradan sonra yenə qərblilər görünməyə başladılar, şəhərdə rus dilindəki yazıları ingilis sözləri əvəz etdi, dostlarımız arasında xaricilər peyda olmağa başladılar. Onda mən

yenə öz neft quyumu xatırladım. Neçə-neçə türkü, almanı sevindirmək üçün mən öz buraxan neft quyuma baş çəkdim, onun yanındakı gölməçədən neft yığdım, suvenir mağazasından aldığım kiçik bəzəkli şüşə qablara doldurub ağzını bağladım. Onlar bu barmaq boyda hədiyyələri alanda necə sevinirdilər!

Mən dünyanın təbii sərvətlər xəritəsinin insanların üzləri kimi dəyişildiyini bilmirdim. Heç bilməzdim ki, neft gəncliyim bitməmiş bitəcəkmiş.

“Müsəlman Şərqində tərəqqi büsbütün Qərbdən köçürmədir, inan, bu məkanda neft olmasa, insanlar acından qırılar, necə ki, Afrikanın müsəlman ölkələrində milçək kimi qırılır,” – Rafiq Tağı yazırdı. Neftin bitməsinə elə kədərlənirəm ki, “Azərbaycan ədəbiyyatında neft mövzusu” adlı qırmızı cildli, tozlu-mozlu, nəm bir Akademiya dissertasiyası oxumaq keçir könlümdən. Elə bir dissertasiya ki, “Neft və milyonlar səltənəti”ndəki Cəlil kimi insanlar olsun içində.

Götürüb Abşeronun neftli ərazilərində yaşayan qohumlarıma zəng edirəm, İkinci zavod küçəsində, evlərə yaxın yerləşən bir quyunun yerini izah edirəm. Əgər hələ də buraxırsa, olsa “bir balon”, olmasa “bir banka” neft sifariş eləyirəm. Elə-belə saxlamağa.

Onlar ən sakit vaxtlarda, hələ uşaqlıqda bir evdə yaşadıqları adamlara kitab, açıqca, şəkil verib arxasına “Yadigar” yazmağı xoşlayırdılar. Başa düşmək olmurdu niyə belə eləyirlər. Bu nə həvəs idi?! Kim ölür, kim hara gedir?! Yenə də həmin sözü işlədirlər: “Çoxdan götürmüşük yadigar neft. 2 balon. Görüşəndə paylaşdırarıq. Könül də istəyib.”

2013

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG