Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Mobil telefona görə daşqalaq edilən qadın


İranda daşqalaq mərasiminə hazırlıq
İranda daşqalaq mərasiminə hazırlıq
.
Qərb mətbuatı son vaxtlar müsəlman dünyasında tətbiq edilən daşqalaq edamının getdikcə armasından yazır.
Edamın son dərəcə qəddar növü olan daşqalaq – kimisə, əsasən ailə sədaqətsizliyinə görə daşa basaraq öldürmək deməkdir.
Mətbuat yazır ki, bu edam növünə qarşı kampaniyaçılar BMT-ni problemə müdaxiə etməyə çağırırlar. Qeyd olunur ki, daşqalaq edamını həyata keçirən icmalar bu kimi cinayətləri “bir daş üstdə, bir daş altda” prinsipi ilə aylarla, illərlə, çox vaxt isə həmişəlik gizlədə bilirlər. Çünki müasir müsəlman ölkələrinin əksəriyyətində edamın bu növü qadağandır.

Ekspertlər deyirlər ki, Qurani-Kərimdə də daşqalaq barədə bir şey deyilmir, amma hədislərdə... Bu artıq başqa məsələdir.
ƏZİZİM RONALD, SƏN KAMİL İNSANSAN
Londondakı keçmiş çəpər qonşum Ronald yaxşı bir insandır. O həm də mənim üçün bu laqeyd şəhərdə xeyirxahlıq nümunəsi idi.

Roninin ən böyük qəribəliyi onda idi ki, mobil telefonu yox idi. Bir dəfə soruşdum, dedi ki, lazım olanda, ev telefonundan istifadə edir. Ronni özü dediyi kimi, "mühacir işğalından uzaq olmaq üçün", Londonun daha uzaq ucqarına köçüb.

Bu günlərdə onu qəflətən, qəzetlərdən bir xəbəri oxuyanda xatırladım. Elə bu mobil telefon məsələsi ilə bağlı. Əgər qonşum olaraq qalsaydı, ona Nəsiminin dili ilə «sən kamil insansan» deyərdim.

Qəzetlərdən oxuduğum xəbərdə isə deyilirdi ki, Pakistanda tayfa məhkəməsi bir qadını daşqalaq edamı ilə ölümə məhkum edib... Özünə mobil telefonu aldığı üçün... “Bu gün mobil telefon alan, sabah vələdüznanın birinə mesaj da göndərər, hələ başqa namuszusluğa da gedər”...Daş atanların daş atdıqları vaxt düşündüklərini beynimdə rekonstruksiya etməyə çalışram.

Əslində, əziz keçmiş qonşum Ronald əsl kamilliyi 40 il əvvəl Nigeriyadan qaçanda edib. Bu ölkənin 36 ştatında daşqalaq rəsmi edam növüdür.

Odur ki, indi hər dəfə mobil telefonunuzdan istifadə edəndə (xüsusən də xanımlar) yüz dəfə Allaha dua edin.

Bu yazıq Arifə Bibi adlı qadının ölüm hökmünü elə öz qohumları - əmisi, əmisi uşaqları və başqaları daş-kəsək, kərpic ataraq icra ediblər.

Yazının əvvəlində daşqalaq edamının bir çox müsəlman ölkələrində qanunsuz olduğunu yazmışam. Lakin azı 15 ölkə və regionda bu edam üsulu tamamilə qanunidir.

Daşqalağa qarşı mübarizə təşkilatlarının məlumatına görə, bu edam növü ən çox Əfqanıstan, Pakistan və İraqda icra olunur.
ZORLANDI VƏ DAŞQALAQ EDİLDİ
Arifə Bibinin qətlə yetirilməsində qəribə bir simvolizm var. Çünki bu gün dünya boyunca qadın hüquqlarını müdafiə edənlər, Qurandan çox hədislərlə yaşayan qaragüruha qarşı müasir texnologiyalardan, sosial şəbəkələrdən – Facebook və Twitter-dən istifadə edirlər.
Onlar məhz bu şəbəkələrdə apardıqları kampaniya ilə BMT baş katibi cənab Ban Ki-moon-u hərəkətə çağırırlar.
Kampaniyaçılar internet petisiyasını cənab Ban və BMT-nin İnsan Haqları Ali Komissarlığına noyabrın 25-də, Qadınlara Qarşı Zorakılığın Ləğvi Günündə təqdim etməyi planlaşdırırlar.
Şəriət Qanunları ilə Yaşayan Qadınlar (Women Living Under Muslim Laws) adlı beynəlxalq qrupdan Naureen Shameem deyir ki, “daşqalaq cəzaların ən qəddarı və ən rəzilidir. Bu, insanı işgəncə verərək öldürməkdir”.
Xanım Shameen mətbuata deyib ki, bu edam növü qadınların nəinki seksuallığını, hətta təməl insan haqlarını nəzarətdə saxlamaq üçün icra edilir.
O bildirir ki, təşkilat qadınlara qarşı başqa zorakılıqların – o cümlədən qadın sünnətinin qadağanı uğrunda da mübarizə aparır.
Şəriət qanunlarına görə, əsasən sədaqətsizliyə görə tətbiq edilən bu edam, bir çox qadınları daha müdafiəsiz vəziyyətə salır.
Məsələn, zorlanması barədə şikayət edən qadının özünü “zina”ya görə edam edə bilərlər və edirlər də.
2008-ci ildə Somalidə Məhəmməd peyğəmbərin arvadlarından birinin adaşı – 13 yaşlı Aisha Ibrahim Duhulow-u boğazınadək torpağa basdırıblar və 50 kişi minədək tamaşaçının gözü qarşısınsda onu daşqalaq edib.
İran bayraqları
İran bayraqları
​Qızın atası, yəni UŞAĞIN atası, Amnesty İnternational təşkilatına bildirib ki, onun övladı o vaxt Kismayu şəhərinə nəzarət edən əl-Şəhab (əl-Qaedanın müttəfiqi) polisinə üç kişi tərəfindən zorlandığı barədə məlumat veribmiş.
İRAN DAŞQALAQ ÇEMPIONUDUR
Pakistanı, Əfqanıstanı, hətta İraqı dedim, amma qonşumuz İran bütün dünyada insanları bu edama ən çox məhkum edən ölkədir.
İran insan haqları fəallarından Shadi Sadr deyir ki, hazırda bu cəza ilə edam olunmaq hökmünün icrasını gözləyən azı 11 nəfər var.
Britaniyada mühacirətdə olan xanım Sadr mətbuata bildirib ki, İranda bu edamlar qapalı şəkildə həbsxanalarda, səhralarda və hətta səhərin erkən saatlarında birbaşa qəbristanlıqlarda icra olunur.
Shadi Sadr deyir ki, İrana bu mənada xaricdən təzyiqlərin rolu böyükdür.
“İslam Respublikası xaricdən gələn tənqidi vecinə almadığını desə də, çox yaxşı vecinə alır” – deyir Sadr.
2010-cu ildə bütün dünyadan gələn belə bir təzyiq azərbaycanlı qadın Sakineh Mohammadi Ashtiani-ni daşqalaqdan xilas elədi.
Ərinə xəyanətə görə məhkum edilmiş bu qadının edamının icrası təxirə salındı, lakin o hələ də həbsxanadadır.
İran daşqalaq edamını ölkənin yeni cinayət məcəlləsindən çıxarmışdı, lakin mühafizəkarlar bu maddəni yenidən qanuna saldırdılar.
Bu maddə Mavritaniya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, bizimkilərin çox sevdikləri Birləşmiş Ərəb Əmirlikləri və Yəmənin cinayət məcəlləsində daş kimi oturub.
Hərçənd Mavritaniya və Qətərdə bu edamla hələlik heç kimi öldürməyiblər.
Əvəzində, Pakistan və Əfqanıstan kimi ölkələrdə daşqalaq edamı rəsmən qadağan edilib, amma müxtəlif tayfalar, dərə bəyləri tərəfindən icra olunur.
Qədim zamanlarda daşqalaq
Qədim zamanlarda daşqalaq
Naureen Shameem deyir ki, Əfqanıstandakı səhra komandirləri öz siyasi məqsədləri üçün əhalini bu yolla terror edib qorxudurlar.
DAŞQALAĞIN TARİXÇƏSİ
İnsafən daşqalağı müsəlmanlar icad etməyiblər.
Daş, cinayət və cəza aləti kimi Adəm və Həvvanın zəmanəsindən bu yana istifadə edilib. Bəlkə ondan da əvvəl. Daş dövründə.
Müqəddəs kitablarda Adəmin oğlanları arasında düşən mübahisədə Qabil Habilin başını əzərək öldürür. Hərçənd nə ilə əzməsi yazılmasa da, güman etmək olar ki, söhbət daşdan gedir.
Qədim yunanlar da fahişələri, ailə sədaqətsizliyi göstərənləri və qatilləri daşqalaq vasitəsilə cəzalandırırmışlar. Daşqalaq barədə yəhidilərin Tövratında, İncilin ilk beş kitabında və Təlmudda da yazılıb.
Bütün bunlara baxmayaraq, müasir dövrümüzdə daşqalaq edamı ilk növbədə İslamla əlaqələndirilir.
Halbuki Məhəmməd peyğəmbərin bu barədə nəsə dediyi barədə yalnız hədislərdə məlumat var.
YAZITTI, YOXSA DİYİTTİ?
Karl Marx
Karl Marx
Yadıma Azərbaycan raykomlarından biri düşür. Bu şəxs 1970-ci illərdə bir neçə rayonda birinci katib olub.
Sonradan həmin raykom katibi Heydər Əliyevin partiya sıralarını təmizləmək kampaniyasının qurbanı olub və təxminən 10 il həbsxana cəzası çəkib. Hazırda sağ olub-olmamasını bilmirəm.
Nə isə...Partiya aktivlərindən birində, əslən şəkili olan katib belə bir çıxış edib:
“Karl Marx (Karl Marks) deyib ki, inqilabi proletariatın yetişməsində Şəki zəhmətkeşlərinin böyük rolu olub”.
Onun nitqindən sonra görünür, ya Marxı dərindən öyrənmiş, ya da sadəcə lotuluq edən bir cavan partiya işçisi katibə yaxınlaşıb və xahiş edib ki, Marxın Şəki haqqında dediklərinin mənbəyini tapmaqda ona kömək etsin.
Katib bir az fikrə gedib, sonra isə şirin Şəki ləhcəsində deyib: “Rəhmətliyin oğlu, mən demədim ki, yazıttı, mən dedim ki, diyitti”...
İndi məni də tam səmimi şəkildə belə bir şey maraqlandırır: Hədislərdə mobil telefon haqqında nəsə deyiblərmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG