Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:51

Kədərin qapısına qol vurmaq...


Furqan Sadıq
Furqan Sadıq
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 10 hekayə və 12 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi 3 hekayə və 2 şairin şeirlərini yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun.


Furqan Sadıq


Futbol topunun dalınca

Bu futbol topunun dalınca
həvəslə qaçan uşaqlar
kim bilir
böyüyüb hansı dərdin dalınca
təngnəfəs qaçacaqlar...
Yolları yora bilməsələr də,
yollar yoracaq ayaqlarını.
Qaç ki qaçasan,
qaç ki qaçasan...
Ürəklərində bir ümid,
dizlərində təpər qalmayacaq,
nə qədər çalışsalar da
kədərin qapısına
qol vurmaq olmayacaq...
Bəlkə də böyüyəndə
dərd-sərin çoxluğundan
ürəkləri partlayacaq bu uşaqların...
Amma nə olur olsun
indi oynadıqları top
partlamasın barı...


Bu gecənin bu üzündə

Bu gecənin bu üzündə
kim yatmış, kim oyaqdı?!
Həmişə sevinc yuxulu,
həmişə qəm oyaqdı...

Kimsə görməz, bir qıraqda
otur, rahatca ağla...
Stol üstdə ağ varaqla
qara qələm oyaqdı...

Mən Cırtdanam, qoca bir div
döyür qapını: tap, tap...
Deyirəm, get başqa yem tap,
mənim nənəm oyaqdı...
Kimi haqlayıbsa əcəl,
ölür elə indicə...
Bir mən oyağam, bir gecə,
bir də ölüm oyaqdı...


Dərdim dəvə boydadı

Yağış yağanda ağlama,
göz yaşını yuyar su...
Yağış yağmayanda ağla,
tükənər, quruyar su...

Yuxun ərşə çəkilibsə,
sən yerdə nə gəzirsən?!
Həyatda yaşayammırsan,
şeirdə nə gəzirsən?!

Ömür nədi - bir addım yol,
bitəcək addım atsan...
Dərdim dəvə boydadı ha,
qar yağacaq oynatsan...


Yoxdu bu şeirin ardı

Bu gün hamı xəstələnib,
hamı pis günə düşüb...
Dərddən yağış yağır, evin
damı pis günə düşüb...

Ağaclar da batıb qəmə,
nə bir yarpaq titrəyir...
Bu yanda mən öskürürəm,
o yanda dağ titrəyir...

Guya nə üçün yazıram,
yoxdu bu şeirin ardı...
Mən sıxıram dişlərimi,
dünya dişin ağardır...


Mənə bir şeir yaz, dost

Ümidlərim tükənib,
yenə bir qab verərsən...
Ehtiyat yığmaq üçün
mənə bir qab verərsən...

Bütün yollar qırılır-
hər tərəf yarımçıqdı...
Yaman tez sürüşürəm,
xəyallarım palçıqdı...

Mənə bir şeir yaz, dost,
hopum hərflərinə...
Bir az ürək-dirək ver,
yaz nisyə dəftərinə...


Və sonda...

...Qanuna bax,
barmaq izləri kimi
oxşamır bir-birinə
ayaq izlərimiz də...

Kimi ah çəkə-çəkə,
kimi şaqqanaq çəkə-çəkə
yola verir dünyanı...
Və sonda,
dünya ləpirə dönüb
ayağımız altına düşür
gözlərimizdən...


Dağınıq şeir

Zaman heç yana getmir,
elə saatda qalır...
Çünki itirilənlər
həmişə yadda qalır...

Ürəyim nələr çəkir,
nə bilsin ürəksizlər?!
Ha yana gedirəmsə
bütün atdığım izlər
ayağım altda qalır...


İşlərin düyünün aça bilmirəm

Kədər odasına girməyə nə var,
mən qapı bilmirəm, baca bilmirəm...
Əvvəlki dırnaqlar yeyilib tamam,
işlərin düyünün aça bilmirəm...

Bilirsən, kədər də növbənöv olur,
rastıma çıxıbdı min cürəsindən...
Mənim otağımda bir tənhalıq var,
həyətə boylanır pəncərəsindən...

Özüm də bilmirəm nə olub mənə,
nədənsə heç nəyə həvəsim yoxdu...
Yaman üşüyürəm, a şair qardaş,
dur bir şeir yandır, hava soyuqdu...


Kimyəvi şeir

Günlərin bir günü
kimya laboratoriyasına salsam
bu hətərən-pərərən,
bu dolaşıq adamları,
bu homogen,
heterogen,
bu qarışıq adamları...
...distillə etmək olarmı
görəsən vicdanlarını?!
XS
SM
MD
LG