Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

İlham Əliyevi dəstəkləyən «məhbəsdən məktublar»


Foto: Arxiv
Foto: Arxiv
-
Söhbət nə bədii əsərlərdən, nə də Azərbaycan mədəniyyətində də uzun ənənəsi olan epistolyar janrın yeni işartılarından gedir. Avqustun sonlarından bəri sosial şəbəkələrdə və mediada adıkeçən məktubları həbsxanada cəzasını çəkənlər yazıb. Bu məktublarda prezident İlham Əliyevin siyasi kursuna dəstək ifadə edilir və ona qarşıdakı seçkilərdə də qələbə arzulanır.

Məktub müəllifləri yetərincə tanınmış şəxslərdir – sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov və «Talışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov.

Fərhad Əliyevlə Hilal Məmmədovun müraciətlərini vəkillər, İlham Əmiraslanovun müraciətini Penitensiar Xidmət mediaya təqdim edib.

Fərhad Əliyev indiki prezidentlə uzun illər birgə çalışdığını, onun səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğunu vurğulayır və seçkidə ona səs verəcəyini açıqlayır.

Siyasi və vicdan məhbusu adlandırılmasıyla qəti şəkildə razılaşmayan İlham Əmiraslanov da prezidentə dəstəyini bildirərək, xalqın əksəriyyətinin ona səs verəcəyinə inandığını yazır.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev
MÜRACİƏTLƏ BAĞLI ŞÜBHƏ

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev Penitensiar Xidmətin yaydığı bu məktubun İlham Əmiraslanovun qələmindən çıxdığına şübhə ilə yanaşır:

«Biz bunu, hələ ki, dəqiqləşdirə bilməmişik. Əvvəllər İlham Əmiraslanovla telefonla danışa bilirdik, amma son vaxtlar bu təmaslarımıza imkan verilmir».

«QARDAŞIM DEYİR ÖZÜ YAZIB»

İlham Əmiraslanovun qardaşı Yaqub Əmiraslanov məktubu qardaşının yazdığını doğrulayır:

«5-6 gün əvvəl yanında olmuşam. Mənə dedi ki, məktubu özü yazıb».

Başqa bir məhbus – Hilal Məmmədov öz məktubunda İlham Əliyevi peşəkar diplomat adlandıraraq, ölkənin inkişafını onun apardığı daxili və xarici siyasətin nəticəsi sayır.
Ruslan Bəşirli
Ruslan Bəşirli
Hilal Məmmədovun vəkili Xalid Bağırov müdafiə etdiyi şəxsin belə bir məktubla çıxış etməsini onun məhkəmə hökmü öncəsində hakimiyyətə doğru kompromis addımı adlandırır və bəyanatın hər hansı təzyiq altında yazılmadığını deyir.

Seçkilər ərəfəsində məhbusların bənzər bəyanatlarla çıxışı birmənalı qarşılanmır və mediada gedən müzakirələrdə həmin şəxslər tənqid atəşinə tutulur.

«FƏRHAD ƏLİYEV HƏMİŞƏ DEDİYİNİ DEYİB»

Keçmiş məhbus, «Avropainfo» portalının direktoru Ruslan Bəşirli müraciət yazdıqlarına görə adları çəkilən şəxslərin mediada tənqidiylə razılaşmır. Deyir, hər məhbusun belə bir addım atmaq hüququ var. Müraciətlərin təzyiq yolu ilə yazılmasına gəlincə, Ruslan Bəşirli buna inanmır və düşünür ki, məsələn, sabiq nazir Fərhad Əliyev daha əvvəllər də İlham Əliyevi müdafiə edən bəyanatlarla çıxış edib:

«Fərhad Əliyev məhkəməyə çıxarılandan bəri İlham Əliyevi dəstəklədiyini söyləyir.
Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Bu adam İlham Əliyev komandasının üzvü sayılıb və heç vaxt müxalifətçi olmayıb. Yəni, o, heç vaxt deməyib ki, İlham Əliyevi dəstəkləmirəm. İndi onun müraciəti niyə belə qınaqla qarşılanır, aydın deyil».

«...SİYASİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ QADAĞANDIR»

Keçmiş məhbus, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, həbsxanadakı şəxs, lap könüllü müraciət yazsa da, həmin müraciətdən siyasi məqsədlər üçün istifadə beynəlxalq hüquqa ziddir:

«Beynəlxalq hüquqa görə, dustaqlardan, əsirlikdə olanlardan siyasi məqsədlər üçün istifadə etmək qadağandır. Hətta həbsxanada belə bir müraciət olsa da, onun yayılması yolverilməzdir. Mənə elə gəlir, bu işləri həbsxana müdirləri təşkil edir və görünür, nə etdiklərinin fərqində deyillər».

Mehman Sadıqov
Mehman Sadıqov
MEHMAN SADIQOV: «BİZDƏN MƏHKUMUN ÖZÜ XAHİŞ EDİB»

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov məhbus müraciətlərinin təzyiq və ya həbsxana rəhbərlərinin təhriki ilə yazılması barədə fikirləri yanlış sayır. İlham Əmiraslanovun müraciətinin mediaya çıxmasına gəlincə, o bunu məhbusun özünün istədiyini deyir:

«İlham Əmiraslanov bizdən xahiş edib ki, onun müraciətini mətbuata yayaq. Bunların hamısı məhkumların öz arzusu ilə olub. Müraciətin hazırlanması üçün onlarla danışıq və təzyiqlərdən söhbət gedə bilməz».

İlham Əmiraslanovun hüquqlarının müdafiəçisi Oqtay Gülalıyevin fikrincə, Penitensiar Xidmət dansa da, müraciətin onlar tərəfindən yayılması sözügedən məktubların könüllü yazılmasına şübhə doğurur.
XS
SM
MD
LG