Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:17

...baş tutmamış romandır


Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı
-

""İntihar hörüyü" bəzi diqqəti çəkən xüsusiyyətlərinə, müəllifin maraqlı müşahidə bacarığının mövcudluğuna, müəyyən dəqiq təsvir və ifadə detallarına baxmayaraq, baş tutmamış romandır"

"Üslubiyyət məsələsi ümumiyyətlə, əksər gənc qələm sahibləri üçün əhəmiyyət kəsb etmir. Üslubu müəyyən edən ilk faktor – dil yarı rus, yarı ingilis, yarı talış, yarı ləzgi, yarı da daha hansısa dillərin qarışığı kimi təqdim olunur".


Tənqidçi Nərgiz Cabbarlı bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Nərgiz Cabbarlı


BAŞ TUTMAYAN İNTİHARIN REALLAŞMAYAN TƏSVİRİ


Bədii əsər janrından, növündən və həcmindən asılı olmayaraq bütöv sistem kimi təhlilə cəlb olunur.

Hər bir əsərin ideyası, problemi, xarakterlər, obrazlar toplusu, süjeti, kompozisiyası, dili, üslubu onun forma və məzmununun ən vacib komponentləri kimi təhlil edilir.

XX-XX1 əsr ədəbiyyatşünaslığında bu komponentlərə münasibət dəfələrlə dəyişsə də, dekonstruksiyaya məruz qalsa da, terminologiya dəyişikliyi olsa da, hər halda, əsərin daxili qanunları var və bu həm yazıçı, həm də şərhçi (tənqidçi, tədqiqatçı) tərəfindən nəzərə alınmalıdır.

Amma çox qəribədir ki, gənclərin yaratdığı çağdaş nəsr nümunələrində bu qanunların mövcudluğu demək olar, duyulmur.

Müasir mətnlərdə başdan-başa ideyasızlıq hökm sürür. Müəyyən problemlər qaldırılsa da, mətn daxilində aradabir bu mövcudluq hiss olunsa da, elə bil, müəllif ciddi-cəhdlə onların üzərində diqqət toplamağa deyil, əksinə yayındırmağa çalışır. Və ya onun öz diqqətinin dağınıqlığı, demək və anlatmaq istədiyi problem üzərində əsaslı düşünməməsi, yazmaq istədiyinin stixiyasına qapılıb getməsi və lazım olan məqamlarda özünə «dur» deyə bilməməsi (yaradıcılıq psixologiyasını araşdıranlar və bu məsələ barədə düşünənlər üçün «dur» məqamının mövcudluğu sirr deyil) mətndə dağınıqlığa, səliqəsizliyə və sistemin formalaşmamasına səbəb olur.

Xarakter, tip, obraz yaradılması məsələsi müasir gənc yazıçı üçün sanki maraqlı deyil. Təqdim edilən personajlar hamısı bir-birinə bənzəyir, bir dildə danışır, eyni şəkildə düşünür, xarakterə çevrilməsi bir yana, heç obraz kimi də mətndə «görünmürlər». Bunun üçün edilən kiçik cəhdlər varsa da, elə cəhd olaraq da qalır.

Üslubiyyət məsələsi ümumiyyətlə, əksər gənc qələm sahibləri üçün əhəmiyyət kəsb etmir. Üslubu müəyyən edən ilk faktor – dil yarı rus, yarı ingilis, yarı talış, yarı ləzgi, yarı da daha hansısa dillərin qarışığı kimi təqdim olunur (yanlış anlaşılmasın – biz hansısa dilə qarşı deyilik, sadəcə, dilin bu dərəcədə «calaq edilməsi» normal, təbii proses deyil və daha çox dil bilməməkdən törəyir).
Şəhriyar del Gerani
Şəhriyar del Gerani

Cümlələrin sintaktik quruluşu sındırılmalara məruz qalır. Təhriflər, qondarma söz yaradılışı, mənaca deformasiya edilmiş söz və ifadələr məntlərdə baş alıb gedir.

Mətn daxilində hər şey sadəcə nəqlin – hansısa bir hadisənin danışılması üzərində qurulur. Lakin hadisə hələ bədii əsər deyil. Əlbəttə ki, ola bilər. Amma hadisənin bədii mətnə çevrilməsi üçün həm məzmun (hadisə, ideya, problem, mövzu, xarakter), həm də forma (janr, süjet, kompozisiya, obrazlar, bədii nitq) komponentlərinin mətnin qurulması prosesində iştirakı vacibdir.

Və hansısa bir müəllif bu komponentləri nəzərə almadan uğurlu nəsr əsəri yaradacağını düşünürsə, yanılır.

Yuxarıda sadalananlar konkret bir əsərin oxunuşundan sonra yazılsa da, ümumilikdə son illər gənc qələm sahiblərinin əksəriyyətinin ətrafında ajiotaj yaradılmış, məqsədli şəkildə təhlil obyekti seçilmiş əsərlərinə aid edilə bilər. Sadəcə, məqamı olduğu üçün və konkret olaraq Şəhriyar del Geraninin «İntihar hörüyü» əsərinə də aid edilə bildiyi üçün, qələmə alındı.

Əsər intihar probleminə həsr olunub (tam şəkildə olmasa da). Uzun-uzadı nəql prosesi baş tutmamış intihara aparıb çıxarır. Lakin bu roman bəzi diqqəti çəkən xüsusiyyətlərinə, müəllifin maraqlı müşahidə bacarığının mövcudluğuna, müəyyən dəqiq təsvir və ifadə detallarına baxmayaraq, baş tutmamış romandır. Səbəbi isə tamlığın, bütövlüyün olmamasında, sistemin yaradılmamasındadır. Strukturdakı natamamlıqda, yarımçıqlıqdadır.

Fikrimizi bir qədər də konkretləşdirək.

Əvəlcə diqqəti çəkən müsbət bir xüsusiyyət haqqında. İntihar probleminin araşdırıcıları olan psixoloqlar tərəfindən hər zaman qeyd edilən bir məqam müəllifin yanaşmasında öz uğurlu həllini tapıb: əsərin qəhrəmanının (əgər belə demək mümkün olsa) beynindəki intihar fikrini öz həyat tərzində bəzi hərəkətləri, düşüncələri ilə müəyyən təsadüfi məqamlarda biruzə verməsi, onun mövcudluğunu xatırlatması dəqiq müşahidədir və ilk baxışdan bu müşahidə (ümumiyyətlə, müəllifin «yazıçı müşahidəsi» yaxşı «işləyir») diqqəti çəkir, baş verə biləcək intiharın mövcudluğundan xəbərdar edə bilir.

Amma xarakter kimi reallaşdırıla bilməyən bu qəhrəman sanki görünməz bir pərdə arxasındadır. Mətn boyu nə siması, nə xarakteri, nə də obrazı aydınlaşmır (bəlkə elə müəllifin özü üçün də bu belədir?). Onun yaşamının bəzi detalları – uşaqlıq dövrünün təsviri qismən öz realizəsini tapsa da, sonrakı illər – gəncliyi, şəhər həyatı, münasibətləri və s. getdikcə daha da qeyri-müəyyən şəkil alır və konkretliyini, təsvirdəki dəqiqliyini itirir.

Əsər boyu bu «xarakter»in anlaşılmasına, dərk olunmasına və ümumilikdə intihar istəyi probleminin açılmasına hesablanmış detallar - anasızlıq problemi, böyüdüyü mühit, nənə-baba himayəsi, rəngsiz-çalarsız ətraf aləm və s. yalnız ilk səhifələrdə qismən uğurlu təsvirə gəlir.

Sonradan baş verən şaxələnmələr, nitq prosesinin başqa personaja ötürülməsi, təsvirdəki haçalanmalar və s. nəticəsində qəhrəmanın öz ətrafına ikrahı da, səbəbsiz yaşaması da, axına düşmüş taleyi də, ətrafına qeyri-müəyyən münasibəti də, qadınlara yalnız fiziki yaxınlaşma üzərində qurulan yanaşması da əsaslandırılmamış qalır. Bütün bu rəngsizlik, maraqsızlıq, seksual maraq üstündə qurulan münasibətlər toplusunun altında yatan səbəb və ya səbəblər görünmür (çünki təqdim olunmur). Onların üzərindən yalnız sadalanmaqla (halbuki əsaslandırmalar olmalıdır), kiçik ştrixlərlə keçilir.

Bu səbəbdən də nə Səmral xarakteri, nə də obrazı «gözə dəymir», yalnız xəyal tək görünür, «ələ gəlmədən» sivşib yox olur.

Səmralın öz dilindən aparılan nəql prosesi mətnin müəllifi kateqoriyasını aradan çıxarır. Onun nitqi və danışıq tərzi həyata, insanlara, dünyaya, qadına münasibətini ortaya qoya bilir (ümumiyyətlə, son illər yaranan nümunələrdə – xüsusilə gənclərin yaradıcılığında ikrah, nifrət, vulqarlıq personajın ətrafına və cəmiyyətə münasibətində müşahidə edilən əsas xüsusiyyətdir. Bu, ədəbiyyatda postmodern yanaşma ilə əlaqələndirilsə də, onun müəllif düşüncəsi ilə bağlılığı şübhəsizdir). Lakin müəllifin ilk yanlışlığı və əsas səhvi nəql prosesinin birdən-birə qırılaraq ikinci personaja ötürülməsidir. Daha dəqiq desək, ötürülmə prosesinin uğursuz alınmasıdır. Səbəb onlar arasında ilk fərq ola biləcək nitq quruluşunun eyniyyətindədir. Müəllif bu məsələyə ümumiyyətlə, fikir verməyib. Və nəinki nitq prosesi, hətta personajların düşüncə stixiyası, cümlə quruluşu, leksikonundaki vulqarizmlər, həyata – qadına, insanlara, heyvanlara və s. münasibəti belə birbaşa müəllifdən gəlir. Çünki təkrarlanır. Hər ikisində – Səmralda da, dostu Aydəmirdə də eyniyyət təşkil edir. Bu qəhrəmanlar bir-birinin «kopiyasına» çevrilirlər. Yəni nəticə etibarilə, müəllif qarşısına qoyduğu «görünməmək» məqsədinə nail ola bilmir (mətnin sonunda o bu məqsədini ehityac olmasa da, kiçik bir əlavə ilə qeyd edir. O səbəbdən ehtiyac yoxdur ki, onsuz da, bu məqsəd mətn daxilində duyulur. Yəni əhvalatın müəllif əvəzinə qəhrəmanın öz dilindən nəql edilməsi bunun üçün kifayət edir).

Əsərin sosial məzmunu intihar, insanın daxili psixoloji özünütapma və ya özünütanıma problemi üzərində qurulsa da, problemin kökü, səbəbi, nəticələri tam və dolğun təsvirə gəlmir.

Yarımçıqlığa səbəb isə ona birtərəfli və üzdən yanaşılmadadır. Kiçik yaşlarından atasını, daha sonra anasını itirmiş, baba-nənə himayəsində böyümüş, yeniyetmə ikən ilk intim münasibətini kilmərsə tərəfindən zorlanmın Sara adlı bir qızla quran və sonra sayı belə bəlli olmayan qadınlarla davamsız əlaqələrini həyatının az qala kredosuna çevirən bu rəssam hətta «anasının qızı»na belə məhz bu prizmadan yanaşır. Yəni onun üçün qadın seksual tələbatın ödənmə obyektidir – vəssalam. Əlbəttə, bu, cəmiyyətdəki mənəvi aşınma probleminin mətn daxilində zəif də olsa boy verməsinə səbəb olur. Amma yenə də ötəri xarakterli bir görünmə alınır.

Səmral üçün təmiz, müqəddəs heç bir şey yoxdur. Varsa da, bu onun südünü əmdiyi qoyundur, keçidir (əslində, bu faktın özünün mətndə qabardılması bir insan faciəsinin göstəricisi ola bilərdi. Amma müəllifin (oxu: qəhrəmanın özünün) hər addımda ironiyalı münasibəti ilə müşaiyət olunmasaydı. Bu, faciə çalarını heçə endirir). Bir az da nənəyə münasibətdə sevgi işartısı hiss olunur. Amma problem ondadır ki, bu sevgisizlik və ikrah dolu yaşam mətn boyu sadəcə nəql edilir, yaşanmır, yaşadılmır. Nəql prosesi gerçək təəssüratı çatdırmaq və yaşatmaq gücündə deyil.

Bir daha qeyd edirik ki, müəllifin müşahidə və psixoloji məqamları tutmaq bacarığı mətn daxilində özünü təsdiq edir. Məsələn, onun kənd həyatının maraqsızlığını və yeknəsəkliyini ifadə edərkən «bu kənd, ətraf ərazilər, buradakı bədbəxt adamlar allahın yadından çıxmış varlıqlardı» yazsa da, «ancaq bu qıvrımbaşların özlərinin səadət ölçüləri var.

Məsələn, topal Əlövsət qaşqa inəyinini birinci qarın doğmasına, həm də cüt-cüt balalamasına zırıltı qonaqlıq verdi dünən» kimi məişətlə, yaşamla, psixoloji ilə bağlı dəqiq müşahidələrinin mövcudluğu diqqət çəkir. Amma məsələn, çoxunun «təqvimdən xəbərsiz» olduğu dəqiq ifadə olunan bu insanların içərisində böyüyən yeniyetmənin rəssam kimi təqdimi, rəssam kimi həyata münasibəti, marağı, daxili dünyası açılmamış, müəyyən edilməmiş qalır. Yəni bu müəllifin müşahidə bacarığının mətnə birtərəfi tətbiqi əsərə müsbət keyfiyyətlər qazandıra bilmir. Sanki rəssamın dünyası yalnız seksual təlabatdan ibarət imiş (bu, gənc nasirlərin əksəriyyətində həyata və şəxsiyyətə yanaşmanın əsas çalarıdır) kimi görünür.

Mətndə reallaşmamış, aydınlamamış qalan əsərin qəhrəmanının tək intihar etmək cəhdi, intihar metodu (gəzdiyi qızların saçından hörülmüş hörük – bir detal kimi absurd görünür, hətta absurd-detal tək qəbul oluna bilsə də, uğursuzdur) deyil, həm də onun tutulması, həbsxanada yatması, sevgiləri (əgər belə demək mümkünsə) müəmma örtüyünə bürünüb.

Əsərdən təxmini olaraq belə bir formul meydana çıxır: nə üçünsə dünyaya gəldi, necəsə yaşadı, nəyə görəsə kimlərləsə yatdı, nə üçünsə – özü də bilmir - həbs olundu (siyasilərlə əlaqəsinə görə – sanki özü belə bu əlaqənin səbəbini anlamır), nə üçünsə özünü öldürmək istədi, nəyə görəsə bu alınmadı. Amma bütün bu ardıcıllıqların hansınınsa bir səbəbi olmalıdır, qəhrəmanın özü bunu bilməsə də, müəllif bunu dəqiq dərk etməli və təsvir etməlidir. Bunun üçün səbəbin birbaşa deyilişinə ehtiyac yoxdur. Ola bilər bunu yaratdığı situasiyalar söyləsin, ola bilər xaraketərlər öz rəftarları, münasibətləri ilə ifadə etsin… Yəni vasitələr çoxdur. Və bu məqsədlə nəql prosesinə yüklənməyə ehtiyac yoxdur. Bu olmadığından isə mətn boyu bəzən çox maraqlı bir fikir, dəqiq bir müşahidə havadan asılı qalır, fiaskoya uğrayır.

Məsələn, bəzən dəqiq müşahidə üçün seçilmiş bənzətmələrdəki uğursuzluq buna səbəb olur (bu məqamda onu da vurğulamaq istərdik ki, vulqarlığa meylin özündə belə təbiilik, təbii təlabatın ifadəsi olmalıdır. Bu mətndə isə ifadəyə, nitqə gətirilən vulqarizmlər süni, calaq kimi görünür. Çünki mətnə məqsədli gətirildiyi üzdədir. Yəni onların nitqdə ifadəsi xarakterin, situasiyanın tələbi deyil, sadəcə, müəllifi istəyidir. Halbuki xarakterin və situasiyanın tələbi olsaydı, yerində olacaq və normal qarşılanacaqdı):

«Kibrit qutusuna tüpürüb suya buraxıram. Axır, düşürəm dalıyca, naməlum ömrünü yaşayan məsum ağız suyumun burulğanlı, keşməkeşli həyat yolunu izləyirəm… Tanrılıq edirəm kibrit qutusundakı tüpürcəyimə… elə bilirəm Allah da belə oynayır mənimlə… Yəqin allah da belə oynayır adamlarla. Sonra təzəsini yaradıram… beləcə hava qaralır. Sonra arxın kənarına işəyirəm… Mən bunu hər dəfə təkrar eləməkdən həzz alıram…»

Mətnin dili məsələsinə də xüsusi toxunmaq istərdik. Müəllifin üslubundan danışmağa dəyməz, o demək olar ki yoxdur (əgər vulqarlığa meyli bu üslubun kiçik bir detalı kimi fərqləndirməsək). Amma üslubun əsas faktoru olan dil bərbadlığı hər an özünü biruzə verir. Hətta Azərbaycan dilinin adi normaları belə mətn daxilində pozulur («bir təhər onu yumuzdururuq» ifadəsi – göz nəzərdə tutulur, «axmağımtıcasına» ifadəsi, «düz bir il dörd ay keçdi Sarasızlıqdan» cümləsi və s.).

Üslub yoxdur, halbuki müəllifin məhz yaxşı müşahidə bacarığının nəticəsi olan fikirləri var ki, bu, fərdi üslubun formalaşmasında iştirak edən vacib komponentlərdən birinə çevrilə bilərdi. Əlbəttə, əgər müəllif bunu nəzərə alsaydı. Məsələn, «Təndirin küt kündəsi kimi ləzzətlidi nənəmlə oynamaq» ifadəsi və ya «Cəmi cümlətanı iki övladları olub. Biri evdən qaçıb, anam olan tayı. O biri də yelbeyin hərbçidi, dayım olan tayı» cümləsinin quruluşu və ya «Adamlar vermədiyi şeyləri daha çox umurlar, məsələn sevgini. Göstərmədiklərini daha çox görmək istəyirlər, məsələn, qayğını» kimi maraqlı fikir axışları və cümlə quruluşu yadda qalır. Yaxud ağlayan qadın təsviri öz uğuru ilə seçilir: «Qadınlar belə də ağlaya bilirmiş. Eynən balıqlar kimi, səssiz». Amma iş orasındadır ki, mətn boyu bir neçə yerdə qurulan bu cür təsvir sistemi bilərəkdən, məqsədli şəkildə dağıdılır, sonra yenidən qurulmasına cəhdlər edilir, amma alınmır.

Bir sözlə, müəllif bilərəkdən təsvir metodu ilə «oynayır». Əlbəttə, oyun uğurlu alınarsa, nə yaxşı. Amma təəssüf ki, dağılanın yenidən qurulması cəhdi baş tutmur. Məsələn, «balıq kimi səssiz ağlayan qadının» içində olduğu situasiya bu cür davam etdirilir: «Onun hıçqırıqları milçək vızıltısından da zəif idi. Amma ilk dəfəydi diz çökmək istəyirdim kiminsə qarşısında. O ağlamırdı, bu səs Allahın səsinə oxşayırdı. Allah ağlayırdı. ...Bircə bu milçəklər olmasaydı… Gətirib Tanrıya çıxartdı məni».
Əsərin strukturuna gəlincə, burada da uğursuz seçim edilib. Ümumiyyətlə, son dövr nəsr əsərlərində publisistikadan, jurnalistikadan gəlmə struktura, yazı üslubuna tez-tez müraciət edilir. Bu, əgər uğurlu edilirsə, əsərin bədiiliyinə ziyan vurmur. Amma əksər nümunələr, bunun əksini söyləməyə əsas verir. Bu mətndə də sıra nömrəsilə sadalanan, hansısa müəyyən başlıqlarla adlandırılan, sonra yenə də nömrələnmiş abzaslarla yenidən sıralanmadan keçirilən başlıqlar və yarımbaşlıqlar formalizmdən başqa bir şey deyil.

Fikrmizcə, əsərin əsas qüsurlarından biri də mətnə gətirilən personajların situasiyanın, hadisənin, vəziyyətin tələbi ilə deyil, müəllifin istəyi ilə (yəni süni yolla) prosesə müdaxiləsidi. Məsələn, nitq axınının qırılması ilə mətnə gətirilən Aydəmir də, sonradan Səmralın ölmədiyi informasiyasını vermək və Aydəmirə ikrahını ifadə etmək üçün gəlmiş Pınar da öz müdaxilələri ilə yamaq təsiri bağışlayırlar. Halbuki məsələn, Sara hadisələr stixiyasının təbii axını ilə mətnə gələn personaj kimi görünür, amma nahaq yerə mətndən tez uzaqlaşdırılır.

Müəllifin arada oxucu ilə ünsiyyətə girmək istəyi də baş qaldırır. Amma bir neçə dəfə təkrarlanan kontakt baş tutmur. Çünki ünsiyyətə girənin konkretliyi yoxdur. Bu, müəllif deyil – ona bənzəyir, rəssam deyil – ona bənzəyir, rəssamın dostu deyil – ona bənzəyir.

Yəni bu cür keçidlərin mövcudluğu ünsiyyəti reallaşdıra bilmir. İkinci bir səbəb isə oxucuya qarşı ikrah dolu münasibətin ifadəsidir. Bu fakt ünsiyyəti sıfıra endirir. Məsələn, «…Lakin siz mənə qulaq kəsilməkdən daha yaxşı variant təklif edə bilməzsiniz özünüzə. Hamınız mənasız həyatla, gündəlik qayğılarla uğraşırsınız… Bəlkə də elə siz özünüz də qanmazın birisiniz».

Müəllifin (bəzi məqamlarda rəssamın, bəzi məqamlarda isə dostunun) ikrah dolu münasibəti tək yaxını olan insanalara deyil, yaxını olmyanlara da aiddir. Məsələn, o cəmiyyətə münasibətini insanlara ötürdüyü kimi, dinə münasibətini də ona xidmət edənlərə ötürür: «Azan verəni üzdən tanıyıram. Qırmızı, sızanaqla dolu girdə sifəti var. Dişlərini ərp basıb, ağzından hərbçi dayımın ayağının iyi gəlir yəqin. … Tfu… iyrəncdi».

Daha bir məqam: müəllifin «Mən haqlı idim. Mənim gücüm həqiqətimdəydi», «Mən özüm haqqında keçmiş zamanda danışıram. Bu sizə qəribə gəlməsin. Özümü ötüb keçmiş birisiyəm» kimi əsərə gətirdiyi pafoslu şüarlar da havadan asılı qalır. Nədədir həqiqət, «özünü ötüb keçmək» kimi pafoslu bir ifadənin altında qəhrəmanın hansı xüsusiyyəti nəzərdə tutulur və s. suallar açıq, cavabsız qalır. Daha dəqiq desək, reallaşmamış qalır. Halbuki «Öz mahiyyətimi başa düşdükcə məzmunsuzlaşıram. Öz gözümdən düşürəm» kimi fikirlərdən sonra «başa düşülən məzmun» açılmalı idi. Amma açılmır. Açılan yalnız bir xüsusiyyətdir. Qəhrəman «hər qadını o birində unudan, o birini isə digərində» yaddan çıxaran biridir. Bir insanın isə yalnız bu xüsusiyyətlə ifadə olunması kifayət etmir. Halbuki mətn boyu bəzən çox kiçik də olsa buna cəhdlər edilir: «Gecələr kimsəsiz, yetimləşmiş küçələrdə sülənirəm. Paltarımın içindəki sovxa bədənimi gəzdirirəm» kimi ifadələrlə xarakterin yaradılması, problemin açılması prosesinə kiçik cəhdlər olunur. Amma bir daha qeyd edirik ki, yalnız kiçik cəhdlər. Bundan o yana gedilmir.

Bir sözlə, əsər bir insanın daxili ziddiyyətlərini, özünün özü ilə qarşıdurmasını, psixoloji mərhələlərdən adlayaraq intihar fikrinə necə çatmasını araşdırmağa hesablanıb. Amma müəllif əslində dərin olan problemin dərinliklərinə enə bilməyib, məqsəd sadəcə üzdən təsvirlə reallaşıb. Üzdən təsvir isə nə intihar faktını, nə ona aparan yolu, nə də qərəmanın (əgər o qəhrəman, xarakter, personaj varsa) izah edə bilir.

Və son olaraq: «roman» ağır bir janrdır. Hər cəhətdən. Tələbləri də, sərhədləri də, daxili strukturu da dəqiq və diqqətli iş prosesi tələb edir. Lakin vacib bir cəhət – şəbəkə ədəbiyyatının yaranma prosesi bu «ağır» janrı da yüngülləşdirmiş oldu. Xüsusilə də öz sürəti ilə. Hər halda, son illər tələm-tələsik yaranan, tələm-tələsik çap edilən və tələm-tələsik də müzakirəyə qoyulan mətnlər bu müşahidəni də söyləməyə əsas verir.
XS
SM
MD
LG