Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Fətullah Gülənlə söhbət


Fətullah Gülen
Fətullah Gülen
-
Fətullah Güləni Azərbaycanda yaxşı tanıyırlar. Hətta onun ölkədə çoxsaylı davamçılarının olduğu da bildirilir. Lakin əgər Amerika mətbuatı bu hərəkatı “Gülənçi” adlandırırsa, Azərbaycanda adamlar onu daha çox Fətullahçı hərəkat kimi tanıyırlar.
Məqalənin müəllifi Jamie Tarabay yazır ki, Fətullah Gülənin davamçıları bütün dünya boyunca yayılıblar və onun ABŞ-da daxil oçmaqla 90 ölkədə elmi təmayüllü məktəbləri var.


"ÖZ VƏTƏNİNDƏ PEYĞƏMBƏR OLMUR"

Tarabay yazır ki, Gülən Türkiyəni 1998-ci ildə ölkənin dünyəvi qanunlarını pozmaq ittihamlarından yayınmaq üçün tərk edib və o vaxtdan bəri Pensilvaniya ştatının Seylorsburq şəhərində məskunlaşıb. Xocaəfəndi artıq yaşlı və zəifdir, lakin Amerikadan televiziya və internet vasitəsilə moizələrini yayınlamaqda davam edir.
Jamie Tarabay yazır ki, dünyəvi türklər Gülənin Türkiyənin siyasi dairələrində artan nüfuzundan və ölkənin bir gün dini dövlətə çevriləcəyindən narahatdırlar. Onu Türkiyə və Mərkəzi Asiyada çox adam tanıyır, amma ABŞ-da o demək olar ki, tanınmır.
Tərki-dünya ruhani Pokonos qəsəbəsindəki evində müridlərini qəbul edir, moizə oxuyur və iddia edir ki, onun davamçılarının sayı gözü götürməyənlərin iddia etdikləri qədər də çox deyil.

O Amerikada yaşadığı 14 ildə çox az sayda müsahibə verib. “The Atlantic” məcmuəsinə müsahibəsini isə sonradan özü redaktə edib. Nadir hallarda müsahibə verməsini onunla izah edir ki, təbiətən sadə və bir az da utancaq adamdır.


GÜLƏNİN EVİ

Yaşadığı kifayət qədər geniş evdə ona aid otaq çox kiçikdir. Deyir ki, əslində bütün həyatı elə bu cür darısqallıqda keçib. “Çünki mən özümü soydaşlarımdam biri hesab edirəm və onlar kimi yaşamaq istəyirəm” – deyir Fətullah Gülən, - mən özümü bu dünyaya çox da bağlamaq istəmirəm”.

Jurnalistin “deyəsən, tələbələriniz arasında qadınlar yoxdur” sualına cavab olaraq Fətullah Gülən bildirir ki, “Türkiyədəki dostlarımızın keçirdiyi bir proqramda qadınılar da ilhaiyyat dərsləri alırlar” deyə bildirir.


DOSTLAR KİMDİR?

“Dostlarımız” sözü olduqca diplomatik səslənir. Hiss olunur ki, Gülən müridlər və davamçılar sözündən qaçır və özünün bir hərəkat lideri kimi görünməsini istəmir.
O müsahibədə İslam ənənəsində qadınların rolunun yalnız analıqla məhdudlaşdığı barədə geniş yayılmış inam haqqında suala cavab olaraq razılaşmadığını bildirir və deyir ki, qadınlar istənilən rolda çıxış edə - həkim, hərbi zabit və prezident ola bilərlər.
Fətullah Gülən deyir ki, Məhəmməd peyğəmbərin sağlığında onun arvadları Aişə, Hafizə və Ümsəlamə hakimlərin sırasında yer alar və kişilərə dərs deyərdilər.
Gülən bildirir ki, bəzi yerlərdə qadınların sosial fəallığının buxovlanması islami mənbələrin düzgün təfsir edilməməsindən doğur və təəssüf, dünya boyunca İslama qarşı kampaniyada bu faktor misal kimi göstərilir.

Daha sonra jurnalist ən mühüm suallarından birini verir: “Sizi tanımayanlara özünüz, inanclarınız və təliminiz barədə nə deyərdiniz?”

“Düşünmürəm ki, mənim özümü təbliğ etməyə ehtiyacım var. Mən heç vaxt adamlar tərəfindən tanınmağa və qəbul olunmağa can atmamışam. Mən sadəcə olaraq inandığım ideyaları ətrafımdakı insanlarla paylaşıram. Əgər adamlar məni bundan başqa bir səbəbə görə tanıyırlarsa, bu, onların səhvidir. Mənim əsas inancım dünyada sülh axtarmaq və adamlara bir sıra şər münasibətlərə üstün gəlməkdə təhsil vasitəsilə kömək etməkdir. Ərəblərin bir sözü var: “Əgər bir şeyə tam yetişmək mümkün deyildirsə, bu o demək deyildir ki, həmin şeydən tamamilə əl çəkmək lazımdır” – deyir Fətulla Gülən.


"MƏN MƏKTƏB AÇMAMIŞAM"

Müxbirin dünya boyunca yayılmış xüsusi Fətullahçı məktəblər barədə sualına, Gülən dərhal etirazla cavab verir. O deyir ki, şəxsən özü heç bir məktəbin yaradılmasında iştirak etməyib.
“Mənim təsirim olubsa da, moizələrim, seminar və mühazirələrim vasitəsilə olub” – deyir ruhani, - mənim inamım həmişə bu olub ki, biz bütün dünyada sülhə yalnız bir yolla – oxuya bilən, tənqidi yanaşan və insanları sevən və bəşəriyyəyə töhfə verən yeni bir nəslin yetişdirilməsi ilə nail ola bilərik”

Əslində bu cavabla, o, yaratdığını inkar etdiyi məktəblərin də gündəliyini açıqlamış olur.

Ümumiyyətlə, müsahibə boyu Fətullah Gülənin daha çox demədikləri barədə düşünməlk lazım gəlir.

Məsələn o, Türkiyə barədə deyir ki, bu ölkə indiyədək dünyada nümunə olacaq bir imic qazana bilməyib.

“Lakin biz ümid edirik ki, inşaalah bu baş verəcək”. Bu sualın cavabında gərək “nə baş verəcək” sualına cavab axtarasan.

“Bu kimi baxışları indi Türkiyədə qəbul etmirlər – deyə etiraf edir Gülən, - mən 20 il bundan əvvəl deyəndə ki, demokratiya geriyə yolu olmayan prosesdir, hazırkı hökuməti dəstəkləyən media qurumları şübhə ilə yanaşır və məni kəskin tənqid edirdilər”.


"MƏHƏMMƏD PEYĞƏMBƏRİ DƏ HAMI SEVMƏYİB"

Sonrakı sualda isə Fətullah Gülən istər-istəməz bir dini lider kimi özünün status və ambisiyalarını ortaya qoyur.

Müxbirin “sizi Türkiyədə çoxları sevir, lakin həm də çoxları sizdən qorxurlar” qeydinə o belə cavab verir: “Mən qütbləşmiş münasibət doğuran adamların nə birincisi, nə də sonuncusuyam. Əlbəttə kİ, tarix boyunca həqiqətin dostları, Allahın rəsulları da daxil olmaqla maneə və düşmənçilik görüblər”.

Fətullah Gülən bu qənaətdədir ki, görünür, onu sevməyənlərə özünü lazımi qədər tanıtmağa nail ola bilməyib.

Digər tərəfdən o bildirib ki, insanlara şübhə haqqı tanınmalıdır və heç kəs hamı tərəfindən eyni vaxtda qəbul edilə bilməz.


DÜNYA DƏYİŞİR

Keçmişlərdə bir sıra anti-semit bəyanatlar verdiyi barədə suala cavab olaraq Gülən bildirir ki, hər şey, o cümlədən insanlar da dəyişirlər və o, bu mənada bir sıra anlayışlarına yenidən baxıb.

Fətullah Gülən inandırmağa çalışır ki, başqa dinlərə münasibət Qurandan yox, onun düzgün başa düşülməməsindən irəli gəlir.

O Məhəmməd peyğəmbərin Mədinədə bir yəhudinin yas mərasimində iştirakını misal gətirir.

O deyir ki, İsrail dövlətinin bir sıra siyasətlərini tənqid edir, lakin eyni zamanda intihar bomba partlayışları kimi zorakılıqların da əleyhinədir.

Şəxsən özünün necə bir müsəlman olduğu barədə suala cavabında Fətullah Gülən bildirir ki, o, Quranın və Məhəmməd Peyğəmbərin çığırından çıxmayan ən adi bir müsəlmandır.


KÖHNƏ CIĞIRLAR

Gülənin bu müsahibəsi olduqca aktualdır. Çünki o, Azərbaycanda da kifayət qədər yayılmış Fətullahçılığın hərəkatdan daha çox təriqətçilik olduğunu bir daha nümayiş etdirir. Bu təriqət Məhəmməd peyğəmbərin çığırından çıxmadan İslamın mötədil simasını dünyaya göstərməyə çalışır və bu mənada yeni bir şey deyil.
Hələ qədimlərdə Roma İmperiyasının qəddar repressiyaları ilə üzləşən yəhudilər arasında fariseylik deyilən cərəyan yayılmağa başlamışdı. Bu cərəyan qüdrətli imperiya ilə qılıncla yox, maarifçilik, təhsil, təlim və mötədilliklə mübarizəni təklif edirdi.

Lap yaxın zamanlarda, sosializmin süqutunun ərəfəsində kommunistlər ortalığa “insan simalı sosializm” anlayışı qoymağa çalışırdılar.
Nə fariseylik, nə də Leninin cığırından çıxmayan “insan simalı sosializm” uğur qazana bilmədi.
Çünki köhnə çığırda təzə nə isə icad etmək çətindir.
XS
SM
MD
LG