Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:27

«İkitelli» naxçıvanlılar [Video]


«İkitelli» məhəlləsinin naxçıvanlı sakinləri
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

«İkitelli» məhəlləsinin naxçıvanlı sakinləri

-
Naxçıvanın Püsyan kəndindən olan müsavatçı Şakir Əlisoy təqiblərdən yaxa qurtarmaq üçün 3 il öncə Türkiyəyə sığındığını deyir. O, ailəsi ilə birlikdə İstanbulda, həmkəndlilərinin də məskən saldığı «İkitelli» məhəlləsində yaşayır.

«SEÇKİLƏRDƏKİ SAXTAKARLIĞA ETİRAZ ETDİK»

Şakir Əlisoy deyir ki, Naxçıvanda təqib olunmalarına səbəb 2010-cu ildə keçirilən parlament seçkilərində baş verən saxtakarlıqlara ailəlikcə etiraz etmələridir:

«Qardaşım Səxavət Əlisoy deputatlığa namizəd idi. Seçkilərdəki saxtakarlığa etiraz etdik. Ailəmizə qarşı repressiyaya başladılar. Parlament seçkilərindən dərhal sonra İstanbula gəldim. Bundan bir ay sonra polislər evimizə hücum edib, qardaşımı, bacımı vəhşicəsinə döydülər, evimizi dağıtdılar».

Şakir Əlisoyun dediyinə görə, təqiblərin davam etdiyini görən bacısı və qardaşı da ailəlikcə Naxçıvanı tərk ediblər. Biri Türkiyəyə köçüb, o biri Avropa ölkələrinin birindən sığınacaq alıb. Şakir Əlisoy deyir ki, polislər 2009-cu ildə onun Püsyan kəndindəki çayxanasını dağıtmaqla ailəsinin son dolanışıq ümidini də söndürüblər:

«Çayxanamı dağıtmasaydılar, mən uşaqları niyə gətirirdim? Yoldaşımı işdən çıxarmasaydılar, mən də çayxanamı işlətsəydim, nə işimiz vardı buralarda? İnsanları zorla Naxçıvandan çıxarırlar. Fikirləşirlər ki, nə edək, necə pislik edək ki, insanlar Naxçıvanı tərk etsinlər».

«KAŞ, BURADAKI İŞİMİZ ÖZ KƏNDİMİZDƏ OLAYDI»

Şakirin həyat yoldaşı İstanbuldakı ayaqqabı fabriklərinin birində çalışır. O deyir ki, ailədə iki nəfərin işləməsi dolanışığı ödəmədiyindən məcbur olub oğlanlarını Naxçıvandakı orta məktəbdən çıxarıb, bura işləməyə gətiriblər:

«Allah bizi bu günlərə salanları bu günlərə salsın. İşdən gəlirsən, bilmirsən yemək hazırlayasan, yoxsa uşağa baxasan. Kaş ki, buradakı işimiz öz kəndimizdə olaydı. Şakirin də çayxanasını da sökdülər, yoxsa qalıb kənddə birtəhər dolanardıq. Məcbur çıxıb gəldik. Uşaqlarım kor oldu. Oğlumuzun 17 yaşı var, 3 ildir burda işləyir. Məktəbi atıb gəlib bura. Adamın ürəyi ağrıyır. Başqaları məktəb oxuyur, bizim uşaq əcnəbinin qarşısında işləyir. İşləmək hamı üçündür. Kaş ki, iş olsun, orada işləyək. Xeyrimizdən, şərimizdən, ölənimizdən xəbərimiz olmur. Telefonda yaxınlarımızla daşırıq, ağlayırıq. İki nəfər işləməklə burada artırmaq olmaz. 250 manat kirayə veririk, kommunal xərcləri də üstünə gələndə, baxırsan bir nəfərin maaşı bunlara getdi».

«ŞƏKƏR TOZUNU DA BİZDƏN UCUZ ALIRDILAR»

O, Naxçıvandakı yaşayışlarından da söz salır:

«İlboyu işləyirdim. Həm xəstəxanada, həm də torpaq sahəmizdə çuğundur əkirdik. İl başa çatıb, məhsulu təhvil alanda çuğundurun çəkisindən kəsirdilər. Çuğundurun yerinə verdikləri şəkər tozunu da bizdən ucuz alırdılar. Pula görə, keçimsizlik üzündən gəlib çıxmışıq bura».

Şakir Əlisoy deyir ki, həmkəndliləri ilə İstanbulun eyni məhəlləsində yığcam yaşamaları ona, az da olsa, qürbət həsrətini unutdurur:

«Püsyan kəndinin yarısından çoxu Türkiyədə yaşayır. Səbəb Naxçıvanda işin olmamasıdır. İşsiz insanlar da məcbur qalıb bura gəlir. İnsanları həm də sıxırlar Naxçıvanda. Kim istər ki, dədə-baba yurdunu atıb buralara gələ... Bizim məhəllədə 10 püsyanlı ailəsi yaşayır. Kəndimizdə heç bir məşğuliyyət yox idi – Nə çayxana, nə də bir əyləncə yeri vardı. Burada püsyanlıların öz çayxanası var. Həftə sonları yığışıb nərddən, dominodan oynayıb, normal istirahət edə bilirik».
XS
SM
MD
LG