Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

Elçin Şıxlı: «Prezidentə ən dərin minnətdarlığı o zaman bildirərəm ki…» [Video]


Elçin Şıxlı
Elçin Şıxlı
-
«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Mətbuat Günündə AzadlıqRadiosuna müsahibə verib.

- Elçin bəy, yaşı 100-dən yuxarı olan adam necə görünə bilər?

- Azərbaycanda yaşı 100-dən yuxarı adam artıq qalmayıb. Adamın bu yaşa çatması üçün rahat şərait lazımdır. Bu da müşkül məsələdir indi, yoxdur belə şərait.

- Bəs 138 yaşlı Azərbaycan mətbuatı necə görünür?

- 138 yaşlı Azərbaycan mətbuatı reanimasiya vəziyyətindədir. Amma «pasiyent»in vəziyyəti sabit-ağır olaraq qalır. İntəhası, mən nikbinəm. «Pasiyent» nə vaxtsa komadan çıxacaq.

- «Pasiyent»i komadan çıxaracaq qüvvəni nədə görürsüz?

- Sizdə, sizin nəsildə, cavanlarda və bir az da salamat qalan, mənliyini itirməyən yaşlı jurnalistlərin məsləhətlərinə qulaq asmaqda...

- Azərbaycan mətbuatı cəmiyyətin həyatında bu gün nəyə təsir edə bilir?

- Təsir edə bilmir desəm, yalan demiş olaram. Qlobal miqyasda olmasa da, ayrı-ayrı epizodlarda, məqamlarda mətbuatın təsir qüvvəsi var. Düzdür, nadir hallarda bizə «sağ ol» deyirlər, amma biz öz işimizi görməliyik. Normal mətbuatı nəzərdə tuturam. Xəbəri verməliyik, əyər-əskiyi göstərməliyik. Bunu da mədəni və insanların heysiyyətinə toxunmadan etmək olar. Sadəcə, təhqirə yol vermədən faktları göstərirsən. Sizi inandırım ki, bu halda yazdığımızın təsiri daha kəsərli olur.

- Bəs hakimiyyət necə, mətbuatla hesablaşırmı?

- Hakimiyyət mətbuatla hesablaşır. Hesablaşmasaydı, jurnalistlərə ev verməzdi, mətbuatı ələ almağa çalışmazdı. Hesablaşmasaydı, mətbuata fikir verməzdi. Mediaya fikir verməmək də mümkün deyil. Boş yerə mətbuata dördüncü hakimiyyət demirlər. Müəyyən müddət güclənir, bir müddət zəifləyir, müəyyən tarixi məqamda mətbuata önəm verilir. Bayaq mənə bir sual verdilər ki, «Azərbaycan jurnalistikasında nə çatışmır?». Dedim ki, peşəkarlıq, ürək və səmimiyyət. Bu olsa, biz gələcəyə ümidlə baxa bilərik.

- Ölkə prezidenti İlham Əliyev bu gün jurnalistlərə ev verilməsi ilə bağlı mərasimdə deyib ki, jurnalist öz maaşına ev ala bilməz. Necə bilirsiniz, bu zaman evi jurnalistə kim verməlidir? Sahibkar, hökumət, yoxsa başqa kimsə? Və bu zaman onun davranışı necə olmalıdır? Elə iki gündür sosial şəbəkələrdə də bu müzakirə edilir.

- Mənə elə gəlir ki, ölkə prezidenti bunu deyirsə, deməli gerçəkdir. Azərbaycan jurnalisti, çox təəssüf ki, öz maaşı ilə ev ala bilmir. Azərbaycan prezidenti elə şərait yaratmalıdır ki, jurnalist özünə ev ala bilsin. Bu şərait yaransa və jurnalist özünə ev ala bilsə, onda düşünərəm ki, Azərbaycan prezidenti ölkəni düzgün idarə edir, düzgün istiqamətdə aparır və təkcə jurnalist yox, digər peşə sahibləri də maaşları ilə özlərinə ev ala bilirlər. Mən indi mənzil alan jurnalistlərə «xeyirli olsun» deyirəm. Onların adından danışa bilmərəm, hərçənd, onlar ölkə başçısına təşəkkür edirlər. Mən də müəyyən mənada təşəkkür edə bilərəm. Amma ən dərin minnətdarlığı o zaman bildirərəm ki, Azərbaycan jurnalisti özü-özünə ev ala bilsin.
XS
SM
MD
LG