Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:43

"Harry Potter"in müəllifi başqa adla roman yazdı, naşirlər rədd etdi...


J.K. Rowling
J.K. Rowling
-

Britaniya mətbuatı yazır ki, naşirlər dünyanın ən çox satılan yazıçılarından biri, məşhur “Harry Potter” silsilə kitablarının müəllifi JK Rowling-in başqa adla yazdığı detektiv romanı çap etməkdən imtina ediblər.

“Ququ quşu zəng çalır” kitabının çapından imtina edən naşirlər onun müəllifinin əsl adını biləndən sonra pərt olublar.

Doğrudur, bir nəşriyyat kitabı hər halda çap edib və aprel ayından bu yana onun cəmi 1500 nüsxəsi satılıb. Bunun da cəmisi 500 nüsxəsi Britaniya alıcısının payına düşürmüş.

BİR GECƏDƏ 5000-Cİ YERDƏN 1-Cİ YERƏ

Lakin ötən həftəsonu, JK Rowling nəhayət öz kimliyini açandan sonra kitab Amazon saytındakı 4709-cu yerdən 1-ci yerə yüksəlib.

Müasir Qərb ədəbiyyatının qəribəliklərindən biri də belədir. Müəllifin adı həlledici rol oynayır.

JK Rowling kitabı nəşriyyatlara keçmiş əsgərin debütü kimi təqdim etmişdi. Kitabın müəllifi kimi, guya hərbi polisdəki işini 2003-cü ildə tərk edib hazırda şəxsi təhlükəsizlik firmalarından birində çalışan Robert Galbraith göstərilmişdi.

Naşirləri də qınamaq olmur. "Orion" nəşriyyatının direktoru Kate Mills deyib ki, “kitab çox gözəl idi, amma hay-küyü çıxmamışdı”.

O etiraf edir ki, kitabı reklam etmək üçün bir dənə də məqam tapa bilməyib.

Kate Mills deyib ki, debüt yazıçıları çap etmək çətindir, üstəlik də detektiv janrının bazarı tünlükdür.

SİRRİ PAL-PALTARA OLAN QADIN HEYRANLIĞI AÇIB

Amma hər halda bəzi naşirlər müəyyən məqamda müəlliflik barədə şübhələniblər.
Onlar fikir veriblər ki, kişi müəllif qadın geyim üslublarını həddən artıq ustalıqla təsvir edib.

Bəziləri bu qənaətə gəliblər ki, saxta kişi müəllifin arxasında artıq püxrtələşmiş qadın romançı durur.

İşin izinə “The Sunday Times” qəzeti düşüb. Qəzet öyrənə bilib ki, həmin bu cənab Galbraith və xanım Rowling nəinki eyni naşiri, hətta eyni redaktoru bölüşürlər.
Onda “The Sunday Times” Rowling-i “divara söykəyib” və onun etirafına nail olub.
“Harry Potter”-in 47 yaşlı müəllifi deyib ki, bu sirrin mümkün qədər gec açılmasını istəyib, çünki bir müddət Robert Galbraith olmaq yazıçıya müəyyən daxili azadlıq veribmiş.

Britaniya mətbuatı yazır ki, xanım Rowling kitabı başqa nəşriyyatlara, "Orion" onu qəbul edəndən sonra təqdim edib.

SAQQALI OLMAYANIN SÖZÜ ÖTMÜR?

Tənqidçilər bu hərəkətə müəmma kimi baxırlar. Yəni artıq kontraktı bağlanmış kitabı başqa naşirlərə göndərmək nəyə lazım idi?

Bəziləri qeyd edirlər ki, çap olunmamaq xofu yazıçıda həmişə olub və onun əsəri birinci dəfə deyildir ki, rədd edilir.

Kitabın çapını “Bloomsbury” nəşriyyatı qəbul edənədək “Harry Potter” silsiləsindən ilk kitabı 12 naşir rədd etmişdi.

“Bloomsbury” müəlliflə 1500 nüsxə üçün kontrakt bağlamışdı, lakin silsilə kitablar sonradan bütün dünya boyunca 450 milyon nüsxədə satıldı.

Müəllif hətta bu əsərinə də qadın olduğunu gizlədən “JK Rowling” imzası qoymuşdu.
Naşirlər narahat idilər ki, müəllifin qadın olması kitabın əsas bazarını - yeniyetmə oğlanları hürküdə bilər.

Xanım Rowling-in sözçüsü onun nə üçün kişi adına əl atdığı barədə suala cavab verməkdən imtina edib.
XS
SM
MD
LG