Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:08

Rəsul Rza gənc Fikrət Qocanı Qabilin istehzalı tənqidindən müdafiə edir


Rəsul Rza
Rəsul Rza
-

Qabil "Şeir-rebus" məqaləsində Fikrət Qocaya rişxənd edir.

Ona cavabı Rəsul Rza yazır: "Hörmətli Qabil, axı, bu - şairin şair haqqında, şeir haqqında mülahizəsinə oxşamır..."


SOVET DÖVRÜNÜN ƏDƏBİ QOVĞALARI


Rəsul Rza


QAYĞI SÖZÜ VƏ QAYĞI ÖZÜ

(Məqalədən parça)


..."Azərbaycan gəncləri" qəzeti də şair Qabilin bir məqaləsini dərc etdi.

Bu məqalə "Şeir-rebus" adlanır. Özü də sərlövhə altına inansaq, "şairin qələm yoldaşına məktubudur".

Belə bir qəribə başlıqla qələm yoldaşlarına məktub yazan şair Qabil, bütün qəzəbini şair Fikrət Qocaya qarşı çevirmişdir. Amma mətbuat səhifəsində hirslənmək yaxşı şey deyil. Hövsələdən çıxan adam demək istədiyi sözlərə çox şey qatır, ifrata varır və göz görən şeyləri inkar edir. Məqalə məktub, dəlil və sübut əvəzinə istehza və müxtəlif epitetlərlə doludur.

Məqalədə doğru fikirlər də var. Doğrudan da "poeziyamız qədim tarixə malikdir". Doğrudan da "onun rəngarəng formaları var".

Lakin "poeziyamızın... pozulmaz, qırılmaz ahəngi" sözlərini oxuduqda deyirsən: belə pozulmaz, qırılmaz, dəyişməz ahəng hansıdır? Məgər Füzuli şeiri ilə Vaqif şeirinin, Vaqif şeiri ilə Sabir şeirinin, Nəsimi, Xətai, Vidadi, Zakir, Seyid Əzim şeiri ilə müasir şeirimizin ahəngi eynidir? Əlbəttə yox. Burada proqressiv ənənə davamı, yaxınlıq, doğmalıq vardır. Lakin eyniyyət yoxdur. Çox yaxşı ki yoxdur. Olsaydı, biz yerimizdə sayardıq!
Qabil
Qabil

Yeri gəlmişkən, demliyəm ki, novatorluğu xarici formada görənlər elə bilirlər ki, müəyyən hecə, əruz vəzni ilə, ya sərbəst yazılmış sətirləri yerli-yersiz qırıb pillə-pillə düzməklə məsələ bitir. Unudurlar ki. novatorluq bədii idrak, sənətkarın dünyagörüşü, həyat hadisələrinə münasibəti ilə bağlıdır. Unudurlar ki, bu və ya digər mülahizə ilə yeni bir fikir. yeni bir obraz, yeni bir ifadəsi olmayan. döyənək qafiyəli, standart "fəlsəfəli", çeynənmiş təşbehli yazılara n o v a t o r sözünü yapışdırmaq səmərəsiz zəhmətdir.

Belə əsərlərin paxırı başqa dilə tərcümə zamanı tez açılır. Odur ki bu qəbildən olan əsərin tərcüməsini oxuyan, çox zaman onun hansı orijinaldan tərcümə edildiyini tapmaqda çətinlik çəkir.

Novatorluğun yalnız formada bəlirdiyini düşünmək sadəlövhlük olardı. Eyni zamanda formanın, hətta xarici formanın, onun ayrı-ayrı elementlərinin mündəricə ilə əlaqəsiz olduğunu və heç bir emosiya, təsir gücünə malik olmadığını düşünmək doğru deyil.

"İş vəzndə deyil" demək vəzni təsadüfi bir şey. "bitərəf bir element" elan etmək doğru deyil. İndi ibtidai məktəbdə oxuyan uşaqlar da bilir ki, bədii əsər məzmunla formanın vəhdətindən yaranır. Bu vəhdətdə həlledici rol məzmundur, forma məzmuna görə müəyyənləşir.
Fikrət Qoca (sağda) Rəşid Behbudov və Oqtay Kazımovla
Fikrət Qoca (sağda) Rəşid Behbudov və Oqtay Kazımovla

İş misraları qırmaq, alt-alta, pillə-pillə, yaxud bir boyda, bir biçimdə düzməkdə deyil. Fikir, duyğu, ifadə tərzi yeni, orijinal olmalıdır. Köhnə şeir formalarının aludəsi olan, onların məhdud çərçivəsindən çıxa bilməyənlər vardır. Müəyyən konservatizmə qapılanlar, ifadələr, sözlər, bənzətmələr dairəsində ilişib qalanlar, hər yerdə, həmişə işlənib kəsərdən düşmüş, fikrə çidar olan qafiyələrin əsiri olub təkrar və təqliddən irəli gedə bilməyənlər var. Biz ədəbi qüvvələrin taleyi naminə belə halların konkret bəlirini görüb belə adamları yaradıcılıq yoluna, düzmək, quraşdırmaq deyil, yaratmaq yoluna çağırmalıyıq.

Elələri də vardır ki, axtarış yolunda ifrata varır, yeni forma əvəzinə qırıq, ahəngsiz, yalnız xarici görünüşü ilə köhnələrə bənzəməyən şeirlər yazırlar. Bu şeirlərdə yenilik müstəqil idrak məhsulu deyil, təqlid halında, həzm edilməmiş qalır. Odur ki, belə yazılar bədii təsir gücünə malik olmur.

Qabil yoldaşın məqaləsi də başdan-başa "dumanlar", "düyünlər", "mücərrədlik" və başqa bu kimi sözlərlə doludur. Bu və ya bu kimi sözləri yerli-yersiz işlətməkdənsə, nə tapmaca, nə rebus, nə krossvord olan şeirləri başa düşmək üçün bir balaca fikri zəhmətə qatlaşsaq, yaxşı deyilmi?

Axı "tapmaca" sözünü şeirdə hər cür yeniliyə qarşı ən müdhiş silah sayanlar bilməlidirlər ki, bu sözü şeir sözünə qoşmaqla hələ heç bir şeyi isbat etmiş olmurlar. Bir də, tapmaca formasının özü xalq yaradıcılığında, hətta xalq poeziyasında təsadüfi əmələ gəlməmişdir. Tapmaca məhz ayrı-ayrı adamları düşündürmək, onların zehni inkişafına xidmət etmək, onların şüurunu ətalətdən, fikir durğunluğundan, birtərəfli ibtidai təsəvvürlərin yeknəsəq səthiliyindən mürəkkəbliyə, çoxmənalılığa, dərinliyə doğru istiqamətləndirmək üçün xalqın dühası ilə yaranmışdır.

Şair Qabil qələm yoldaşı Fikrət Qocaya müraciətlə yazır: ""Dünya və yaşamaq növbəsi" adlı yazında isə misralar anlaşılmazdır, mücərrəddir. Buradakı "Həyat, sən mənə öz adın kimi mirassan" ifadəsi oxucuda düzgün təsəvvür yarada bilmir. Axı, həyat öz adı kimi insana necə miras ola bilər?"

Bu abzası oxuduqda doğrudan da Qabilə haqq vermək istəyirsən. Lakin Fikrət Qocanın "Dünya və yaşamaq növbəsi" adlı şeirinin jurnalda çap olunmuş mətni ilə tanış olan oxucu görür ki, Qabil məqaləsində Fikrətin misralarını təhrif etmişdir. Jurnalda misralar belədir:

Həyat, əlimdəsən, sən mənimkisən,
Sən mənə mirassan öz adım kimi.

Azərbaycan Yazıçılar Birliyində məclis. Fikrət Qoca və Qabil ilə birlikdə
Azərbaycan Yazıçılar Birliyində məclis. Fikrət Qoca və Qabil ilə birlikdə

Dilimizdə bir hərflə mənası büsbütün dəyişən çox söz var. Şairə aid olan "öz adım" ifadəsini "öz adın" kimi yazıb, həyata şamil edən məqalə müəllifi bir az diqqətli olsaydı, yəqin ki, belə ədalətsizliyə yol verməzdi.

Qabil yoldaş "milyon kilometrlərlə ömr yaşamaq" - nə deməkdir? - deyə sual verir və "nə vaxtdan ölçü vahidi zaman vahidini əvəz etməyə başlamışdır?" - deyir.

Hörmətli Qabil! Çoxdan. Bəli, lap çoxdan. Folklor, bədii ədəbiyyatın klassik nümunələri yaranandan. Qoca nənələrimizin danışdıqları nağıllardakı "üç gün, üç gecə yol getdi" ifadəsini eşitdiyimiz vaxtdan. Mayakovskinin, Nazim Hikmətin, Pablo Nerudanın, S.Vurğunun və onlarca başqa müasir şairlərin dəfələrlə işlətdikləri obrazlar və təşbehlərlə ədəbiyyat zənginləşdiyi vaxtdan.

Mən yaradıcılığına hörmət elədiyim, istedadına inandığım şair Qabilə məsləhət görərdim ki, öz məqaləsindəki təhqirli sözləri, rişxəndləri, ölçüsüz-biçisiz işlədilmiş dırnaqları bir də nəzərdən keçirsin, onları özünə rəva görsə belə, yenə qələm yoldaşına aid eləməsin.

Fikrət Qoca yazır ki:

Evim - avtobuslar. vaqonlar, təyyarələr,
Kəndlər, şəhərlər, səyyarələr -
dayanacağım.


Qabil bu sətirləri misal gətirib yazır: "Avtobusları, vaqonları ev eləməkdə məqsədin nədir? Bəlkə bununla inşaatçılarımızın əməyini yüngülləşdirmək istəyirsən?! Fikirləşirsən ki, daha köhnə qaydada yaşamağın vaxtı deyildir, indi vaqonlara, avtobuslara köçmək gərəkdir? Əcəb "ixtira"dır, "gözəl tapıntı"dır".

Hörmətli Qabil, axı, bu - şairin şair haqqında, şeir haqqında mülahizəsinə oxşamır. "Azərbaycan gəncləri" qəzeti belə bir məqaləni çap etməkdə gənclərə kömək etməmiş, istər-istəməz onları bir-birinə qarşı qoymuşdur. Nahaq yerə. İstər Fikrət Qoca, istər başqa gənclərimizin bir çox şeirləri məhz "Gənclər"in səhifələrində dərc olunur.

Belə kötək, tənqid qəzetin nə adına, nə tutmalı olduğu siyasi-ictimai mövqeyinə layiqdir.

Onu da qeyd etmək istərdim ki, əgər yaxşı və müxtəlif gənc şairlər bu ya başqa ədəbi maneraya, yola daha artıq meyl göstərirlərsə, bu heç kəsi narahat, nigaran etməməlidir. Şeirin meydanı çox genişdir.

Rəsul Rza. "Mənim fikrimcə" (Məqalələr) kitabından. Bakı, 1967
XS
SM
MD
LG