Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

«Bir barakda 600-700 adamı təsəvvür edin»


Foto: Arxiv
Foto: Arxiv
-
«Bir maykada betonun üstündə yatırdıq ki, bir az sərinləyək. Əlimizi divara vura bilmirdik, istisi yandırırdı. «Karmuşka» deyirlər – balaca pəncərə onu açmasan, içəri hava girmir. Yarım saatını 5 manata açırlar».

2011-ci ilin 2 aprel məhbuslarından Elşən Həsənov həbsxanada gördüklərini danışır. Onun dediyinə görə, qaldığı həbsxana Avropa standartlarına uyğun tikilsə də, vəziyyət yenə ağırdır. Elşən Həsənovun söylədikləri «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının iyunun 27-də təqdim etdiyi araşdırma-hesabatında yer alıb. Elə bu «yaşantılar» da həmin hesabatdan götürülüb:

«İndi – yayın istisində bir barakda 600-700 adamı təsəvvür edin. Sağında hepatit, solunda vərəm, «yazva», SPİD – bu qədər adam hamısı eyni otaqda, eyni havada nəfəs alır. Penitensiar Xidmət belə yerlərin adını «bütün standartlara cavab verən müəssisələr» qoyub».

«700 DUSTAĞIN 200-Ü VƏRƏMDİR»

Elşən Həsənovla birgə 2 aprel aksiyasında həbs olunan Məhəmməd Məcidli özəlliklə 14 saylı cəzaçəkmə müəssisəsini vurğulayır:

«Müəssisəsinin özü başdan-ayağa işgəncə zonasında yerləşir. Hər tərəfi daş karxanasıdır və orada kifayət qədər xəstə dustaqlar var. Mən özüm araşdırdım, rəsmi olaraq, oradakı 700 dustağın 200-ü vərəmdir. Hələ adı rəsmi siyahıya düşməyən, mənim bildiyim, 10-a yaxın vərəmli dustaq vardı».

«DUSTAQ AİLƏSİNDƏN ALDIĞI YEMƏKLƏ DOLANIR»
Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Alyansın koordinasiya şurasının üzvü Oqtay Gülalıyev məhbusların saxlanma şəraitinin, qida probleminin, tibbi xidmət və korrupsiyanın başlıca problemlər olduğunu deyir:

«Dustaqların saxlanma şəraiti, qida, ərzaq təminatı bərbad vəziyyətdədir. Bu gün dustaqların böyük əksəriyyəti öz ailəsindən aldığı yeməklə dolanır, çox azı ehtiyac ucbatından Penitensiar Xidmətin verdiyi qidadan istifadə edir, o da çox keyfiyyətsizdir. Tibbi xidmət yox səviyyəsindədir. Hesabatda korrupsiya faktı ilə bağlı bütün məsələlər incəliyinə qədər göstərilib. Dustağın qəbul etdiyi sovqatdan tutmuş, görüşlərə qədər nə qədər pul alınır, hamam, gəzinti, həkimə getmək üçün nə qədər pul verilir və s.».

Oqtay Gülalıyev hesabatın açıqlandığı mətbuat konfransında məhbusların sözlərinə əsasında tərtib olunmuş siyahını da diqqətə yetirdi. Həmin siyahıda məhbuslara işgəncə verən 10 vəzifəli şəxsin adı sadalanır.

«MƏHKƏMƏ PERSPEKTİVİ AÇIRLAR»

Alyansın hesabatına münasibət bildirən Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyilənləri böhtan kimi qiymətləndirdi:

Mehman Sadıqov
Mehman Sadıqov
«Yalandan bu böhtanı atmaqla gələcəkdə həmin qurum barəsində məhkəmə perspektivi açırlar. Azərbaycanın cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında həm beynəlxalq qurumlar, həm də yerli dövlət və qeyri-dövlət təşkilatları monitorinq aparır, məhkumlarla təklikdə görüşürlər. Məsələn, bir müddət öncə Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndələri cəzaçəkmə müəssislərində monitorinq keçiriblər, məhkumlarla təklikdə söhbətləşiblər. Təsəvvür edin, istintaq təcridxanasında saxlanan şəxsləri bir-bir qəbul edərək, onlardan hər hansı işgəncə faktını, qanunazidd davranışların olub-olmamasını soruşublar. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəhbərliyinin heç bir müdaxiləsi olmayıb. Qanunazidd bircə hərəkət faktı aşkarlanmayıb».

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının növbəti hesabatı avqustda təqdim ediləcək. Koordinasiya Şurası üzvlərinin dediyinə görə, həmin hesabatda qanunsuz həbslər diqqət mərkəzində saxlanacaq.
XS
SM
MD
LG