Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Əsgər anası: «Cinayəti ört-basdır etdilər»


Foto: Arxiv
Foto: Arxiv
-
«Maddələr silindi, cinayət işini ört-basdır etdilər. Yəqin icbari iş verəcəklər. Təqsirləndirilən əvvəl demişdi ki, «türməyə düşərəmsə, etiraf edərəm, kimlər üçünsə gedib həbsdə yatmaram». Sonra maddələr ləğv olundu, indi baxıram, istintaq aktında bu barədə heç nə yoxdur».

«ƏSGƏR ÖLÜMÜNƏ GİRİŞMİRLƏR»

Bunu AzadlıqRadiosuna ötən ilin dekabrında həlak olmuş əsgər Zeynal Zeynalovun anası Nazilə xanım deyir. Həmin vaxt rəsmi məlumatda 19 yaşlı əsgərin tabeliyində olan avtomat silahdan açılan atəşdən həlak olduğu deyilirdi. Ancaq ailəsi bu məlumata şübhəylə yanaşırdı.

Anası Zeynalın ölümündə təqsirləndirilən daha bir əsgərin 2 aylığa həbs olunduğunu bildirir. Dediyinə görə, əvvəlcə 125-ci – özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılsa da, sonradan daha yüngül cəzanı nəzərdə tutan maddə əsas götürülüb. Narazılığını bir neçə quruma bildirən Nazilə xanım axırda Prezident Administrasiyasına ərizə verib.

Məhkəmə iyulun 2-də başlayacaq, amma əsgər ailəsinin hələ vəkili yoxdur:

«Bir neçəsinə üz tutduq, qəbul etmədilər ki, əsgər ölümünə girişmirik. İstintaqla tanış olanlar görürlər ki, saxtakarlıq həddən artıq çoxdur, ona görə də heç kəs yaxın durmur».

6 AYA 50 ÖLÜM

İlin əvvəlindən bəri Azərbaycan ordusunda 50 nəfər həlak olub, 61-i yaralanıb. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin iyunun 23-də yaydığı məlumata görə, ölüm olaylarının 8-i döyüş, 42-si qeyri-döyüş itkiləridir.

Mərkəzin rəhbəri Cəsur Sümərinli AzadlıqRadiosuna müsahibəsində bu rəqəmi qonşu ölkələrlə müqayisə edir.
Cəsur Sümərinli
Cəsur Sümərinli
ildirir ki, ötən il Gürcüstan ordusunda 30 əsgər ölüb, onlardan bəziləri Əfqanıstanda sülhyaratma missiyasını yerinə yetirərkən, bəziləri xəstəlikdən və ya avtoqəza nəticəsində həlak olub. Ermənistan ordusunda ölüm halları 40-ı aşıb. Azərbaycan ordusunda ötən il 90-dan çox əsgər ölüb. Sümərinli Cənubi Qafqazda təhlükəsizlik və müdafiə sektorunda ən çox itkinin Azərbaycanda olduğunu, son 4-5 ildə bu itkilərin sayının artdığını deyir. Onun dediyinə görə, məntiq baxımından, büdcənin artması orduda nizam-intizamın gücləndirməli, itkiləri azalmalıydı, ancaq əksinə olub. O, itkilərin başlıca səbəbini rütbə və vəzifələrdən sui-istifadədə görür:

«Kimin arxası varsa, dırnaqarası yüksək titula malik olur. Kimin yerlisidirsə, ona hörmət edir. İntiharlar və digər ölüm hadisələrinin əsl səbəbi məhz budur».

Bu il orduda 9 intihar olayı baş verib. Ötən illə müqayisədə say artımı var. Üstəlik, hər 4-5 ölümün biri intiharların payına düşür.

«HEÇ BİR ORDU ƏSGƏR ÖLÜMÜNDƏN SIĞORTALANMAYIB»

Rəsmilər orduda ölüm hallarının çoxalmadığını söyləyirlər. Respublika hərbi prokurorunun müavini Şəfayət İmranov həmin məlumatın həqiqəti əks etdirmədiyini bir müddət öncə mediaya da açıqlamışdı:

Əli Həsənov
Əli Həsənov
«Statistikaya əsasən, Azərbaycan ordusunda əsgər ölümlərinin sayı heç də çoxalmayıb. Bunlar yanlış məlumatdır. Sadəcə, bu məsələnin üzərinə ictimai fikri bilərəkdən istiqamətləndirən qüvvələr var və insanlarda belə bir yanlış təsəvvür yaranır ki, orduda guya əsgər ölümləri çoxalıb».

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidentinin göstərişi ilə əsgər ölümü faktlarının araşdırıldığını bildirib:

«Müvafiq hərbi hissə komandirləri cəzalandırılır, gələcəkdə də bu cür halların qarşısının alınması üçün qətiyyətli addımların atılacağı şübhəsizdir. Amma heç bir dövlətin ordusu əsgər ölümündən sığortalanmayıb. Bu məsələdən öz siyasi məqsədləri uçun istifadə edərək Milli Ordumuzu nüfuzdan salmağa çalışan həm xarici, həm də daxili qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqını belə populist şüarlarla aldatmaq və yanlış yola istiqamətləndirmək mümkün olmayacaq».

Ötən il ordudakı itkilərin sayı 97 nəfər olub. Bu ilin əvvəlində əsgər Ceyhun Qubatovun ailəsi onun işgəncələrdən öldüyünü bildirib və fotolarını yayıb. Bundan sonra ölkədə «Əsgər ölümünə son» etiraz aksiyası keçirilib.
Bakıda hərbi parad - 26 iyun 2013
Bakıda hərbi parad - 26 iyun 2013

«CİNAYƏT CƏZASIZ QALIR»

Müşahidəçilər əsgər ölümləri ilə bağlı cinayət işlərində şəffaflığın çatışmadığını vurğulayırlar. Cəsur Sümərinli ötən il baş vermiş 90-dan çox ölüm olayının bəlkə də yalnız 5 faizi üzrə nəticələrin ictimaiyyətə bəlli olduğunu, güc strukturlarının həmin işlər barədə çox xəsisliklə informasiya verdiyini və bunun da şayiələrə yol açdığını vurğulayır:

«Əsas şayiə odur ki, bu və digər maraqlı şəxs cinayətin gerçək səbəblərinin açılmasını və müəyyən şəxslərin həbsini istəmir. Nəticədə belə təsəvvür yaranır ki, cinayət cəzasız qalır. Bu da, öz növbəsində, cinayətlərin davamına münbit şərait yaradır».

İyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi münasibətilə keçirilən paradda milli ordunun qüdrətinin günbəgün artdığı, hərbi büdcənin növbəti illərdə artacağı vurğulanıb.

Əsgər Zeynal Zeynalovun anası Nazilə xanım paradı kədərlə izləyib. Onun indi hərbi xidmət keçən oğlundan nigaranlığı da azalmayıb:

«İki oğlumu qürurla qarşılayırdım. Səhərdən parada göz yaşları ilə baxıram. Əsgər anasıyam, necə və hansı qürurla deyim ki, oğlumun biri torpaq altındadır?!».
XS
SM
MD
LG