Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Rasim Qaraca. İnsanın meymuna çevrilməsi


Rasim Qaraca
Rasim Qaraca
-

Nə üçün belə olduğunu anlamağa çalışıram. Dostum birdən-birə çevrilib meymun olmuşdu.

Gözlərindəki qəribə işartıdan və başını qəfildən sağa-sola döndərməsindən bunu hiss edirdim.

Onu qalstukda və kostyumda görəndə isə buna tam əmin oldum. Artıq yazdığı əsərlərin məzmunu da dəyişməyə başlamışdı, yalnız “ha-ha”, “hu-hu” edirdi.

Ən qəribəsi buydu ki, deyəsən dostum özü meymunluğu qəbul eləmişdi.

Məni yanlış anlamayın, meymunların şərəf və layaqətinə hörmətim var, onlar da təkamül nəticəsində əvvəl-axır gəlib insan olacaqlar, onlar da bizim qardaşımız. Ancaq təzədən insanın meymuna çevrilməsi istər-istəməz insanı düşünməyə vadar edir. Əvvəlcə insan meymundan əmələ gəlmişdi, indisə insanlardan meymun əmələ gəlməyə başlayıb, özü qədim insan məskənlərinin ölkəmizin ərazisində, Azıxda, Qobustanda yerləşdiyini nəzərə alsaq, bunda da bir məntiqi ip ucu tapa bilərik bəlkə. Ancaq mənim demək istədiyim başqa şeydir. İnsan nə üçün dönüb meymun olur, məni bu heç maraqlandırmır, olursa olsun, cəhənnəmə ki, özü bilər. Sadəcə gördüklərimi qələmə almaq istədim, o qədər.

Meymunun insana çevrilməsində əməyin rolu vardısa, insanın meymuna çevrilməsində pul çox önəmli bir faktordur.

Əvvəla meymunun insandan əsas fərqi nədir, buna baxaq.

İnsan tək yaşaya bilir, ancaq meymun sürü halında yaşamasa olmaz. Dolayısıyla, əgər insan qiyafətindəki meymunları aşkara çıxarmaq istəsəniz, birinci baxmalısınız ki, o insan sürü halında yaşayandır, yoxsa yox, sürü halında yaşayırsa, demək meymundur. Bu bir.

İkincisi, ətrafımızdakı insan-meymunların gözlərinin içinə diqqətlə baxın, əgər oyur-oyur oynayırsa, demək nədir, meymun. Çox əlamətləri var, mənim indi vaxtım yoxdur sadalamağa. Ancaq sizə bircə şeyi deyim, ətrafımız meymunlarla doludur, özünüzü onlardan gözləyin demirəm, sadəcə onları tanıyın, qoy özləri də bilsinlər ki siz onu tanımısınız.

Dönüb meymun olmuşun – qısaca buna Dönmeyo da deyə bilərik, olduğundan fərqli görünmək kimi bir dərdi var. Hələ də insan olduqlarını sübuta yetirməkdən ötrü hər cür oyundan çıxırlar. Ancaq xəbərləri yoxdur ha, qulaqları uzanıb, arxaları da bayırda qalıb. Dönmeyolar çox aktiv olurlar. Ayıblarını ört-bas etməkdən ötrü bir neçə sifətdə olmağa məhkumdular. Gah belə olurlar, gah elə, gah elə olurlar, gah belə. Təzədən insan olmaq onların başlıca qayəsidir. Ancaq qulaqları onları ələ verir, çünki get-gedə uzanır və əcaib şəkildə sallanır. Gözlərindən isə təbəssüm yoxa çıxır, ağızları da ayrıq qalır.

Çox təəssüf, onlar təzədən dönüb insan ola bilmirlər.

qaynar.info
XS
SM
MD
LG