Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:48

İnternetin Azərbaycan qarşılığı: sahibsiz pişik, «bespredel», güclü dövlət... [Video]


Əli Həsənov "bespredel" və "sahibsiz pişik"dən danışdı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Əli Həsənov "bespredel" və "sahibsiz pişik"dən danışdı

-
«Azərbaycan hakimiyyəti söz, ifadə azadlığını məhdudlaşdıran heç bir əmələ yol verməyəcək. Ancaq cəmiyyət də şəffaf olmalı, əxlaq normalarına əməl etməlidir».

Bu sözləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 22-də «Diffamasiya haqqında qanunvericilik perspektivləri» mövzusunda keçirilən toplantıda dilə gətirib.

«İNTERNET İNDİYƏ QƏDƏR SAHİBSİZ PİŞİK KİMİ İSTƏNİLƏN HASARI AŞIRDI»

Əli Həsənov internetdə qarayaxmalara görə cəzaların sərtləşdirilməsinə qarşı olanlara belə cavab verdi:

«Biz Azərbaycan cəmiyyətində «bespredel» («hərc-mərclik» nəzərdə tutulur – K.D.) yaradacaq heç bir prinsipin üstündə durmayacağıq. Bu, kimin tələbi olursa-olsun. İnternet indiyə qədər sahibsiz pişik kimi istənilən barını aşırdı, istənilən həyətə girirdi, heç kim də onun qarşısına çıxa bilməzdi. Niyə? Necə olur 10 min oxucusu olan hansısa bir qəzetdə yazılan yazıya görə jurnalist məsuliyyət daşıyır, amma internetdə 3 milyon, 10 milyon insanın oxuduğu informasiyaya görə heç kim məsuliyyət daşımır. Bu, ola bilməz, «bespredeldir» doğrudan da».

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynovun fikrincə, «Diffamasiya haqqında» qanunun qəbulu və rəsmi müzakirəyə başlamaq üçün tərəflər kompromisə hazır olmalıdır.

O dedi ki, qanunun rəsmi müzakirəsinə başlamaq olar, amma diffamasiyanın dekriminallaşdırılması sənəddə olmamalıdır:

«Azərbaycan son illər diffamasiyaya görə heç bir jurnalisti cinayət məsuliyyətinə cəlb etməyib».

Əli Hüseynov ifadə azadlığının həyata keçirilməsində narahatlıq olmadığını, bununla bağlı beynəlxalq təşkilatların bəyanatlarının tələsik verildiyini düşünür:

«Bu cür həssas məsələlərdə gərək beynəlxalq tərəfdaşlarımız da ehtiyatlı davransınlar. Çünki o verilmiş bəyanatlar, hesab edirəm ki, Azərbaycan dövlətinin imicinə əsassız və xoşagəlməz elementlər gətirə bilər. Axı, bu məcəlləyə dəyişiklik heç bir halda sərtliyi nəzərdə tutmur... Söhbət ancaq dispozisiyada dəqiqləşdirmədən gedir».

ATƏT-İN BAKI OFİSİ: «HƏR HANSI KOMPROMİS OLA BİLMƏZ»

Koray Targay
Koray Targay
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay dedi ki, ifadə və söz azadlığı ATƏT-in təməl prinsipidir və «burada hər hansı kompromis ola bilməz»:

«Diffamasiyanı müdafiə etmək mümkün deyil. Qorumaq da mümkün deyil. Diffamasiya hakimiyyət tərəfindən müstəqil media üzərində basqı vasitəsi kimi istifadə olunmamalıdır. Diffamasiya, sadəcə, ifadə azadlığını təşviq etməklə qalmaz, eyni zamanda insan heysiyyəti və etibarının qorunmasına yönəlik düzənləmələri də birlikdə gətirdiyi üçün yararlı olur. Bu baxımdan ictimailəşdirmə fəaliyyətləri çox önəmlidir. Artıq Milli Məclisdə rəsmi müzakirələrin açılma vaxtı gəlib».

Koray Targay Azərbaycanda diffamasiya ilə bağlı cəza və cərimələrin çox yüksək olduğunu da vurğulayıb:

Ekspertlərin fikrincə, diffamasiyaya – qarayaxmadan qorunmaya dair qanunvericilikdə fikir azadlığı, şəxsi ləyaqət və ictimai təhlükəsizlik spektrləri qorunmalıdır.

Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi Robert Stir burada ortaq xəttin tapılmasına önəm verdi:
Osman Gündüz
Osman Gündüz
«Diffamasiya ictimai məsələdirsə, Cinayət Məcəlləsi ilə, şəxsi məsələdirsə Mülki Məcəllə ilə tənzimlənməlidir. Qanun ünsiyyət vasitəsidir. İnsanlar dəqiq bilməlidir ki, hərəkətlərinin sonunda onları nə gözləyir. Vətəndaş cəmiyyətləri media qanunvericiliyinə son dəyişikliklərdə fəaliyyətlərinə maneə görürlər. Toplantılarla, QHT-lərlə, qrantlarla bağlı cərimələrin artırılması problemlər doğurur və bu da insanları qəzəbləndirir».

BİR TƏRƏFDƏN «INTERNET İLİ», DİGƏR TƏRƏFDƏN İNTERNETƏ GÖRƏ DİFFAMASİYA ...

İnternet Forumunun prezidenti Osman Gündüz internetə diffamasiyanın tətbiqinin yaradacağı problemlərdən danışdı:

«Hökumət internet peyki qaldırdığı bir vaxtda internetə diffamasiya tətbiq edir. Təzaddır. Bir tərəfdən hökumət internetin inkişafına milyonlarla pul xərcləyir, «internet ili» elan edir, digər tərəfdən isə qanunvericiliyə internetə görə diffamasiya tətbiq edir».

Media eksperti Ələsgər Məmmədli dedi ki, internetə diffamasiyanın tətbiqi informasiya mənbəyinin açıqlanması, materialın haradan daxil edilməsi, domenin müəyyən edilməsi və s. baxımdan çoxsaylı problemlər yaradacaq:
Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«Hər hansı şəxs domeni Azərbaycanda alıb, hansısa xarici ölkədə material yerləşdirə bilər. Qanun necə tətbiq ediləcək, istintaqı kim aparacaq, işə hansı məhkəmə baxacaq?».

OBAMA ONA GÖRƏ GÜCLÜDÜR Kİ...

Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan nümayəndəliyinin demokratiya və idarəçilik ofisinin direktoru Roland Glass diffamasiya ilə bağlı beynəlxalq təcrübədən söz açaraq bildirdi ki, Barack Obama-nın prezidentliyi çox ağır dövrə düşsə də, özündən əvvəlki prezidentlər kimi o da diffamasiyanın dekriminallaşdırılmasını dəstəkləyir:

«Prezident Obama kəskin tənqidlərə məruz qalır və tənqidlərə dözür. Bu, onun zəifliyindən irəli gəlmir, əksinə, güclü lider olduğunu sübut edir».

Sonda Mətbuat Şurasının sədri Əflatun Amaşov «Diffamasiyadan Müdafiə haqqında» qanunun aşağıdakı şərtlərlə qəbulunun məqbul olduğunu diqqətə yetirdi:

«İlk öncə bu sahədə beynəlxalq qanunvericiliyin tətbiqinin üstünlüyü qanunda əksini tapmalıdır, cərimələr beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Qanuna yeni müddəa əlavə edilməlidir ki, iki ildən sonra diffamasiyanın dekriminallaşdırılmasına keçilir».
XS
SM
MD
LG