Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:49

«Nərimanov şəxsiyyətcə manyak idi»


Ədalət Tahirzadə
Ədalət Tahirzadə

-

"OxuZalı"nda ən çox müzakirə edilən



“O adamları hakimiyyətə gələndən sonra Nərimanov xilas etdi. Belə manyak olmur axı...”


Nəriman Nərimanov tarixin sınağından necə çıxdı?

Milli dövləti yıxan satqın, yoxsa Bakıda ən uca heykələ layiq rəhbər? Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata tarixçi Ədalət Tahirzadə, araşdırmaçı yazar Xaliq Bahadır və tarixçi Firdovsiyə Əhmədova qatıldılar.

“Bir çoxları Nəriman Nərimanovu satqın sayır. Mən saymıram”

Şahnaz Bəylərqızı:

- Nəriman Nərimanov kim idi?

Xaliq Bahadır:

- Biz tarixi şəxsiyyətlərə dəyər verəndə mütləq yaşadığı dönəmi gözdən qaçırmamalıyıq. Nəriman Nərimanov sosialist idi, "Hümmət" Partiyasındanıydı, Rəsulzadə də bir çağlar o partiyada olmuşdu, sonradan millətçilik yolu tutmuşdu. Azərbaycanda sovet hakimiyyəti qurulanda Nərimanov Həştərxanda idi, onu çağırıb gətirdilər. Onda Azərbaycanda solçu olaraq xalq arasında Nərimanov qədər nüfuzlu ikinci adam yox idi. Ona görə də çağırıb gətirtdilər və hakimiyyət başında oturtdular. Amma bu da çox çəkmədi, Nəriman Nərimanov tezliklə başa düşdü ki, bu quruluş onun istədiyi quruluş deyil, bunlar hakimiyyətə başqa ideyalarla gəliblər. Bunlar Nərimanovun Mərkəzi Komitəyə yazdığı məktublarında da var. Nəriman Nərimanov bütün bunları başa düşəndən sonra aradan götürüldü.

Şahnaz B:

- Sizcə, o, tarixin sınağından necə çıxdı?

Xaliq B:

- Bir çoxları Nəriman Nərimanovu satqın sayır. Mən saymıram. Mənim düşüncəmə görə, Nərimanov tarixin sınağından çox yaxşı çıxdı. O tezliklə başa düşdü ki, Azərbaycan əleyhinə rejim qurulub. Onda döndü, bütünlüklə xalqının yanında oldu, çoxlu sayda adamı ölümdən qurtardı.

Xaliq Bahadır (sağda) və Ədalət Tahirzadə
Xaliq Bahadır (sağda) və Ədalət Tahirzadə



“Nərimanov həmin qırğınları törədən Şaumyanın silahdaşı idi"

Ədalət Tahirzadə:

- Mənim fikrimcə, iki Nəriman Nərimanov var. Onlardan biri yazıçı, ədib, maarifçi Nəriman Nərimanovdur, o biri siyasətçi Nərimanov. Onların hər birinə ayrı-ayrılıqda qiymət verməliyik. Çünki yazıçı Nərimanovla siyasətçi Nərimanov həddən artıq fərqlənir. Hətta deyərdim ki, əks qütblərdə dayanır. Mən bir filoloq kimi yazıçı Nəriman Nərimanovu ürəkdən sevirəm, adı gələndə qürur duyuram. Bizim ədəbiyyatımızda “Bahadır və Sona” kimi gözəl əsər yazılmayıb. Ola bilsin kimsə desin ki, burda türk oğlu ilə erməni qızın məhəbbətindən danışılır, bu da “Əsli və Kərəm” kimi millətimizin mənafeyinə uyğun deyil. Mən elə düşünmürəm. burda Nərimanov türklə ermənini qarşılaşdırıb ermənilərin nə qədər millətpərvər, bizlərin isə nə qədər zəif olduğunu göstərib. Təəssüf ki, yazıçı Nəriman Nərimanov 1918-ci ildə qurtardı. Bundan sonra siyasətçi Nəriman Nərimanov dövrü başlayır. Siyasətçi Nərimanov 1918-ci ildə artıq Rusiyanın təbəəsiydi. 1918-ci ildə Azərbaycanda Şaumyan hakimiyyəti var idi. Bu hakimiyyətin nazirlərindən biri də Nəriman Nərimanov idi. Bu adam həmin qırğınları törədən Şaumyanın silahdaşı idi.

Şahnaz B:

- O həmin dövrdə komissar idi.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı



“Nərimanov Azərbaycan istiqlalının qatiliydi. O, şəxsiyyətcə manyak idi”

Ədalət T:

- Komissar da nazir demək idi. Mən bu gün cəsarətlə deyirəm ki, 1918-ci ilin mart qırğınlarında həmin Şaumyan hökumətindən istefa verməmiş bizim insanlar da həmin məsuliyyəti bölüşür. Onlardan biri də Nərimanovdur. Şaumyan yıxılandan sonra Nərimanov Rusiyaya getdi. Guya xəstəymiş. Ola bilər. Amma biz həmin dövrdə onu harada görürük. 1918-1920-ci illərdə Nərimanov Rusiya Xarici İşlər Nazirliyinin şərq bölməsinin rəhbəri oldu. Bu illərdə Azərbaycan Cümhuriyyəti, müstəqil dövlətimiz mövcuddur. Ancaq Nəriman Nərimanov xarici dövlətin, onun müstəqil Cümhuriyyətinə qəsd etməyə hazırlaşan dövlətin nazirliyində bölmə rəhbəridir. Bu necə olur?.. 1920-ci il aprelin 27-də Azərbaycana gələn XI Qızıl Ordu rusların deyildi. Onların başında Xəlil Paşa olmaqla türklər dayanmışdılar. Həmin Türkiyə kommunistlərini işləyib hazırlayan Nəriman Nərimanov idi. Xaliq bəydən fərqli olaraq mən cəsarətlə deyirəm ki, Nərimanov Azərbaycan istiqlalının düşmənidir, Azərbaycan istiqlalının qatilidir, cəlladıdır. Nəriman Nərimanov şəxsiyyətcə manyak idi. Mən bu ifadəmə görə üzr istəyirəm. Amma o, hakimiyyətə gəlmək üçün hər şeyi məqbul sayıb.

Şahnaz B:

- Misal gətirə bilərsiz?

Ədalət T:

- Hümmət Partiyasının yaradanlardan, görkəmli ziyalılarımızdan İsa bəy Aşurbəylinin MTN arxivində saxlanan izahatında deyilir: “Hələ inqilabdan əvvəl yoldaş Nərimanov ondan yaşca iki dəfə gənc, vərəmli, cılız və üstəlik eybəcərin birisi olan baldızım Sona xanımla evlənmək istəyirdi. Baldızımın nəğd 20 min manata qədər cehizi vardı. Nərimanovun maddi səbəbdən evlənmək istəməsinə qəzəbləndim və bu evliliyə razılıq verilməsinə qoymadım. Bundan sonra Nərimanovla aramızda anlaşılmazlıq yarandı və salamməleyki də kəsdik. Mənə yenidən Hümmətə keçmək təklif edildikdə Nərimanov şəxsimə qarşı yetərincə ciddi müxalifət hazırladı ki, Bakı varlılarının övladlarının proletar təşkilatına qəbul etməyə ehtiyac yoxdur”. Deməli, xəstə, yaşca özündən iki dəfə cavan qadınla puluna görə evlənmək istəyirdi. Ona həyat yoldaşı lazım deyildi. Nərimanov tacir qızı Gülsüm xanımla evləndi. Aralarında 30 yaş fərq var idi. Bu şəklə baxın, Gülsüm xanımın uşaqlıq şəklidir. Paltarı qızılla, bahalı bəzəklə işlənib. O Gülsüm xanımı sevib almamışdı. Bu üsul ləyaqətli siyasətçiyə yaraşmazdı.

Şahnaz B:

- Ədalət bəy, bu qədər şəxsi həyatla bağlı detallara varmağa ehtiyac varmı?

Ədalət T:

- Bu, şəxsiyyəti müəyyənləşdirən məsələlərdir.

Nərimanov rus hərbçiləri ilə
Nərimanov rus hərbçiləri ilə



“O adamları hakimiyyətə gələndən sonra Nərimanov qurtardı. Belə manyak olmur axı”

Xaliq B:

- Bunu Ədalət bəylə bağlı demirəm. Bu gün Azərbaycan tarixinə qarşı böyük hücum var. Babək söyülür, Şah İsmayıl söyülür, Nadir şah söyülür, Ağa Məhəmməd Qacar söyülür, indi də Nərimanov söyülür. Başqa bir qrup da – hakimiyyət Rəsulzadəni söyməklə məşğuldur. Bu, gərəksiz işdir, tarixə bu cür yanaşmaq olmaz. Hər birimizin çatışmayan cəhəti var, bizi tanrı ideal yaratmayıb. Sözsüz, Nərimanovun da çatışmayan cəhəti var. Ancaq Ədalət bəy onu manyak adlandırır, hakimiyyətə gəlmək üçün hər şeyə hazır olduğunu deyir. Mən bunu düzgün saymıram. Nərimanov dönəmində, daha doğrusu XX yüzilin başlanğıcında dünyanı kommunist hərəkatı bürümüşdü. Dünyanın hər yerində o hərəkata qoşulurdular. Onlar heç də manyak deyildilər. Onlar savadına, intellektinə görə dünyanı idarə edəcək adamlar idi. Nərimanov da onlardan biri idi, o, kommunist hərəkatına inanırdı. İnanırdı ki, bu hərəkat xalqını xoşbəxt edə bilər, o, yoxsul ailədən çıxmışdı, varlılara antipatiyası vardı. Bunu gizlətmək lazım deyil.

Şahnaz B:

- Varlılara antipatiya bəsləyir, amma eyni zamanda varlı, tacir qızı ilə evlənirdi?

Xaliq B:

- Dolanışığı çox pis idi.

Ədalət T:

- Kərbəlayi Nəcəfin oğlu idi, o necə kasıb ola bilərdi?

Xaliq B:

- Kasıb idi. Gəlin məişətə getməyək. Mən bunu düzgün saymıram. Ədalət bəy deyir ki, Nərimanov manyak idi. O manyak olsaydı bu, özünü hakimiyyətdə də göstərməliydi. Nərimanov çoxlu sayda adamı ölümdən qurtardı.

Şahnaz B:

- Yəni qətllərdə iştirak etmədi?

Xaliq B:

- İştirak etmədi. Bu necə manyak idi? Bu, millətini sevən adam idi. Bir faktı deyim, Cənub-qərbi Qafqaz Respublikası qurulmuşdu, o, Qars ərazisindəydi, Qars da o çağlar Azərbaycanın bir parçası idi. İngilislər həmin respublika hökumətinin üzvlərini – 43 nəfəri tutdular, Malta adasına sürgün etdilər. O adamları hakimiyyətə gələndən sonra Nərimanov qurtardı. Belə manyak olmur axı.

Ədalət T:

- Etirazım var. Nəriman Nərimanov 16 iyul 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyliyə məktub yazıb. O məktubda Nəsib bəyin başçılıq etdiyi hökuməti ittiham edirdi ki, siz niyə Azərbaycanda sovet hökumətinin yaranmasına imkan vermədiniz, hətta onu hədələyirdi: “Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsız, müdhiş saat yaxınlaşır”. O deyirdi ki, dünya inqilabı ayaqdəyməz adaları bürüdüyü dövrdə sizi və həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Müstəqillik qəbirqazanlıqdır? Daha sonra təklif edirdi ki, meydandan çəkilin, Azərbaycanda sovet hökuməti qurulsun... Həsən bəy Ağayevi, Nəsib bəy Yusifbəylini, Fətəli bəy Xoyskini öldürən Nəriman Nərimanov və onun hökuməti idi. Xaliq bəy deyir ki, 100 nəfəri xilas etdi. Gəlməyəydi, o insanlar da yaşayaydı.

Şahnaz B:

- Nərimanov olmasaydı, XI Qızıl Ordu, sovetlər Azərbaycana gəlməyəcəkdi?

Xaliq B:

- Gələcəkdi. Nərimanov sosialist idi və sosialist hökuməti qururdu.

Nərimanov rus hərbçilərinin çiynində
Nərimanov rus hərbçilərinin çiynində



“Onda ADR niyə İrəvanı verdi?”

Şahnaz B:

- Xaliq bəy, Ədalət Tahirzadə söhbətə başlayanda dedi ki, Nərimanov 1918-ci ildə Bakı komissarlarından olub. O, Bakı komissarlarının törətdiyi qırğınları görmüşdü, o zaman sovetlərə simpatiya hardan qaynaqlanırdı? Axı 26 Bakı komissarları Rusiyaya bağlıydılar.

Xaliq B:

- Bu rakursdan yanaşsaq çoxlu sayda adamı ölümündən sonra daş-qalaq etməliyik, güllələməliyik. Ədalət bəyin dediklərinin çoxunu bilirəm. Nərimanovu mən göyə qaldırmıram. Mən Demokratik Respublikaya, Rəsulzadə yoluna bağlı adamam. Ancaq Nərimanovu bütünlükdə danmağa da qarşı çıxıram. O, Mərkəzi Komitəyə yazdığı məktubda peşman olduğunu yazır.

Ədalət T:

- Sən Azərbaycanın müstəqil dövlətini məhv elə, görkəmli adamlarını, generallarını, dövlət xadimlərini məhv elə, 5-10 nəfəri xilas elə, sonra da...

Xaliq B:

- Ədalət bəy, mən səsimi qaldırmaq istəmirəm. Nə qədər fakt var, çoxlu sayda generalı “ÇK” güllələmək istəyib, Nərimanov qarşısını alıb.

Ədalət T:

- Çoxlu sayda deyil, iki generalı qurtarıb.

Xaliq B:

- Nə qədər bacarıb o qədər də edib.

Ədalət T:

- Niyə gəlirdi, niyə də qurtarırdı? Niyə yıxdı bu hökuməti?

Xaliq B:

- Yaxşı, Dağlıq Qarabağı kim saxladı Azərbaycanın içində?

Ədalət T:

- Zəngəzuru kim verdi bəs?

Xaliq B:

- Ona qalsa İrəvanı da Demokratik Respublika verdi.

Ədalət T:

- Onu Türkiyə ordusu verdi, ingilislər verdi.

Xaliq B:

- Elə şey yoxdur. Milli Şuranın qərarı var.

Ədalət T:

- Milli Şuranın qərarı post-faktum idi.

Xaliq B:

- Fətəli xan Xoyskinin başçılığı ilə Milli Şura iclas keçirib, 3 nəfər də əleyhinə olub. Fətəli xan orda deyib ki, İrəvanı ermənilərə vermək bizim üçün əskiklikdir, ağrılıdır. Ancaq başqa yol yoxdur.

Ədalət T:

- Ermənilərlə konfederasiya yaratmaq məsələsi var idi.

Xaliq B:

- Nərimanov da deyirdi ki, Ermənistan da, Azərbaycan da eyni dövlətdir. Ona qalsa Demokratik Respublika da aldanıb, Nərimanov da. Nərimanov 1923-cü ildə öyrəndi ki, Leninin başçılığı ilə 6 nəfər yığışıb Dağlıq Qarabağı ermənilərə verib. Onda Leninə təhqiramiz teleqram göndərdi və Dağlıq Qarabağın ermənilərə verilməsinin qarşısını aldı.

“Mirzəbala Məmmədzadə Nərimanovu kommunist, sosialist saymırdı, kapitalistlərin qapı qulu adlandırırdı”

Nərimanov həyat yoldaşı Gülsüm xanımla
Nərimanov həyat yoldaşı Gülsüm xanımla


Şahnaz B:

- Söhbətə Firdovsiyə Əhmədova qoşulur. Ondan soruşaq ki, Nərimanov kimdir, milli dövləti satan, yoxsa dəyərli dövlət xadimi?

Firdovsiyə Əhmədova:

- Sualı bu şəkildə qoymaq düz deyil. Nərimanovun yaşadığı dövrdə millətin sabahını düşünən insanlara “xain” və ya başqa yarlıklar asmaq düz deyil. Məsələ ondadır ki, Nərimanov Azərbaycan tarixində ilklərə imza atan çox az insanlardandır. Bir çox istiqlalçı kimi Nərimanov da bütün həyatını nəinki Azərbaycanın, bütün Şərq xalqlarını köləlikdən qurtarmağa həsr edib. Heç bir şəxsiyyəti, heç bir prosesi tarixi kontekstdən ayıraraq düzgün qiymət vermək olmaz. Burda söhbət ondan getmir ki, kimsə tarixi şəxsiyyətə vəkillik etsin.

Söhbət

Nərimanovun həyat yoldaşı Gülsüm xanım uşaqlıqda
Nərimanovun həyat yoldaşı Gülsüm xanım uşaqlıqda

ondan gedir ki, o tarixi şəraitdə həmin adamların atdığı addımın motivini anlayaq. Vaxt vardı Mirzəbala Məmmədzadə Nərimanovu kommunist, sosialist saymırdı, kapitalistlərin qapı qulu adlandırırdı, Tağıyevə mədhiyyə yazan birisi hesab edirdi. Nərimanov yazırdı ki, cəmiyyətin məktəb, mətbuat, maarif, mədəniyyət yolu ilə tərəqqi edəcəyini düşünürdüm. Çünki Avropa bu yolu keçərək o səviyyəyə çatmışdı. Amma görəndə ki, mədəni, elmi-texniki tərəqqi yolu keçmiş Avropa ölkələri Birinci Dünya Müharibəsində qanlara bais oldular, əqidəsini dəyişib. Sosial-demokratlığın bolşevik platformasını qəbul edib. Burda da onu cəlb edən xalqların öz taleyini təyin etmək hüququ olub.

Şahnaz B:

- Xalqların öz taleyini təyin etmək hüququndan danışırsız, amma Nərimanov onu da deyirdi ki, Azərbaycanın gələcəyi Rusiyaya bağlıdır.

Firdovsiyə Ə:

- Daha doğrusu, Sovet Rusiyası ilə ittifaqda görürdü. Söhbət sovet Rusiyası ilə onlara qarşı duran vahid və bölünməz Rusiya tərəfdarlarından gedirdi. Nərimanov da düşünürdü ki, sonuncular qalib gəlsələr, yenə də Rusiya imperiyasının bir qarışını da güzəştə getməyəcəklər. Nərimanov da bu zaman üstünlüyü sosializm quruluşlu sovet Rusiyası ilə bərabər hüquqlu ittifaqa verirdi. Amma bu o demək deyil ki, Lenin və ya Stalin Nərimanovun düşündüyü kimi hərəkət etdilər. Məsələ ondadır ki, 1920-ci il mayın 16-da Nərimanov Azərbaycana başçı gətirildi, bir ay sonra o istefa ərizəsini yazdı. O sovet hökumətinə müxalifət oldu.

Ədalət T:

- Gördü ki, hakimiyyəti yoxdur.

Firdovsiyə Ə:

- Bu adam şirma olmaq istəmirdi. O, dəfələrlə mərkəzə istefa ərizəsi yazıb. Hətta bu baş tutmadıqda mərkəzdən, partiyadan gizli olaraq müstəqil qərarlar qəbul edib. Cümhuriyyət xadimlərinin əşyalarının məbləğinin qaytarılması haqda sənəd imzalamışdı. ADR ziyalılarının təqiblərdən qurtarması, xaricə göndərilməsi üçün yardım göstərmişdi.

“Amma bizim Cümhuriyyəti quranlar nə aldandı, nə peşman oldu”

Ədalət T:

- Nərimanov bağışlana bilməz, Leninin, Stalinin maşası oldu, bir ay sonra başa düşdü ki, ona hakimiyyət verilməyib. Bu zaman müxalifətçi oldu. Özünü də, Cümhuriyyəti də, milləti də bədbəxt etdi. Amma bizim Cümhuriyyəti quranlar nə aldandı, nə peşman oldu. O deməkdir ki, tarixdə Nəriman Nərimanovun yeri onların ayağının altıdır.

Xaliq B:

- Nərimanov şəxsiyyət idi. Yenilmədi. Sona qədər öz ideyalarına bağlı qaldı. Öz ideyaları uğrunda şəhid oldu.

Ədalət T:

- Nərimanova şəhid ifadəsi yaramır.

Firdovsiyə Ə:

- Cümhuriyyətin süqutunu Nərimanova bağlamaq olmaz, o dövrdə Qafqaz uğrunda savaş gedirdi...

izlə

XS
SM
MD
LG