Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:19

Çörəyimizə itlər, dərdimizə pişiklər şərik çıxandan...


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Nigar An


***

Çörəyimizə itlər,
Dərdimizə pişiklər şərik çıxandan
şeir yazmağa başladıq.
Gözlədik...
Gözləməkdən gözümüzün kökü saralsa da
heç vaxt yaşıl olmadı.
Bizə heç vaxt yaşıl işıq yanmadı.
Bayaqkı dilənən qadın
iki yanmış nəvəsinə,
ölmüş ərinə, qızına,
məhbəsdəki tək oğluna ağlayaraq
həm acından, həm də dərddən qarnını qucaqladı.
Bizdə sevinc "qırmızı kitab"a düşüb,
dərd bizdə qucaqladı.
Fəlsəfi roman kimi ağır oxunduq.
Bir az ac idik, bir az aciz...
Üzümüzə tüpürdülər.
Suyun gəlməyən vaxtında
buna da şükür edib "sağ ol" dedik.
Bir az yox idik, bir az yoxsul...
Cibimizdəki siçanlar
qarnımızın qurultusuna şalaxo oynayırdı.
Gözlədik, gəlmədilər...
Gedənlər qalanlardan daha vəfalıdırlar.
O qədər vəfalıdırlar ki,
getdikləri yerə sadiq qalıb heç vaxt qayıtmadılar....
Biz daha gözləmirik.
Çıxıb getməyə qərar verdik
vəfalı olmaq üçün...


***


Küçə itləri qədər yalnız və veyil,
Sonuncu siqaret kötüyü qədər
boynubükük və yarımçığam indi...
Birgə keçirdiyimiz əzaba and olsun,
indi səni unutmağa cəhd etmirəm.
Məsələn, şeir yazmıram,
Gecələr yatmağa tələsmirəm,
Xatirələrdən qorxmuram...
Bilirsən, elə vacib işlər var ki,
Səni unutmağa vaxtım yoxdur, əzizim.
Bir azdan çıxıb göyərçinləri yemləməliyəm,
Sonra o qadına baş çəkməliyəm -
dərdini danışıb sənin görüşünə məni yubadan
adını bilmədiyim o dilənçi qadını deyirəm.
Hələ onu qucaqlayıb hönkürməliyəm,
bir - iki kif atmış təsəlli verib kiritməliyəm.
Sonra fikirli - fikirli gedib
yolüstü özümü maşının altına salmalıyam.
Qorxma, elə - belə şeydi, bir az əzildim -
sən lap bərk əzmişdin ruhumu...
Hə... Sonra səfil, qoca Valodyaya
kəsik - kəsik nəsə deməyə çalışmalıyam,
hürküb qaçmalıdır.
İçki içmirəm mən, ona görə
Valodyayla dost ola bilmirəm, qorxur məndən.
Unudanları sevirəm, əzizim.
Onlar fitri istedad sahibidir.
Mən isə ancaq sevməyə,
Küçə itləri qədər yalnız və veyil,
Sonuncu siqaret kötüyü qədər
boynubükük və yarımçıq olmağa yarayıram...
XS
SM
MD
LG